HiV-lə yazayan insanların hüquqlarının təminatı ilə bağlı ictimai müzakirə keçirilib

img

04-12-2009 [06:25]


Dekabr ayının 4-də Ambassador otelində AİDS-lə Mübarizə İctimai Birliyi HİV-lə yaşayan insanların hüquqlarının təminatı ilə bağlı hazırkı vəziyyətə dair ictimai müzakirə keçirib. Müstəqil İnormasiya Agentliyinin xəbərinə görə, BMT-nin HİV/AİDS proqramının (UNAIDS) Azərbaycan nümayəndəliyinin maliyyə dəstəyi ilə keçirilən tədbiri giriş sözü ilə AİDS-lə Mübarizə İctimai Birliyinin sədri Nofəl Şərifov açdı, təşkilatın indiyə qədər həyata keçirdiyi fəaliyyətə dair hesabat xarakterli çıxış etdi və daha sonra müzakirələr əsasən, HİV-li insanlara münasibətdə stiqma və diskriminasiyanın mövcudluğu üzərində quruldu, bununla bağlı konkret misallar ətrafında fikir mübadiləsi aparıldı. Bununla bağlı MİA.az saytına məlumat verən Azərbaycan Zərərin Azaldılması Şəbəkəsinin ictimaiyyətlə əlaqələr və vəkillik üzrə eksperti, Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin sədri Zülfiyyə Mustafayevanın sözlərinə görə, hazırda bütün ölkələrdə HİV-li insanlara münasibətdə stiqma və diskriminasiya mövcuddur, bizim ölkəmiz də bu sıradan kənarda deyil və məhz bu səbəbdən, vətəndaş cəmiyyətinin bu mövzuda ictimai müzakirələr açması hazırda çox aktual və vacibdir. UNAIDS ?in Azərbaycan nümayəndəliyinin rəhbəri Cəmilə Cərrahovanın sözlərinə görə, onun rəhbərlik etdiyi qurum qarşıdakı 2 il ərzində əsas prioritet sahələri müəyyənləşdirib və onların sırasında HİV-li insanlara cəmiyyətin münasibətinin dəyişdirilməsi də yer alıb. Tədbirdə iştirak edən HİV-li insanlar öz şəxsi təcrübələri və ətrafda baş verən hadisələrə dair öz düşüncələrini açıqladılar. Qeyd olundu ki, ümumiyyətlə, HİV-li insanlara qarşı stiqma və diskriminasiya demək olar ki, cəmiyyətin bütün təbəqələrində təmsil olunan insanların münasibətində müşahidə olunur. HİV-li insanlar daha çox sağlamlıq hüquqlarını həyata keçirərkən, əmək hüquqlarından istifadə edərkən damğalama və ayrı-seçkilik ilə üzləşirlər. Müzakirələrdə iştirak edənlərin fikrincə, bu münasibəti dəyişmək üçun bir neçə istiqamətdə təbliğat və maarifləndirməyə ehtiyac var, çünki, damğalama və HİV xofu əsasən, bu problemlə bağlı məlumatsızlıqdan və informasiyasızlıqdan irəli gəlir. Tədbir iştirakçıları vurğuladılar ki, HİV-li insanlara münasibətin dəyişdirilməsi və tolerantlığın yaradılması baxımından daha çox diqqət yetirilən sahə KİV və ictimaiyyət arasında aparılan təbliğatın gücləndirilməsidir. Lakin eyni zamanda, HİV-li insanlara cəmiyyətin münasibətinin hazırkı durumuna dair fundamental araşdırma aparılmadan, problemdən effektli çıxış yolları barədə danışmaq mümkün deyil. Qeyd edək ki, tədbirdə həmçinin Açıq Cəmiyyət İnstututu-Yardım Fondunun nümayəndələri Leyla İmanova, Şərafət İsmayılova, İlhamə Mövsümova, Respublika AİDS Mərkəzinin şöbə müdiri Səbinə Babazadə, Qlobal Fondun Azərbaycan nümayəndəliyindən Sevinc Topçubaşova, Sağlamlığa Çağırış QHT Alyansının koordinatoru Aytəkin Əsgərova, Diskordant İctimai Birliyinin sədri Elçin Mustafayev, El Araşdırmalar Mərkəzindən Elmira Ələkbərova, Dünyaya Baxış Təşkilatından (World Vision) Günel İsgəndərova və başqaları çıxış etdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA