TQDK-nın Gəncə regional bölməsində elmi-metodiki seminarlar keçirilir

img

21-11-2009 [03:28]


gn=left]2010/tqdk-bina-yeni-man.jpg[/libt] Noyabrın 21-22-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Gəncə regional bölməsində Komissiyanın məsul əməkdaşları, mütəxəssisləri, ekspertlərinin iştirakı ilə Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, tarix və fizika fənləri üzrə elmi-metodiki seminarlar keçiriləcək. TQDK-nın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, seminarların işində Gəncə, Qazax, Tovuz, Ağstafa, Şəmkir, Daşkəsən, Samux, Mingəçevir, Gədəbəy, Naftalan, Xocalı və Kəlbəcər rayonlarının müəllimləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər. Xüsusi internet proqramlarının təbiqi sayəsində iclas salonundan TQDK-nın inzibati binası ilə canlı videobağlantı qurulacaq və müzakirələrə Komissiyanın rəhbərliyi də qoşulacaq. Tədbir iştirakçıları TQDK rəhbərliyinə qəbul imtahanlarının təşkili, imtahanda istifadə edilmiş test tapşırıqları, qəbul proqramları barədə fikirlərini, rəy və təkliflərini bildirəcək, onlar üçün maraq doğuran məsələlərə dair suallar ünvanlayacaqlar. Göründüyü kimi, müasir informasiya texnologiyaları coğrafi yerləşmənin məsafəsindən asılı olmayaraq, eyni vaxtda fikir mübadiləsi aparmaq, müxtəlif mövzularda təşkil olunmuş müzakirələrdə iştirak etmək imkanı yaradır. TQDK-nın nəzdində fəaliyyət göstərən elmi-metodiki seminarlar artıq öz işini bu istiqamətdə qurmağa, ölkənin ayrı-ayrı bölgələrində çalışan müəllimlərin, mütəxəssislərin elmi müzakirələrdə iştirakını təmin etmək üçün videokonfranslar təşkil etməyə başlamışdır. Bununla da, həmin konfranslarda iştirak etmək üçün uzaq yol qət etməyə, əlavə vaxt sərf etməyə ehtiyac olmayacaq. Xatırladaq ki, TQDK-nın nəzdində fənlər üzrə elmi-metodiki seminarlar 1994-cü ildən etibarən fəaliyyət göstərir. Test tərtibi metodikasını təkmilləşdirmək və imtahanların məzmunu ilə bağlı materiallar, eləcə də qəbul imtahanlarına hazırlaşan gənclərə metodiki köməklik üçün vəsaitlər hazırlamaq məqsədilə təşkil olunmuş bu seminarlarda əsasən Azərbaycan Milli Elmlər Akademiyasının, elmi-metodiki mərkəzlərin mütəxəssisləri, ali və orta ixtisas təhsili müəssisələrinin nümayəndələri, Bakı və Sumqayıt şəhərlərinin müxtəlif orta ümumtəhsil məktəblərinin fənn müəllimləri iştirak edirlər. TQDK seminarların işində bölgələrdə çalışan müəllimlərin də iştirakına şərait yaratmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirib. Belə ki, 2006-cı ildən etibarən ölkənin bütün bölgələrinin tədrisdə yüksək göstəriciləri olan müəllimləri qəbul imtahanı üçün testlər bankının zənginləşdirilməsi məqsədilə test tapşırıqları hazırlamağa dəvət ediliblər. Komissiyanın internet saytında bununla bağlı elan, test tərtibinə qoyulan tələblər, ayrı-ayrı fənlər üzrə test tapşırığı nümunələri yerləşdirilmişdir. Bu elana müvafiq olaraq hazırlanmış test tapşırıqlarının qəbulu elektron formada aparılıb. Lakin bu prosesdə bölgələrdə yaşayan müəllimlərin ciddi fəallığı nəzərə çarpmayıb. Bunun səbəblərindən biri də müəllimlərin müəyyən qisminin internetdən istifadə qayadalarını bilməməsidir. TQDK həmin müəllimlərin qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanmasında daha yaxından iştirak etmələrinə kömək məqsədilə Naxçıvan Muxtar Respublikası, Gəncə, Şəki, Quba və Lənkəranda fəaliyyət göstərən bölmələrində elmi-metodiki seminarların keçirilməsini qərara alıb. Həmin seminarların qrafiki, gündəliyi TQDK-nın internet saytında yerləşdirilib. Oktyabrın 31-də həmin qrafikə uyğun olaraq, Komissiyanın Lənkəran regional bölməsində riyaziyyat fənni üzrə, noyabrın 1-də isə Azərbaycan dili, ədəbiyyat və fizika fənləri üzrə elmi-metodiki seminarlar keçirilib. Gəncə şəhərində keçiriləcək seminarlarda da müəllimlərə qəbul proqramlarındakı, dərsliklərdəki dəyişikliklər və əlavələr barədə məlumat veriləcək. 2009-cu ildə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqları elmi-metodiki cəhətdən təhlil olunacaq. Bundan başqa, test tərtibi metodikası, testologiya ilə bağlı fikir mübadiləsi aparılacaq, hər fənnin xüsusiyyətinə uyğun olaraq test tərtibinə qoyulan tələblər ətraflı izah olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA