TQDK MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına qəbul imtahanının ikinci mərhələsini keçirir

img

25-12-2009 [01:07]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2009-cu il dekabrın 25-də ali məktəblərin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına qəbul imtahanının ikinci mərhələsini keçirir. Qəbul haqqında elan, qəbul qaydaları, ixtisaslar, qəbul imtahanının proqramları və tövsiyə olunan ədəbiyyat siyahısı ?Magistr? jurnalının 8-ci sayında dərc edilmiş, qəbula dair məlumatlar TQDK-nın internet səhifəsində yerləşdirilib. Sənədlərin qəbulu noyabrın 26-dan dekabrın 4-dək aparılıb. Qəbul imtahanının birinci mərhələsi dekabrın 19-da keçirilmiş, sənəd vermiş 547 bakalavrdan 479 nəfəri imtahanda iştirak edib. Nəticələrə əsasən MBA və TEMPUS beynəlxalq proqramları üzrə 190 nəfər qəbul imtahanının ikinci mərhələsində iştirak hüququ qazanıb. Həmin bakalavrlar dekabrın 22-dən etibarən internetlə öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "İmtahana buraxılış vərəqəsi"ni çap ediblər.  Qəbul imtahanının ikinci mərhələsi Azərbaycan Beynəlxalq Universitetinin binasında saat 14:00-da başlanır, 1 saat 30 dəqiqə müddətində aparılır.  Bu mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla yoxlanılır. İmtahanın nəticələri TQDK-nın internet səhifəsində yerləşdiriləcək. Seçdiyi ixtisasların hər hansı biri üzrə müsabiqədə iştirak etmək üçün bakalavrın iki mərhələ üzrə imtahanlardan topladığı ümumi bal (ballarının cəmi) 75-dən, o cümlədən ixtisas üzrə testdən topladığı bal 20-dən az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün bakalavrın ingilis dilindən topladığı bal 15-dən az olmamalıdır. Ümumi balı eyni olan iki və daha çox bakalavrın hamısını qəbul planı çərçivəsində yerləşdirmək mümkün olmadıqda, aşağıdakı ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır: - ixtisas üzrə testdən toplanılan bal; - məntiqi təfəkkürü yoxlayan testdən toplanılan bal; - xarici dil üzrə testdən toplanılan bal; - bakalavr pilləsi üzrə orta qiymət balı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA