Əfv fərmanı imzalanacaq?

img

20-12-2009 [05:56]


Qarşıdan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni təqvim ili gəlir. Ölkədə bayram əhval-ruhiyyəsinin yaranması növbəti əfv fərmanı ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Dövlət Əfv Komissiyasının öz iclaslarını keçirməsi bu ehtimalı bir qədər də artırıb. Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə qəzetimizə açıqlamasında bu xəbəri təsdiqlədi: "Mənə elə gəlir ki, qarşıdan gələn bayramlar münasibətilə prezident əfv fərmanı imzalayacaq. Bizə daxil olan məlumatlar, məhbusların verdiyi informasiyalar da bunu təsdiqləyir. Əfv Komissiyasının iclaslarının keçirilməsi ümidlərimizi daha da artırıb". Komitə sədrinin sözlərinə görə, Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunda təmsil olan QHT-lər əfv fərmanının imzalanması üçün dəfələrlə Dövlət Əfv Komissiyasına müraciət ediblər: "Təxminən 10 gün öncə Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı ilə birlikdə rəsmi qurumlarla əlaqə yaratdıq. Bəzi şəxslərlə müəyyən görüşlərimiz də oldu. Rəyimizi yazılı şəkildə komissiyaya təqdim etdik. Hüquq müdafiəçiləri olaraq bəzi məhbusların əfv olunmasında israr edirik. Söhbət həbsdə olan jurnalistlərdən, xəstə və cəzasının əksər hissəsini çəkmiş məhbuslardan gedir. Eyni zamanda ömürlük azadlıqdan məhrum olunmuş şəxslərlə bağlı da müraciət etmişik. Ömürlük məhbuslarla bağlı problemin müzakirə predmetinə çevrilməsi bizi çox sevindirir". Hüquq müdafiəçisi təqdim etdikləri siyahıda adları yer alan məhbusların əfv olunacağına böyük ümid bəslədiklərini dedi: "2007-2008-ci illərdə prezident əfv fərmanı imzalayarkən qeyd olunurdu ki, Qeyri-Hökumət Təşkilatlarının da rəyi nəzərə alınıb. Bu baxımdan ümid edirik ki, yenə də bizim təkliflər nəzərə alınacaq və müraciətlərimiz müsbət nəticə verəcək". Əfv fərmanı imzalanarkən hazırlanan siyahıda siyasi əqidələrinə görə məhbuslar arasında ayrıseçkilik salınması ilə bağlı ittihamlara gəlincə, Ç.Qənizadə bu barədə deyilənlərin reallığı əks etdirmədiyini vurğuladı: "Bəzən soruşurlar ki, niyə cəzasının eyni hissəsini çəkmiş iki məhbusdan biri azad olunur, digəri bu hüquqdan yararlana bilmir? Amma işlə yaxından tanış olanda görürsən ki, əfv fərmanı imzalananda müəyyən kriteriyalar əsas götürülür. Bu kriteriyalar əsasən səhhət, dəymiş zərərin ödənilməsi, yaş həddi və sairədir. Əfv olunacaq məhbusların siyahısı hazırlanarkən onların siyasi əqidəsi nəzərə alınmır. İnanmaq istərdik ki, bu dəfə əfv fərmanı imzalanarkən təqdim etdiyimiz siyahıda adları yer alan məhbusların əksəriyyətinin adı həmin sənədə düşəcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA