06-12-2009 [06:10]
Mobil telefonlar artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Ölkəmizdə kiçik yaşlı uşaqdan tutmuş yaşlı insanlaradək hər kəs bu ünsiyyət vasitəsindən istifadə edir. Hətta, bəzən bir nəfərin bir neçə telefondan istifadə etdiyinin də şahidi oluruq. Bəziləri, xüsusilə uşaqlar və gənclər mobil telefondan təkcə ünsiyyət yox, həm də əyləncə vasitəsi kimi yararlanırlar. Lakin mütəxəssislərin fikrincə, mobil telefonlar insan sağlamlığına mənfi təsir göstərir.
Tibb elmləri doktoru, professor Adil Qeybulla qəzetimizə açıqlamasında uzun müddət mobil telefonla danışmağın insan səhhətində mənfi fəsadlar törətdiyini söylədi: "Bu halda ionlaşdırıcı radioaktiv şüalardan söhbət getmir. Burada radio şüalarından söhbət gedir. Radio şüaları çox yüksək tezlikli şüalar olduğuna görə, insan orqaniziminə mənfi təsir göstərir. Bu şüalanmanın tezliyi insan orqanizmindəki bir sıra biokimyəvi proseslərin tezliyi ilə üst-üstə düşdüyündən uzun müddət mobil telefonla danışan insanların səhhətində xeyli problemlər əmələ gəlir. Ümumdünya Səhiyyə Təşkilatının müxtəlif qurumları bu şüaların insan orqanizminə təsirinin az olduğunu iddia edirlər. Bununla bağlı xüsusi sertifikat və standartlar var. Aparılan müşahidələr göstərir ki, bu heç də belə deyil. Mobil telefonun özünün funksiyasında onu bəzi yerlərdə işlətməyin məqsədəuyğun olmadığını görmək olar. Məsələn, yanacaqdoldurma məntəqəsində, tibbi müayinə aparatlarının olduğu yerlərdə mobil telefondan istifadəyə icazə verilmir".
Qulaqlıqlar vasitəsilə mobil telefonda musiqi dinləməyin zərərindən danışan professor, insanlara mobil telefondan az istifadəni tövsiyyə etdi: "Həyatımızı mobil telefonsuz təsəvvür etmək mümkün deyil. Onların yararlılıq dərəcəsi də çoxdur. Sadəcə olaraq, bacardıqca ondan az istifadə etmək lazımdır. Bundan başqa, tanınmış markalardan istifadə etmək daha məqsədəuyğundur. Digər bir problem isə mobil telefonlar vasitəsilə əksər insanların qulaqcıqlardan istifadə etməsidir. Həmin qulaclıqlar bir saatdan artıq qulaqda qalmamalıdır. Əks halda bir sıra fəsadlar törədə bilər. Ürəyi xəstə olan adamların mobil telefonlardan maksimum az istifadə etməsi məsləhətdir. Kiçik yaşlı uşaqların, ana olmağa hazırlaşan qadınların da mobil telefondan uzun müddət istifadəsi tövsiyyə olunmur. Həm də nəzərə almaq lazımdır ki, son zamanlar mobil telefonlar daha yüksək tezlikdə yayılır. Bu isə daha təhlükəlidir. Mobil telefon antenalarının quraşdırılıdığı yerlərdə böyük şüalanma zonası yaranır. Bu isə nəinki insan səhhəti, hətta həmin ərazidə olan bütün fauna və flora üçün də neqativ təsirə malikdir. Bu antenaların infrastrukturunu möhkəmləndirmək, onların sayını azaltmaq və digər təhlükəsizlik tədbirləri görmək lazımdır. Müasir texnologiya ilə mobil telefonların təhlükəsizlik göstəriciləri maksimuma endirilir. Amma insanlar da öz sağlamlıqları naminə qoyulan normativləri gözləməlidir".
"Vital" Tibb Klinikasının baş həkimi, psixoterapevt Mehriban Rzayeva bizimlə söhbətində xarici ölkələrin əksəriyyətində olduğu kimi, ölkəmizdə də uşaqların mobil telefondan istifadəsinə məhdudiyyətlər qoyulmasını təklif etdi. Onun sözlərinə görə, mobil telefonlar uşaqların psixologiyasına mənfi təsir göstərir: "Xarici ölkələrdə uşaqların müəyyən yaş dövrünə kimi mobil telefondan istifadə etməsinə qadağa qoyulur. Uşaqlar adətən mobil telefonlara oyuncaq gözü ilə baxırlar. Beləcə, mobil telefonlar uşaqları digər aktiv oyunlardan təcrid edir. Həm də uşaqlar dərslərinə ayırmalı olduqları vaxtın çoxunu mobil telefona sərf edirlər. Telefonakı oyunlar, SMS yazmaq onların gözlərində əks təsir yaradır və uşağın harmonik inkişafına mane olur. Mən təklif edərdim ki, bizim ölkədə də uşaqlara müəyyən yaşadək mobil telefondan istifadəyə qadağa qoyulsun. Doğrudur, valideynlər uşaqlarına görə narahat olurlar və bu səbəbdən onların mobil telefondan istifadə etməsinin tərəfdarıdırlar. Amma uşaqlar telefonları maksimum özlərindən kənarda tutmağa çalışmalıdırlar".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov rəhbərlik etdiyi təşkilata mobil telefonların keyfiyyətsizliyi ilə bağlı çoxlu sayda şikayətlər daxil oduğunu bildirdi: "Hər gün daxil olan şikayətlərdən ən azı biri bu problemlə bağlı olur. Əsas problemlərdən biri də satılan mobil telefona bütövlükdə deyil, sadəcə, bir neçə hissəsinə zəmanət verilməsidir. Ən çox da keyfiyyəti aşağı olan telefonlara zəmanət az verilir. Şikayətlərə əsasən söyləmək olar ki, istehlakçılar daha çox "Mobitel" şirkətinin təqdim etdiyi telefonlardan narazıdırlar. Bu şirkət istehlakçıların hüquqlarına məhəl qoymur. Ona görə də biz dövlət orqanları ilə iş aparırıq. Azərbaycanın satış bazarında çoxlu sayda saxta mobil telefon var. Saxta telefonların içərisində "Samsung", "Nokia" kimi məşhur markalar da var. Təşkilatımıza daxil olan şikayətlər arasında kommunal xidmətlərdən sonra mobil telefonlar ikinci sırada dayanır".
E.Hüseynov dövlət orqanlarının bu işə ciddi nəzarət etmədiklərini də bildirdi: "Bizə daxil olan şikayətlərin 90 faizini təmənnasız olaraq istehlakçıların xeyrinə həll edirik".