Bu gün Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin vəfatından 6 il ötür

img

12-12-2009 [12:27]


Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda dünyaya gəlib. 1939-cu ildə Naxçıvan pedaqoji texnikumunu bitirdikdən sonra Azərbaycan sənaye institutunun memarlıq fakültəsində təhsil alıb. 1941-ci ildə artıq Naxçıvan muxtar respublikasının xalq komissarları sovetində şöbə müdiri vəzifəsində, 1944-cü ildən isə dövlət təhlükəsizlik orqanlarında çalışıb. 20 il sonra o Azərbaycan SSR nazirlər soveti yanında dövlət təhlükəsizliyi komitəsinin sədr müavini,1967-ci ildən isə sədri vəzifəsində çalışaraq, general-mayor rütbəsinədək yüksəlmişdi. Beləliklə Heydər Əliyev o vaxtkı dövlət təhlükəsizlik komitəsində general rütbəsi almış ilk azərbaycanlı olur. 1969-cu ildən isə Heydər Əliyev Azərbaycan kommunist partiyası mərkəzi komitəsinin birinci katibi seçilərək, respublikaya rəhbərlik etməyə başlayır. Onun rəhbərliyi dövründə, qısa vaxt ərzində Azərbaycan, SSRİ-nin ən inkişaf etmiş və perspektivli respublikalarından birinə çevrilir. İqtisadiyyat, sənaye, kənd təsərrüfatı sahələri sürətlə inkişaf edir. Heydər Əliyevin köməyi ilə yüzlərlə azərbaycanlı gənc xaricə, dünyanın ən inkişaf etmiş və sanballı ali təhsil ocaqlarına oxumağa göndərilir. Bakı kondisionerlər zavodu, indi onun adını daşıyan keçmiş respublika sarayı, neft emalı zavodu, Cəmşid Naxçıvanski adına hərbi akademiya və daha onlarla təhsil ocağı bilavasitə Heydər Əliyevin göstərişi əsasında inşa edilir. 1982-ci ilin dekabrında sovet ittifaqı kommunist partiyası mərkəzi komitəsi siyasi bürosunun üzvü seçilmiş Heydər Əliyev eyni zamanda SSRİ nazirlər soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilir. 1987-ci ilin oktyabrında isə tutduğu vəzifədən istefa verir. Heydər Əliyev 20 yanvar hadisələri ilə bağlı Moskvada bəyanatla çıxış edərək cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edir və sonradan kommunist partiyasından çıxır. 1990-cı ildə Heydər Əliyev Azərbaycana qayıdır və ali sovetin deputatı seçilir. 1991-93-cü ilərdə Naxçıvan muxtar respublikası ali məclisinin sədri, Azərbaycan respublikası ali soveti sədrinin müavini vəzifəsində çalışır. 1992-ci ildə Yeni Azərbaycan partiyasının (YAP) sədri seçilir. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsi təhlükəsi yarananda Heydər Əliyev bakıya dəvət edilir. İyunun 15-də o Azərbaycan ali sovetinin sədri seçilir, iyulun 24-dən isə prezidentin səlahiyyətlərini icra etməyə başlayır. 1993-cü il oktyabrın 3-də birinci, 1998-ci ilin oktyabrın 11-də isə ikinci dəfə böyük səs çoxluğu ilə Heydər Əliyev Azərbaycan respublikasının prezidenti seçilir. Xatırladaq ki, Heydər Əliyev səhhətindəki problemlərlə əlaqədar 1998-ci ildə Gülhanə hərbi tibb akademiyası, sonrakı illərdə isə Birləşmiş Ştatların Klivlend klinikasına bir neçə dəfə müalicə alır. Son dəfə isə Heydər Əliyevin vəziyyəti 2003-ci ilin avqust ayında pisləşir. O yenidən əvvəlcə Gülhanə hərbi tibb akademiyasında, daha sonra isə Klivlend klinikasında müalicə olunur. 2003-ci il dekabrın 12-də o Klivlenddə ürək çatışmazlığından vəfat edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA