Elmar Məmmədyarov Yunanıstanda bir sıra görüzlər keçirib

img

02-12-2009 [12:21]


ATƏT-in Nazirlər Şurasının 17-ci iclasında iştirak etmək üçün Afinada səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstan paytaxtında bir sıra işgüzar görüşlər keçirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, E.Məmmədyarov səfərin ilk günü GUAM Xarici İşlər Nazirləri Şurasının 11-ci iclasında iştirak edib. İclas çərçivəsində GUAM-Vişeqrad Dördlüyü formatında da görüş keçirilib. E.Məmmədyarov Latviyanın xarici işlər naziri Maris Reikstints, İsrailin xarici işlər naziri Aviqdor Liberman, Estoniyanın xarici işlər naziri Urmas Paet, Slovakiyanın xarici işlər naziri Miroslav Lajcakla görüşüb. ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerlə keçirilən görüş zamanı əsas etibarilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Münaqişənin nizamlanması ilə bağlı əsas maneənin Azərbaycan ərazilərinin işğalı faktının olduğunu bildirən nazir E.Məmmədyarov münaqişənin nizamlanmasında müsbət irəliləyiş kimi ilkin mərhələdə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini bildirib. Bu fikirlə tam razı olduğunu qeyd edən Q.Lenmarker Azərbaycan torpaqlarının işğaldan azad olunması və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasının zəruriliyini qeyd edib. Azərbaycanın getdikcə qüdrətləndiyini və regionun aparıcı dövlətinə çevrildiyini vurğulayan Q.Lenmarker ümumilikdə regionun inkişafı və çiçəklənməsində Azərbaycanın müstəsna rolunu vurğulayıb. Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistan Respublikası xarici işlər naziri Eduard Nalbandyan və ATƏT-in Minsk Qrupu həmsədr ölkələri Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Fransanın xarici işlər naziri Bernard Kuşner, ABŞ dövlət katibinin müavini Ceyms Stainberqin birgə görüşü də keçirilib. Görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının cari vəziyyəti və bu istiqamətdə atılacaq addımlar ətrafında müzakirə aparıblar. Görüşün yekununa dair Minsk Qrupu həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərinin birgə bəyanatı yayılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA