Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov həmrəylik günü münasibətilə tədbir keçirib

img

29-12-2009 [01:06]


Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə 2009-cu ilin 28 dekabr tarixində Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyində tədbir keçirilib. Azərbaycanın Rumıniyadakı Səfirliyindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, tədbirə Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, Heydər Əliyev Fondu-Rumıniya nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyası, Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatası, ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyinin rəhbər və idarə heyətləri, üzvləri iştirak ediblər. Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Eldar Həsənov tədbiri giriş sözü ilə açaraq Azərbaycanlıları həmrəylik günü münasibətilə təbrik etmişdir. Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 dekabr günü ilə əlaqədar dünya azərbaycanlılarına müraciətinin mətni ilə iştirakçıları tanış edən səfir E.Həsənov, müraciətdə də qeyd olunduğu kimi ilk dəfə bu günün qeyd olunmasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırmışdır. Heydər Əliyevin siyasətinin bu gün də prezident İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirildiyini söyləmişdir. Xarici ölkələrdəki, eyni zamanda Rumıniyadakı azərbaycanlılara, onların problemlərinin həllinə münasibətdə həmişə dövlət qayğısının olduğunu vurğulamışdır. Azərbaycanın gündən-günə inkişaf etdiyini, düşünülmüş iqtisadi siyasət nəticəsində dünya maliyyə və iqtisadi böhranının nəticələrinin ölkəmizdə minimuma endirildiyini diqqətə çatdırmışdır. Azərbaycan dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində atdığı addımlar, keçirilən görüşlər barədə məlumat vermişdir. Səfir E.Həsənov Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatasının il ərzində apardıqları fəaliyyətini yüksək qiymətləndirərək, onların iki ölkə arasında dostluq, əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində böyük töhfələri və xidmətləri olduğunu qeyd etmişdir. Görülən işlərin daha da intensivləşdirilməsinə ehtiyac duyulduğunu vurğulamışdır. 2009-cu ildə Rumıniya-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində səfirlik tərəfindən aparılan işlər, əldə olunan nailiyyətlər barəsində ətraflı məlumat vermişdir. 28-29 sentyabr tarixlərində Azərbaycan prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfəri çərçivəsində imzalanmış və bütün sahələri əhatə edən strateji tərəfdaşlıq Sazişini ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafında yeni mərhələ adlandırmışdır. Bu günə qədər Rumıniyanın belə məzmunda yalnız ABŞ və Fransa ilə strateji tərəfdaşlıq sazişi imzaladığını və bu faktın Azərbaycanla münasibətlərə verilən əhəmiyyətin göstəricisi olduğunu bildirmişdir. Tədbirin sonunda Azərbaycan prezidenti İlham Əliyevin 31 dekabr günü ilə əlaqədar Dünya Azərbaycanlılarına müraciətinin mətni iştirakçılar arasında yayılmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA