Litva və Azərbaycan xüsusi xidmət orqanları əməkdazlıq edəcək

img

29-10-2009 [06:53]


Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Litva Dövlət Təhlükəsizlik Departamentinin Baş direktoru Povilas Malakauskasın dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub. MTN ictimai əlaqələr mərkəzindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Litva Povilas Malakauskas Eldar Mahmudovun bu səfərinin təhlükəsizlik sahəsində Litva və Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində atılmış növbəti addım kimi qiymətləndirib. P.Malakauskas Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 90 illik yubileyi ilə əlaqədar nazirin dəvəti ilə bu ilin aprel ayında Bakıya etdiyi səfər zamanı göstərilən qonaqpərvərliyin, xüsusən də dövlət başçısı İlham Əliyevin qəbulunda olduqları zaman aldıqları təəssüratın unudulmaz olduğunu bildirib. Litvada ona göstərilən yüksək qonaqpərvərliyə, keçirilən görüşlərin səmərəli nəticələrinə görə təşəkkürünü çatdıran E.Mahmudov transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürlərinə, xüsusən terrorçuluğa qarşı mübarizə, enerji və nəqliyyat təhlükəsizliyi sahəsində görülən işlər barədə danışıb. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional və beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid doğurduğunu qeyd edib, bu problemin tezliklə həll olunmasının vacibliyini və bunun üçün tərəfdaş dövlətlər tərəfindən də səylərin artırılması zərurətini vurğulayıb. Görüşdə Litva və Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişafından razılıq bildirilib, perspektiv planlar barədə müzakirələr aparılıb, habelə təcrübə və məlumat mübadiləsinin bundan sonra da genişləndirilməsinin vacibliyi qeyd edilib. Səfər zamanı Litvanın baş naziri Andrius Kubilius E.Mahmudovu qəbul edib. Görüşdə Litva və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinin hər iki dövlətin başçıları tərəfindən yüksək qiymətləndirildiyi xüsusi vurğulanıb, ölkələrimizin bütün istiqamətlərdə, o cümlədən xalqları arasında tarixi-mədəni əlaqələrin, həmçinin təhlükəsizlik sahəsində tərəfdaşlığın daha da genişləndirilməsi mövzusunda faydalı fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA