imizlidə müqəddəs gündə kütləvi etiraz aksiyası olacaq

img

26-12-2009 [02:19]


"İmişli rayon icra hakimiyyətinin başçısı Əbülfəz Ağayevlə müavini Səfa Ağayev 23 dekabr-bələdiyyə seçkilərində dünyada analoqou olmayan "cinayətlərə" imza atdı. Belə ki, 79 saylı DSK-da seçicilərin əsas səslərini toplamış bələdiyyə üzvlüyünə namizədlərin səsləri saxtalaşdırılaraq, İmişlini idarə edən bir qrup şəxslər arasında bölüşdürüldü". Bu sözlər İmişli rayon sakinlərinin redaksiyamıza göndərdiyi məktubda yazılıb. Sakinlərin bildirdiyinə görə, başçı ilə müavinin tərtib etdiyi siyahı əsasında qutudan "qalib" çıxarılanların heç biri həqiqi seçkinin qalibləri deyil: "Bu seçki cinayətkarlığının başında İmişli rayon İcra Hakimiyyətinin başçısı Əbülfəz Ağayev, müavini, YAP rayon təşkilatının sədri Səfi Ağayev və 79 saylı DSK-nın sədri Sabir Yaqubov durub. Onlar başçının təsdiq etdiyi qeyri-qanuni siyahı əsasında arzuladığı şəxslərin saxta yolla bələdiyyə üzvü seçilməsini təmin ediblər". Yeni bələdiyyə üzvlərinin də rayonun tanınmış "oliqrax"larının yaxınları olduğunu deyən sakinlər faktlara keçib: "Məsələn, qutudan qalib çıxarılanlardan biri Günel Bəşirovadır ki, onun atası da rayon təhsilini bərbad günə qoyan təhsil şöbəsinin müdiri Ramiz Əmirovdur. Yeni "seçilmiş" Mətanət adlı xanım isə İmişliyə yeni köçüb. Atası Gülşad uzun müddət prokuror işləyib, indi isə vəkildir. Digər "qalib" Xuduş Məmmədov İmişli rayonunda qeydiyyatda olsa da, son 10 ildə rayonda yaşamayıb, Bakı da "göydələn"lər tikənin varisidir. Şükür Aslanov isə deputat Xanhüseyn Kazımlının əmisi oğludur və onun maliyyə mənbələrindən biri "Aryon" asfalt şirkətinin təsisçisidir ki, o da icra başçısı Əbülfəz Ağayevin "sağ əli"dir. Daha bir "seçilmiş" Murad Heydərov isə İmişli Ət Kombinatının, həmçinin rayondakı iri karxananın sahibi, bir sözlə, böyük bizneslə məşğul olan Əlif Heydərovun qardaşıdır. Bələdiyyəyə üzv "seçilmiş" digər iki qadına gəldikdə, deyə bilərik ki, bu, Əli Əhmədovun sifarişidir. Gözəl Səfərovanın yaşı 70-dən yuxarıdır, eyni zamanda, o, Əlif Heydərovun müavinidir. Göründüyü kimi, bələdiyyə üzv "seçilənlər"in əksəriyyəti təsadüfi adamlar deyil". Sakinlər onu da bildirib ki, bu qanunsuzluqlara görə, dünəndən İmişli rayon İcra Hakimiyyətinin binası qarşısında aclıq aksiyasının başlanmasına qərar veriblər: "Aşura günü isə övladlarımız da bizə qoşularaq, haqsızlıqlara qarşı mübarizəyə başlayacağıq. Əsas tələbimiz icra başçısı Əbülfəz Ağayevlə Səfa Ağayevin istefaları ilə bərabər, rayonda bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və təkrar seçkilərin keçirilməsidir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA