Ali Məhkəmənin növbəti plenumu keçirilib

img

29-10-2009 [05:15]


Bu gün Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Ali Məhkəməsinin növbəti plenumu keçirilib. Plenumun işində Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov, səhiyyə naziri Oqtay Şirəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, təhsil nazirinin müavini Elmar Qasımov iştirak ediblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Ali Məhkəmənin sədri plenum iclasını açaraq, respublikamızda uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən danışıb. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin ?Uşaq ili? elan olunması ölkəmizdə uşaqlara qayğının artırılması üçün geniş imkanlar açıb: ?Oktyabrın 22-24-də Azərbaycanda Uşaq ilinə və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş uşaqların müdafiəsi islahatı üzrə milli konfransın keçirilməsi respublikamızda uşaqların hüquqlarının müdafiəsinə çox böyük əhəmiyyət verilməsinin göstəricisidir. Azərbaycanda uşaq və gənclərə diqqət və qayğı dövlət siyasətinin prioritet sahələrindəndir?. Plenumda ?Övladlığa götürmə və ya övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında? məsələ geniş müzakirə olunub. Bildirilib ki, son illər uşaq hüquqları insan hüquqlarının tərkib hissəsi kimi daim diqqət mərkəzində olub, uşaqların hüquqlarının təmini üçün səmərəli vasitələr yaradılıb. Ailə, mülki, inzibati, cinayət qanunvericiliyinin uşaq hüquqlarının təmin olunmasını nəzərdə tutan normaları inkişaf etdirilib. Azərbaycan ?Uşaq hüquqları haqqında?, ?Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında? Konvensiyalara qoşulub. Çıxış edənlər vurğulayıblar ki, ailədə yaşamaq və tərbiyə olunmaq uşağın mühüm hüquqlarından olmaqla, imkan dairəsində uşağın ailədə yaşaması və tərbiyəsinin təminatlarını nəzərdə tutur. Uşaq ailədə fiziki və mənəvi inkişafa nail olur, dayaq və anlaşma tapmaqla cəmiyyətin tam hüquqlu üzvü olmağa hazırlanır. Plenum konkret cinayət və mülki işlərə də baxıb, müzakirə olunan məsələlər və baxılan işlər barədə müvafiq qərarlar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA