Yanvarın 1-dən elektrik enerjisi, təbii qaz və su təchizatının dayandırılması fərdi qaydada həyata keçiriləcək

img

03-01-2010 [03:16]


Yanvarın 1-dən etibarən ölkədə bir sıra yeni qanun və qaydalar qüvvəyə minib. Onlardan biri elektroenergetika, qaz, su təchizatı və tullantı suları haqda qanunlara əlavə və dəyişikliklərə əsasən bundan sonra istehlakçıların elektrik enerjisi, təbii qaz və su təchizatının dayandırılması fərdi qaydada həyata keçiriləcək. Həmçinin fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi təchizat müəssisəsinin hesabına həyata keçiriləcək. Artıq dövlət büdcəsi haqqında qanunun icrasına başlanılıb. 2010-cu ildə büdcə gəlirləri 10 milyard 15 milyon manat, xərcləri isə 11 milyard 264 milyon manat proqnozlaşdırılır. Büdcə kəsirinin isə 1 milyon 249 min manat olacağı gözlənilir. Bu gün həmçinin vergi məcəlləsinə edilən əlavə və dəyişikliklər də qüvvəyə minir. Dəyişikliklərə əsasən əsasən 2010-cu ildən şəxsi gəlir vergisinin maksimum dərəcəsi 35 faizdən 30 faizə endiriləcək. Yəni aylıq gəlirin 2000 manata qədər hissəsi vergiyə 14, bundan yuxarı hissəsi isə 30 faizlə cəlb olunacaq. Bununla yanaşı, məcəlləyə yeni əlavə də təklif edilir. Bu halda sadələşmiş vergi ödəyicisi olmayan fiziki şəxslər qazancdan 20 faiz vergi ödəyəcək. Bununla da sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslərin vergi dərəcələri eyniləşdirlir. Milli Məclisin qəbul etdiyi əmək pensiyaları haqqında qanuna dəyişikliklərin icrası da bu günə təsadüf edir. Sənədə əsasən qadınların pensiyaya çıxma yaşının 57-dən 60-a, kişilərinsə 62-dən 63-ə qaldırılır. Amma bu yaş artımı birdəfəyə reallaşmayacaq. Belə ki, qadınların yaş həddi 2010-cu il yanvarın 1-dən 2016-cı il yanvarın 1-nə qədər, kişilərin yaş həddi isə 2010-cu il yanvarın 1-dən 2012-ci il yanvarın 1-nə qədər hər il altı ay artırılır. Bunlarla yanaşı, əmək pensiyası almaq imkanı əldə etmək üçün tələb olunan sığorta stajının minimum həddi 5 ildən 12 ilə qaldırılır. Artıq Azərbaycanda 2010-cu il üçün ehtiyac meyarının həddi haqqında qanun tətbiq olunmağa başlayıb. Yeni qanuna əsasən bu il üçün ehtiyac meyarının həddi 60 manat müəyyənləşib. Yanvarın 1-dən 2010-cu il üçün yaşayış minimumu ölkə üzrə 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən edilib. Yeni ilin ilk günündən çoxuşaqlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədi ilə uşağın anadan olmasına görə sosial müavinət 50 faiz artırılaraq 75 manat müəyyən olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA