Bəylər Əyyubovun və MTN əməkdazının adı mülk qalmaqalında hallanır

img

04-11-2009 [01:54]


Bu gün Media Mərkəzində hüquq müdafiəçisi Ələkbər Məmmədovun təşəbbüsü ilə sahibkar Eyvaz Soltanovun əmlak məsələlərində üzləşdiyi qanunusuz məhkəmə qərarları ilə bağlı mətbuat konfransı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, hüquq müdafiəçisi Ələkbər Məmmədov Azərbaycanda müstəqil məhkəmə sisiteminin olmadığını nəzərə çatdırıb. Onun sözlərinə görə, məhkəmələrin qanunsuz qərarları ölkədə özbaşınalığın yaranmasına səbəb olub. Zərərçəkmiş Eyvaz Soltanov bildirib ki, 1998-ci ildən ?Nizami? metrostansiyası ilə üzbəüz olan obyekt ona məxsusdur. Amma 2003-cü ildən Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) onun mülkiyyətində olan ticarət obyektinin yerində hündürmərtəbəli binanın inşa edilməsi üçün ?Eyfel? şirkətinə 24.06.2003-cü il tarixli 327 saylı sərəncam verib: ?Bu şirkət ərazimizə gələndən sonra sahibkarlıq fəaliyyətimizə maneələr törətməyə başladılar. Ona görə də 2006-cı ildə BŞİH-nin 327 saylı sərəncamının qanunsuz olması ilə bağlı Səbail rayon Məhkəməsinə müraciət etdim. Onlar həmin məhkəmədə mənə qarşı iddia qaldırdılar ki, torpaq şəhadətnaməm ləğv edilsin. İş Bakı Apellyasiya Məhkəməsinə göndərildi və bundan sonra BŞİH-nin və ?Eyfel? şirkətinin iddiaları ləğv edildi, xeyrimə qərar çıxarıldı. 2008-ci il 30 yanvar tarixində Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxladı. Bundan sonra BŞİH başçısı Hacıbala Abutalıbov Ali Məhkəmənin qərarının ləğv edilməsi üçün plenuma müraciət etdi. Onun Ali Məhkəmənin 30 yanvar 2008-ci il tarixli qərarından verdiyi əlavə kassasiya şikayəti 19.05.2008-ci il tarixli məktubla geri qaytarıldı?. Zərərçəkmişin sözlərinə görə, bu məsələ bitəndən sonra Hacıbala Abutalıbov öz imzasıyla eyni predmet barədə Yasamal rayon Məhkəməsində yeni iddia qaldırıb: ?Halbuki Mülki Prossesual Məcəllənin 233.3 maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Bundan başqa, həmin Məcəllənin 82.3 maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Lakin Yasamal rayon Məhkəməsinin hakimi Tahir İsmayılov Hacıbala Abutalıbovun qaldırdığı iddianı nəinki geri qaytarmadı, hətta onu təmin etdi. Qeyd edim ki, Tahir İsmayılov Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevin qohumudur. Tələblərində bildirirlər ki, mənim torpaq şəhadətnaməm ləğv edilsin, həm də 1897-ci ildə bunun üstündə inşa edilmiş tikili qanunsuz hesab sayılaraq ləğv edilsin və mən oradan çıxarılım. Hesab edirəm ki, hakim heç vaxt öz başına qərar qəbul edə bilməz. Mən yenidən həmin qətnamədən apellyasiya şikayəti verdim. Bundan sonra meriyanın hüquqşünası təklif etdi ki, barışaq. Mən də barışıq təklifinə etiraz etmədim və razılaşdım. Ona görə də məhkəmə 17.12.2008-ci il tarixli qərardat qəbul etdi. 3 gün keçəndən sonra eşitdim ki, BŞİH öz barışığından şikayət verib. Yəni, özünün təşəbbüsü ilə imzaladığı barışıqdan Ali Məhkəməyə kassasiya şikayəti verib. Mənə xəbər verildi ki, guya onları ?Eyfel? şirkətinin himayədarı sıxır. Guya onların himayədarı MTN-də məsul vəzifədə çalışır. 17.03.2009-cu il tarixdə Ali Məhkəmə barışığı pozdu. İş yenidən Apellyasiya Məhkəməsinə qaytarıldı. Hakim Aygün Abdullayeva 14.10. 2009-cu il tarixdə Yasamal rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxladı. Mən şəxsən BŞİH-nin başçısı Hacıbala Abutalıbovla görüşdüm və o, mənə dedi ki, həmin ərazini ?Eyfel? şirkətinə satmalısan. Ali məhkəmənin qərarını onun nəzərinə çatdıranda, dedi ki, boş şeydir?. E.Soltanov onu da bildirib ki, məhkəmələrin qanunsuz qərarları ilə bağlı ölkə başçısına və Məhkəmə Hüquq-Şurasına müraciətlər edib. Lakin müraciətləri cavabsız qalıb. Hüquq müdafiəçisi Ələkbər Məmmədovun sözlərinə görə, adıçəkilən şirkət bir çox güc strukturlarının adından istifadə edir: ?Bizdə olan məlumata görə, onların himayədarı Bəylər Əyyubov və hansısa nazirin müavinidir?. Ə.Məmmədov bildirib ki, bu problem öz həllini tapmasa Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək: ?Bu özbaşınalığa görə, bütün aidiyyatı orqanlara yenidən müraciətlər edəcəyik və bu qanunsuzluğu beynəlxalq təşkilatların hesabatlarına salacayıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA