Müxalifət hökumətin təqdim etdiyi 2010-cu il büdcə layihəsini kəskin tənqid etdi

img

09-11-2009 [07:04]


Bu gün Müsavat Partiyasının qərargahında bir çox tanınmış iqtisadçıların iştirakı ilə 2010-cu ilin dövlət büdcəsi ilə bağlı dəyirmi masa keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Müsavat başqanı İsa Qəmbər bildirib ki, dünyada baş verən böhran Azərbaycandan yan keçməyib: ?Hökumət bildirir ki, böhranın mövcudluğu və neftin dünya bazarında aşağı düşməsi Azərbaycana üçün heç bir problem yarada bilməz. Bu tamamilə absurddur. Biz ölkədə baş verən bütün proseslərə görə, məsuliyyət daşıyırıq. İqtidar bildirir ki, guya müxalifət onların hazırladığı dövlət büdcəsinə alternativ büdcə layihəsi hazırlaya bilməz. Hesab edirəm ki, müxalifətdə kifayət qədər savadlı iqtisadçılar var. Əgər bizə də dəqiq rəqəmlər verilsə, biz də büdcə layihəsini yüksək səviyyədə təşkil edərik?. İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu ölkədə yeni bir iqtisadi prosesin başladığını nəzərə çatdırıb. Onun sözlərinə görə, gələnilki büdcədə 18,9 faiz azalma var: ?İlham Əliyev iddialı çıxışı ilə bildirdi ki, qlobal maliyyə böhranının Azərbaycana heç bir təsir ötməyib. Ancaq büdcə hazırlananda aydın oldu ki, gələn il Azərbaycan üçün ağır il olacaq. 19 faiz büdcə kəsiri var. Büdcənin gəlirlər hissəsində verginin rolu tamamilə azdır. Böhran üzündən bir çox şirkətlər dövlət büdcəsinə mənfəət vergisi verə bilmirlər. Belə ki, ABƏŞ 18 faiz, ARDNŞ isə 641 milyon manat mənfəət vergisi verə bilib. Halbuki proqnozlaşdırılan rəqəm bundan qat-qat çox idi. Bir vaxtlar dövlət büdcəsinin 74 faizi Vergilər Nazirliyi hesabına formalaşırdı. Amma indi bu rəqəm 30 faizdən aşağıdır. Azərbaycan dövlət büdcəsinin əsas gəlirləri neft sektorundan daxilolmalar hesabına formalaşır. Neftdən asılılıq getdikcə güclənir. Qeyri-neft sektorundan demək olar ki, büdcəyə gəlirlər gəlmir. Nefti çıxanda dövlət büdcəsinə yalnız 2,5 milyard manat vəsait daxil olur. Gələn il qeyri-neft sektorundan büdcəyə 620 milyon manat daxil olcağı proqnozlaşdırılır. Bu çox zəif göstəricidir. Hesab edirəm ki, hökumət pul, investisiya və s. layihələrə yenidən baxmaq məcburiyyətində qalacaq. Bundan əlavə, hökumətin sahibkarlıq sahəsində apardığı siyasət də qənaətbəxş deyil. Bundan əlavə, hesab edirəm ki, əmək haqları və pensiyalarda da keçəni ilə nisbətən azalmalar ola bilər?. Millət vəkili, tanınmış iqtisadçı Vahid Əhmədovun sözlərinə görə, neftin qiymətinin büdcədə 45 dollardan götürülməsi bir o qədər də qeyri-obyektiv deyil: ?2009-cu ilin dövlət büdcəsində neftin baza qiyməti 70 dollardan götürüləndə təkidlə təklif etmişdik ki, 50 dollardan götürülsün. Əsas məsələ büdcənin şəffaflığının qorunmasıdır. Vergilər azalıb. Hökumət rəsmi orqanların büdcəyə ödəmələrinə nəzarət etməlidir. Büdcəyə fiziki şəxslərdən gəlirlər 220 milyon manat azalıb. Başa düşmürəm, əgər günü-gündən iş yerləri açılırsa, nəyə görə büdcədə vergilərin rolu azalmalıdır? İnvestisiya layihələrinə gəlirncə, hazırda ?Azərsu? Dünya Bankı ilə burada 22 layihə həyata keçirmək istəyir. Çünki bölgələrdə su-kanalizasiya sistemlərinin vəziyyəti olduqca bərbaddır. Fikrimcə, nəqliyyatdan olan layihələr çıxarılaraq bura yönəldilməli idi. Düzdür, hökumət bir sıra əhəmiyyətli işlər gördü. Məsələn, manatın məzənnəsinin saxlanılması, banklarda uçot dərəcəsinin azaldılmasını qeyd etmək lazımdır. Ancaq bütün bunlar neft pullarının hesabına oldu. Bölgələrdə kəndlilər öz istehsal etdikləri məhsuları bazara çıxara bilmirlər və nəticədə məhsulları xarab olur. Hakimiyyət bütün bu problemləri həll etmək üçün bölcələrdə soyuducu kameralar tikir. Ancaq verilən məlumata görə, 1000 ton meyvəni saxlamaq üçün 600 manatından keçməlisən. Pensiyaya edilən dəyişiklikləri heç cürə razı deyilik. Bu indiki halda tamamilə düzgün dəyişiklik deyildi. Azərbaycanda nadir hallarda 5 uşaqlı ana tapa bilərik. Vətəndaş 5 işləyirdi və bilirdi ki, müəyyən qədər pensiya alacaq, indi isə ən azı 12 il işləməlisən?. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev isə bildirib ki, hökumətin büdcədə neftin baza qiymətini 45 dollardan götürməsi bir çox maraqları ifadə edir: ?Hazırda neftin qiyməti 70 dollar arasında dəyişir. Hökumət neftin qiymətini 45 dollardan götürməsi onların bir sıra məqsədlərini ifadə edir. Belə ki, qarşıdan parlament seçkiləri gəlir. Təklif edirik ki, əgər neftin qiyməti gələn il artsa, o zaman artıq gəlirlər Dövlət Neft Fonduna yönəldilsin. Neft Fondundan il-ildən artan yeyintilər Azərbaycanı ciddi maliyyə sıxıntısına gətirib çıxara bilər. Büdcədən hüquq-mühafizə orqanlarına ayrılan vəsaitlər elm, təhsil və səhiyyəyə ayrılan vəsaitlərdən çoxdur. Belə çıxır ki, bu hökumətə elm, təhsil və səhiyyə lazım deyil. Bundan əlavə, maşınların gətirilməsi ayrı-ayrı şirkətlər hesabına olduğu halda, bu işin icrası üçün dövlət büdcəsindən vəsaitlər ayrılır. Ona görə də gələn il ölkəmiz üçün həm siyasi, həm də iqtisadi proseslərdə gərginlik olacaq?. İqtisadçı Qadir İbrahimli isə aqrar sektorun hökumətin nəzarətindən tamamilə kənarda qaldığını vurğulayıb: ?Böhran başlayanda düşünürdük ki, investisiya layihələri azalacaq, amma tam əksini şahid olduq. İnvestisiya layihələrinə ayrılan vəsait aqrar sektora ayrılan vəsaitlərdən daha çoxdur. 2010-cu ilin dövlət büdcəsi layihəsi hazırlananda bunun bir daha şahidi olduq. Hazırda kənd təsərrüfatının çayçılıq, tütünçülük və üzümçülük sahələri demək olar ki, sıradan çıxıb?. İqtisadçı Məhəmməd Talıblının qənaətincə, gələn ilki dövlət büdcəsini daha çox böhran büdcəsi adlandırıla bilər: ?Dövlət büdcəmizin demək olar ki, yarısı Dövlət Neft Fondunun hesabına formalaşdırılır. Dünyada neftin qiyməti 48 dollar olanda, bizimkilər büdcədə neftin baza qiymətini 70 dollardan götürdü. İndi isə neftin qiyməti 70 dollar olduğu halda, 45 dollardan götürürük. Hesab edirəm ki, bu seçkiyə hesablanmış siyasətdir. Bundan əlavə, büdcədən prezidentin ehtiyat fonduna ayrılan vəsaitlər xeyli yüksəkdir. Bizdə hüquq-mühafizə orqanlarına 25 faiz ayırmalar edilir, amma normal ölkələrdə bu göstərici 10 faizdir. Kənd təsərrüfatına 408 milyon manat vəsait ayırılıb. İndi isə 126 milyon azalmalar edilib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA