Müsavat Gənclər Təzkilatı Ombudsman Aparatını məhkəməyə verəcək

img

10-12-2009 [02:13]


Xəbər verdiyimiz kimi, bir neçə müxalifyönlü gənclər təşkilatlarının, o cümlədən də Müsavat Gənclər Təşkilatının iştirakı ilə 13 oktyabr 2009-cu il tarixdə Metropolitendə qiymətlərin artırılmasına etiraz əlaməti olaraq aksiya keçirilib. Aksiya zamanı bir neçə gənc qanunsuz olaraq Yasamal Rayon Polis İdarəsinin 27 saylı polis bölməsinə aparılmışdılar. Polis bölməsində gənclərə bölmə rəisinin bilavasitə iştirakı və göstərişi ilə fiziki təzyiqlər edilib. Konkret olaraq Tural Abbaslı, Əhəd Məmmədli və Cəmil Hacıyevə üz və bədən nahiyələrinə zərbələr endirilmişdir. Bu xoşagəlməz olaydan sonra 27 saylı polis bölməsinə Ombudstman aparatından nümayəndələr gələrək zərərçəkmiş gənclərlə görüşərək, onların şikayətlərini qeydə alıb, üz və bədən nahiyələrində yeri qalmış zərbə izlərinin fotoşəklini çəkmişlər. Yasamal Rayon Prokurorluğunda zərərçəkən gənclərin şikayətlərinə baxılmasına baxmayaraq, Ombudsman aparatından prokurorluğa heç bir şikayət faktları və zərbə izlərini əks etdirən fotoşəkillər daxil olmayıb. Gənclərin Ombudsman aparatına bu barədə müraciətinə baxmayaraq, aparatdan həmin şikayət faktlarını və şəkilləri istər zərərçəkən gənclərə, istərsə də Yasamal Rayon Prokurorluğuna təqdim etməkdən imtina ediblər və bunun səbəblərini açıqlamaq istəməyiblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Müsavat Gənclər Təşkilatı bəyan edir ki, Ombudsman aparatının bu əsassız mövqeyi belə davam edərsə, məhkəməyə müraciət ediləcək. Bundan əlavə Müsavat Gənclər Təşkilatı Şurasının şənbə günü keçiriləcək növbəti iclasında yaxın zamanlarda Ombudstman aparatı binasının qarşısında etiraz aksiyasının keçirilməsi müzakirə ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA