TQDK Naxçıvanda canlı video bağlantı iıə elmi-metodiki seminarlar keçirib

img

07-12-2009 [12:32]


Dekabrın 5-i və 6-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Naxçıvan regional bölməsində Komissiyanın məsul əməkdaşları, mütəxəssisləri, ekspertlərinin iştirakı ilə Azərbaycan dili, ədəbiyyat, riyaziyyat və fizika fənləri üzrə elmi-metodiki seminarlar keçirilib. Seminarlarda Muxtar Respublikanın ayrı-ayrı rayonlarının müəllimləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər. TQDK mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, xüsusi internet proqramlarının tətbiqi sayəsində iclas salonundan komissiyanın inzibati binası ilə canlı videobağlantı qurulub. Müzakirələrə komissiyanın rəhbərliyi də qoşulub. Tədbir iştirakçıları TQDK rəhbərliyinə qəbul imtahanlarının təşkili, imtahanda istifadə edilmiş test tapşırıqları, qəbul proqramları barədə fikirlərini, rəy və təkliflərini bildirib, onlar üçün maraq doğuran məsələlərə dair suallar ünvanlayıblar. Komissiyada bildirirlər ki, bu qurumun nəzdində fəaliyyət göstərən elmi-metodiki seminarlar artıq öz işini bu istiqamətdə qurmağa, ölkənin ayrı-ayrı bölgələrində çalışan müəllimlərin, mütəxəssislərin elmi müzakirələrdə iştirakını təmin etmək üçün videokonfranslar təşkil edir. Bununla da, həmin konfranslarda iştirak etmək üçün uzaq yol qət etməyə, əlavə vaxt sərf etməyə ehtiyac olmayacaq. Xatırladaq ki, TQDK-nın nəzdində fənlər üzrə elmi-metodiki seminarlar 1994-cü ildən etibarən fəaliyyət göstərir. Test tərtibi metodikasını təkmilləşdirmək və imtahanların məzmunu ilə bağlı materiallar, eləcə də qəbul imtahanlarına hazırlaşan gənclərə metodiki köməklik üçün vəsaitlər hazırlamaq məqsədilə təşkil olunmuş bu seminarlarda əsasən Milli Elmlər Akademiyasının, elmi-metodiki mərkəzlərin mütəxəssisləri, ali və orta ixtisas təhsili müəssisələrinin nümayəndələri, Bakı və Sumqayıt şəhərlərinin müxtəlif orta ümumtəhsil məktəblərinin fənn müəllimləri iştirak edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA