Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin yekun nəticələrini elan edib

img

11-01-2010 [05:03]


Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərinə yekun vurub və nəticələri elan edib. Bu gün keçirilən iclasda MSK sədri Məzahir Pənahov bildirib ki, səsvermədən sonra MSK-ya 1718 protokol daxil olub və bu protokolların hər biri araşdırılıb. Onun sözlərinə görə, araşdırma ümumi şəkildə və hərtərəfli qaydada MSK üzvləri və katibliyin əməkdaşları tərəfindən yüksək səviyyədə həyata keçirilib. MSK katibi Natiq Məmmədov isə bildirib ki, dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində ölkə üzrə seçicilərin 32.4 faizi iştirak edib. MSK katibi seçkilərdə irəli sürülən namizədlər, bələdiyyə yerləri ilə bağlı statistik məlumatları iclas iştirakçılarının diqqətinə çatdırıb: "Seçkilər qanunvericiliyin tələblərinə uyğun keçirilib və 31 minə yaxın namizəd iştirak edib. Səsverməyə kimi və sonra bütün çatışmazlıqlar aradan qaldırılıb. Seçkilərin nəticələrinin vaxtında və sürətlə açıqlanması üçün bütün tədbirlər görülüb. Daxil olan protokollar qanunvericiliyə uyğun olaraq 20 gün müddətində araşdırılıb. Təəssüf ki, bəzi məntəqə seçki komissiyalarının təqdim etdiyi nəticələrin etibarsızlığı üçün əsaslar yaranıb. Bəzi məntəqə və dairə seçki komissiyalarının da fəaliyyəti qanunun tələblərinə uyğun olmayıb. Araşdırmalar zamanı bəzi məlumatların prokurorluq orqanları tərəfindən araşdırılması zərurəti də ortaya çıxır. Bəzi məntəqələrdə seçkilər qanunauyğun keçirilməyib, seçicilərin iradəsini müəyyən etmək mümkün olmayıb. Buna görə də ümumilikdə 33 seçki məntəqəsində və 9 bələdiyyə üzrə keçirən seçkilərin nəticələri ləğv edilib. Bunlar Qusar rayonu Uluq, Quba rayonu Ağgül, Sabirabad rayonu Şəhriyar, Masallı rayonu Boradigah, İmişli rayonu Mərzəli, Qızılkənd və Sarxanlı, Şəfəq və Naftalan bələdiyyələridir. Bu bələdiyyələrə keçirilən seçkilərin nəticəsində seçicilərin iradəsini müəyyən etmək mümkün olmayıb. Buna görə də həmin bələdiyyələrə seçkilər baş tutmamış sayılıb. Ümumilikdə, 18 seçki məntəqəsinin, 2 Dairə Seçki Komissiyasının tərkibi tam buraxılıb, 2 DSK sədrinin isə öz vəzifəsinə uyğun gəlmədiyi bildirilərək vəzifəsindən uzaqlaşdırılıb?. N.Məmmədov seçki prosesində bəzi pozuntularla bağlı prokurorluq orqanlarının araşdırma aparmasının vacib olduğunu bildirib və materialların prokurorluğa təqdim ediləcəyini də vurğulayıb. MSK-nın üzvü Akif Qurbanov isə seçkilərdə namizədlərin qeydə alınma, təbliğat-təşviqat, səsvermə və digər mərhələlərinin ciddi qanun pozuntuları müşahidə olunmaqla keçirildiyini bildirib. O bu qanun pozuntularının məqsədli olaraq həyata keçirildiyini və MSK-nın bu pozuntuların aradan qaldırılması üçün heç bir addım atmadığını qeyd edib. A.Qurbanov seçkilərlə bağlı yekun protokola imza atmayacağını bildirib və həmkarlarını da buna çağırıb. MSK sədri Məzahir Pənahov isə çıxışında bildirib ki, seçkilərin keçirilməsində təmsil etdiyi qurum öz işinin öhdəsindən gəlib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA