Milli Məclisin sədr müavini Bahar Muradova dissertasiya müdafiə edib

img

15-11-2009 [02:27]


[b]Daha 7 deputatın elmlər doktoru dərəcəsi almağa hazırlaşdığı bildirilir [/b] Milli Məclisin sədr müavini Bahar Muradovada elmi fəaliyyətə başlayıb. Müstəqil İnformasiya Agentliyinin məlumatına görə, Bahar Əvəz qızı Muradova 30 oktyabr 2009-cu il tarixində "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in rolu",- mövzusunda dissertasiya işini müdafiə edib. Bahar Muradovanın dissertasiya müdafiəsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən ?.02.101 Dissertasiya Şurasında keçirilib. O, "23.00.04 - Beynəlxalq münasibətlərin və qlobal inkişafın siyasi problemləri" ixtisası üzrə siyasi elmlər namizədi (fəlsəfə doktoru) adı almağa layiq görülüb. Qeyd edək ki, B.Muradovanın elmi rəhbəri tarix elmləri doktoru, professor Ə.M.Həsənovdur. Onun rəsmi opponentləri isə tarix elmləri doktoru, professor M.C.Qasımlı və siyasi elmlər namizədi H.B.Məmmədov olub. Şübhəsiz ki, dissertasiya müdafiə edən vitse-spiker olduqda, opponentlərinin ona ciddi irad tutması gözlənmirdi. Xüsusən də professor M.Qasımlı bu məsələdə hədən artıq həssas davranıb. Məlumat üçün bildirək ki, Bahar Muradova 1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub. Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini və Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib. İngilis və rus dillərini bilir. Bahar Muradova 1981-ci ildən Bakıda tikiş fabrikində tikişçi-nəzarətçi, 1989-cu ildən Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992-ci ildən "Qayğı" Cəmiyyəti Yasamal rayon təşkilatının məsul katib işləyib. 1993-cü ildən Yasamal rayon İcra Hakimiyyətinin təlimatçısı, 1995-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İctimai-siyasi şöbəsinin referenti vəzifələrində çalışıb. 2000-ci ildən YAP-ın icra katibinin müavinidir. 2005-ci il noyabrın 6-da 84 saylı Füzuli Seçki Dairəsindən deputat seçilib. Bahar Muradovanın "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in rolu",- mövzusunda dissertasiya işi yazması da təsadüfi deyil. Çünki o, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir. Onun üçün də B.Muradova ATƏT-in Qarabağ probleminin həllindəki rolu ilə bağlı daha çox məlumat əldə etmək imkanına malikdir. Müstəqil İnformasiya Agentliyinin məlumatında bildirilir ki, vitse-spiker Bahar Muradovadan 3 ay əvvəl onun digər həmkarı, "Azərittifaq"ın sədri Eldar Quliyev də dissertasiya müdafiə edərək, iqtisad elmləri namizdəi adı almağa layiq bilinib. Onu da qeyd edək ki, deputatların və bəzi məmurların dissertasiya müdafiə etmələri birmənalı qarşılanmır. Bir çox elm adamları onların vəzifələrindən sui-istifadə edərək, elmi ad aldıqlarını bildirirlər. Hətta bir ara deputatların elmi iş müdafiə etmələrinə qeyri-rəsmi qadağa qoyulduğu da deyilirdi. Amma son vaxtlar baş verənlər deputatların bu qadağaya da əməl etmədiklərini göstərir. Hətta 7 deputatın elmlər doktoru dərəcəsi almağa hazırlaşdıqları da verilən məlumatlar arasındadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA