Şəmsəddin Hacıyev Ramiz Mehdiyevin göstərdiyi iradları düzəltməyə çalızır

img

26-12-2009 [10:46]


Dekabrın 26-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ?İctimai və humanitar elmlər: zaman kontekstində baxış? məqaləsinə həsr olunmuş iclas keçirilib. Milli Məclisin elm və təhsil komitəsinin sədri, ADİU-nin rektoru, professor Şəmsəddin Hacıyev Azərbaycanın son illər dünyada ən dinamik inkişaf edən ölkələrdən biri olduğunu vurğulayaraq qeyd edib ki, respublikamızın iqtisadi yüksəlişi və keçid mərhələsinin başa çatması ölkəmiz qarşısında yeni hədəflər müəyyənləşdirmişdir. Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar ölkədə təhsilin, elmin inkişafı üçün əlverişli şərait yaratmaqla yanaşı, humanitar və ictimai elmlər qarşısında da mühüm vəzifələr qoymuşdur. Ölkə iqtisadiyyatının keçid dövrünün başa çatması ilə bağlı nəzəri fikirlərini iclas iştirakçıları ilə bölüşən rektor bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin həmin bəyanatı çox mühüm hadisə kimi qiymətləndirilməlidir. Bu, yalnız iqtisadi əhəmiyyət kəsb edən bir məsələ olmayıb, eyni zamanda, çox ciddi nəzəri-metodoloji problemdir. Mən deyərdim ki, keçid dövrünün başa çatması bəyanatı bəlkə də siyasi müstəqilliyimiz qədər əhəmiyyət kəsb edən bir məsələdir. Çünki iqtisadi cəhətdən ölkə müstəqil olmasa, heç bir siyasi müstəqillikdən danışmağa dəyməz. Rektor vurğulamışdır ki, artıq başa çatmış keçid dövrünün yekunlarından nəticə çıxarılmalı və cəmiyyət üçün aktuallaşan müasir nəzəri konsepsiyalar, təkliflər hazırlanmalı və dissertasiya mövzularının seçimində müasir dövrün tələbləri mütləq nəzərə alınmalıdır. Rektor demişdir ki, bazar iqtisadiyyatı şəraitində dayanıqlı iqtisadi inkişafın təminatı ilk növbədə elmin müasir tələblərə uyğunlaşdırılmasını tələb edir. Bu sahədə mövcud problemlərin qısa zamanda həlli yollarının müəyyənləşməsi üçün Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tərəfindən qarşıda ciddi və məsul vəzifələr qoyulmuşdur. Məqalədə haqlı olaraq qeyd olunur ki, bu gün elm sahəsində uğurlarla yanaşı, ciddi problemlərimiz də vardır və bu məsələlər öz həllini gözləməkdədir. Ş.Hacıyev bildirmişdir ki, Prezident Administrasiyasının rəhbəri elm sahəsində bu gün yaranmış vəziyyəti ciddi təhlil etmişdir. Akademik Ramiz Mehdiyev haqlı olaraq yazır ki, müdafiə olunan dissertasiyaların böyük bir qismində sanballı elmi tutum və yeni elmi qənaətlər yoxdur. Belə faktların sayı durmadan artır. Təəssüf ki, bütün bu proseslərdə elm və təhsil müəssisələrinin bir sıra əməkdaşları iddiaçılara hazır dissertasiyaları təklif edirlər. Paradoksal haldır ki, elm xadimlərinin özləri elmin paklığını qorumaq əvəzinə, təsadüfi adamların elmi adlar almasına rəvac verir, belə işləri elmi şuralarda yekdilliklə dəstəkləyirlər. Prezident Administrasiyası rəhbərinin bu fikirləri elmi müəssisələrlə yanaşı, təhsil ocaqları qarşısında da mühüm vəzifələr qoyur. İclasda mövzu ilə bağlı keçirilən müzakirələrdə universitetin prorektoru, professor Əvəz Bayramov, kafedra müdirləri-professorlar Hidayət Cəfərov, Məmmədhəsən Meybullayev, Tofiq Quliyev və başqaları çıxış edərək məqalədə qaldırılmış məsələlərlə bağlı fikirlərini bölüşmüş, humanitar və ictimai elmlər sahəsində burada göstərilmiş tənqidi fikirlərin obyektivliyini vurğulamış, mövcud nöqsanların aradan qaldırılması ilə bağlı rəy və təkliflərini bildirmişlər. İclasa yekun vuran rektor akademik Ramiz Mehdiyevin qeyd olunan məqaləsində göstərilmiş nöqsanların, mövcud çatışmazlıqların aradan qaldırılması məqsədi ilə tədbirdə səslənmiş təkliflər ümumiləşdirilərək müvafiq orqanlara təqdim olunacağını vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA