Ekologiya Nazirliyi Bakının məzhur restoranların sahiblərini cərimələyib

img

05-11-2009 [11:45]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq və Ətraf Mühitin Mühafizəsi Departamentlərinin əməkdaşları tərəfindən şəhərin bir çox kafe və restoranlarında reyd keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, reyd zamanı ?Meridian?, ?Niaqara?, ?Çanaq Qala? restoranları, ?Xudafərin?, ?Su Sonası? şadlıq sarayları, ?Plaza? disko-barı və ?Black Bird? gecə klubunda ekoloji qanunvericiliyin tələblərinə riayət olunmaması halları aşkar olunub. Belə ki, səs-küy səviyyəsinin norması 65 dB olduğu halda Nizami rayonu ərazisində yerləşən ?Xudafərin? şadlıq sarayında bu 82 dB (normadan 1,26 dəfə artıq), ?Meridian? restoranında 89 dB (normadan 1,37 dəfə artıq), ?Plaza? disko-barında 92 dB (normadan 1,41 dəfə artıq), Nəsimi rayonu ərazisində yerləşən ?Black Bird? gecə klubunda 88 dB (normadan 1,35 dəfə artıq), ?Niaqara? restoranında 87 dB (normadan 1,34 dəfə artıq), Nərimanov rayonu ərazisində yerləşən ?Çanaq Qala? restoranında 88 dB (normadan 1,35 dəfə artıq), ?Su Sonası? şadlıq sarayında 91 dB (normadan 1,4 dəfə artıq), Səbail rayonu ərazisində yerləşən ?La Paris? restoranında 85 dB (normadan 1,31 dəfə artıq) olması halları qeydə alınıb. Keçirilmiş reyd zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə protokollar tərtib olunub, qeyd olunan restoran və kafelərin müdiriyyətləri barəsində inzibati qaydada cərimə qərarları tətbiq edilib. İnsan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin əsas səbəbləri kimi avtonəqliyyat vasitələrində quraşdırılmış müxtəlif növ gücləndirici siqnalları, toy və yas mərasimlərində istifadə olunan səs gücləndiricilərini göstərmək olar ki, bu da vətəndaşların haqlı narazılığına səbəb olur. Səs-küy insan sağlamlığına neqativ təsir göstərir. 35-60 dB diapazonda səs insan orqanizminə fərdi olaraq həm mənfi təsir edə bilər, həm də təsirsiz qala bilər. 70-90 dB diapazonlu səsin uzunmüddətli təsiri mərkəzi sinir sisteminin xəstəliklərinə, 100 dB və daha yüksək diapazonlu səs isə eşitmə qüsurlarının yaranmasına və hətta karlığa da səbəb ola bilər. Qeyd edək ki, kafe və restoranlarda reyd prezident İlham Əliyevin ?Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları? Fərmanının icrasının təmin edilməsi məqsədilə keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA