23-12-2009 [01:57]
Dekabrın 22-də AMEA Rəyasət Heyətinin binasında Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının yeni tərkibdə ilk iclası olub. Milli Məclisin, Nazirlər Kabinetinin, Təhsil Nazirliyinin nümayəndələrinin, rabitə və informasiya texnologiyaları, sənaye və energetika nazirlərinin, bir sıra ali məktəblərin rəhbərlərinin, AMEA Rəyasət Heyəti üzvlərinin, respublikanın aparıcı alimlərinin iştirak etdiyi iclasda ölkənin elmi ictimaiyyəti üçün çox mühüm məsələlər müzakirə olunub.
Azərtacın xəbərinə görə, AMEA-nın prezidenti akademik Mahmud Kərimov iclasda məlumat verib ki, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikada genişmiqyaslı uğurlu islahatlar həyata keçirilir, bütün sahələrdə sürətli inkişaf müşahidə olunur. Bütün bunlar elmin, alimlərin qarşısında yeni vəzifələr qoyur. Dövlət başçısının ?Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya?nın və ?Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı?nın təsdiq edilməsi haqqında? 4 may 2009-cu il tarixli Sərəncamında bu vəzifələr öz əksini tapmışdır. Onları yerinə yetirmək üçün biz elmi potensialı səfərbər etməliyik. Bu işdə isə Əlaqələndirmə Şurası aparıcı rol oynamalıdır.
AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimov ?Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının həyata keçirilməsi haqqında? məruzə edibr. Məlumat verib ki, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün AMEA Rəyasət Heyətinin qərarı ilə əlaqədar orqanların nümayəndələrindən ibarət işçi qrup yaradılıb. Qrup indiyədək iki iclas keçirmişdir. İlk növbədə prioritet elmi istiqamətlərin müəyyənləşdirilməsinə diqqət yetirilmişdir. Natiq xatırlatmışdır ki, həmin məsələ Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bu yaxınlarda mətbuatda dərc edilmiş ?İctimai və humanitar elmlər: zaman kontekstində baxış? məqaləsində də öz əksini tapmışdır.
A.Həşimov bildirmişdir ki, bununla yanaşı, avqustda Azərbaycanda hüquq elmində prioritet istiqamətləri müəyyənləşdirmək üçün işçi qrup yaradılmışdır. Prioritet elmi istiqamətlər müəyyənləşdirilərkən nazirliklərin təklifləri də nəzərə alınmışdır.
Məruzəçi elmin istiqamətləri üzrə əlaqələndirmə şuraları qarşısında qoyulmuş vəzifələrdən, illik hesabatların hazırlanmasından da danışmış, nəzərdə tutulmuş tədbirlər planı haqqında söz açmışdır. Plan 30 bənddən ibarətdir və çox mühüm vəzifələri əhatə edir.
AMEA Rəyasət Heyəti elmi-təşkilat şöbəsinin rəisi Əminağa Sadıqov akademiyada, respublikanın digər elmi tədqiqat və ali təhsil müəssisələrində aparılan elmi tədqiqatların yekunlarına dair hesabatlar haqqında məlumat vermişdir.
Yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması, elmin istiqamətləri üzrə əlaqələndirmə şuraları haqqında məruzələr dinlənilmişdir.
Müzakirələrdə akademiklər Əhliman Əmiraslanov, Akif Hacıyev, Asəf Nadirov və başqaları iştirak etmişlər.
Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ?İctimai və humanitar elmlər: zaman kontekstində baxış? məqaləsində irəli sürülmüş tənqidi fikirlərlə razılaşdığını bildirmiş və vurğulamışdır ki, məqalə Azərbaycanda elmin bütün istiqamətlərində çalışan insanları düşündürür, elmimizdə dönüş yaratmaq üçün müəyyən tezislərin əsasıdır. Nazir təklif etmişdir ki, elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi işinə bu sahədə beynəlxalq təcrübəsi olan tanınmış məsləhətçi şirkətlər cəlb edilsin. Dünyada belə şirkətlər çoxdur.
Nazirlər Kabineti Aparatının elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri İsmayıl Sadıqov qeyd etmişdir ki, bu gün Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı çox mühüm bir məsələ müzakirə olunmuşdur. Milli Strategiya, Dövlət Proqramı elmimizin inkişafı üçün istiqamətverici bir sənəd kimi böyük əhəmiyyətə malikdir. Strategiya elmi müəssisələrdə fəaliyyət proqramı olmalı, mütəxəssislərin stolüstü kitabına çevrilməlidir. Sənəd çoxəhatəli və məzmunludur.
Şöbə müdiri Strategiya və Dövlət Proqramının yerinə yetirilməsi ilə bağlı tədbirlər planı barədə mülahizələrini bölüşmüş, tövsiyələrini vermişdir. Vurğulamışdır ki, bu sənəddə nəzərdə tutulanlar vaxtında reallaşdırılmalıdır. Doğrudur, dövlət lazımi köməyini əsirgəməyəcəkdir, lakin elmin, təhsilin də potensialı səfərbərliyə alınmalı, elmin, təhsilin, istehsalatın vəhdəti təmin edilməlidir. Strategiyanın da başlıca tələblərindən biri məhz elə budur. Natiq yüksəkixtisaslı elmi kadrların hazırlanması ilə əlaqədar fikirlərini diqqətə çatdırmışdır.
Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev xüsusilə iqtisad elmi sahəsində çalışan alimlərin zamanla ayaqlaşmasının zəruriliyini vurğulamış və qeyd etmişdir ki, bu sahədə Azərbaycan Prezidenti İlham Əliyev onları xeyli qabaqlayır. Komitə sədri demişdir: ?Məsələn, Prezident regionların inkişafı ilə əlaqədar Dövlət Proqramının yerinə yetirilməsindən danışarkən ciddi konseptual bir müddəa irəli sürmüşdür: Azərbaycanda ilkin kapital yığımı başa çatmışdır. Bir qədər sonra daha bir fikir söyləmişdir: Azərbaycanın özünəməxsus, bənzərsiz milli iqtisadi inkişaf modeli formalaşmışdır. Yeri gəlmişkən, bu model dünya iqtisadçılarının diqqətini cəlb etmişdir. Bu yaxınlarda dövlətimizin başçısı daha bir konseptual ümumiləşdirməni cəmiyyətə bəyan etdi: Azərbaycanda keçid dövrü başa çatmışdır. Təəssüf ki, bunlar hələ araşdırılmamışdır, biz iqtisadçı alimlər bu sahədə ciddi bir iş görməmişik. Gördüyümüz işlər isə o qədər də nəzərə çarpmır?. Rektor Elm Fonduna ayrılmış vəsaitin xərclənmə mexanizminin olmamasından da narahatlığını ifadə etmiş, kadr hazırlığından danışmışdır.
İclası yekunlaşdıran akademik Mahmud Kərimov demişdir ki, irəli sürülən təkliflər müvafiq işçi qrupu tərəfindən öyrənilib ümumiləşdiriləcəkdir.