Konstitusiya Məhkəməsinin sədri ATƏT-in Bakı ofisinin rəhbər ilə görüzüb

img

28-10-2009 [06:35]


Oktyabrın 28-də Konstitusiya Məhkəməsində ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel ilə görüş keçirilib. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev respublikamızda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də məqsədyönlü islahatların aparıldığını bildirib. Azərbaycanda 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında qonağa ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycanda məhkəmə və hüquq sahəsində hazırlanan qanunların beynəlxalq standartlara cavab verməsi, bu zaman müasir hüququn inkişaf meyillərinin nəzərə alınması diqqət mərkəzində saxlanır. Sədr Konstitusiya Məhkəməsinin fəaliyyəti dövründə 170 qərar qəbul olunduğunu diqqətə çatdırıb. Bildirib ki, bu qərarlarda bir sıra normativ hüquqi aktlar Konstitusiyaya uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilmiş, Əsas Qanunun və digər qanunların ayrı-ayrı müddəaları şərh edilmiş, pozulmuş hüquq və azadlıqların bərpa olunması ilə yanaşı, mövcud təlimatlar sistemi təkmilləşdirilmiş, zəruri hüquqi mövqelər formalaşdırılıb. F.Abdullayev Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələrinin qurulmasına xüsusi diqqət yetirildiyini, digər ölkələrin bu sahədə təcrübəsinin nəzərə alındığını vurğulayıb. Azərbaycan Konstitusiya Məhkəməsinin Ümumi Konstitusiya Məhkəmələri Avropa Konfransının üzvü olduğu, həmin təşkilat çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin təşkili, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirildiyi bildirilib. Konstitusiya Məhkəməsinin sədri deyib ki, rəhbərlik etdiyi qurum ATƏT-in Bakı ofisi ilə əməkdaşlığa xüsusi önəm vermiş, ötən dövrdə birgə nəşrlər hazırlanmış, treninqlər, konfranslar keçirilib. F.Abdullayev Azərbaycanın hüquq mühafizə orqanları ilə də səmərəli əməkdaşlıq münasibətlərinin qurulduğunu söyləyib. ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel səmimi görüşə görə təşəkkürünü bildirib. Azərbaycanın sürətlə inkişaf etməsinin şahidi olduğunu deyən qonaq qazanılmış uğurların Konstitusiya Məhkəməsinin nümunəsində də aşkar göründüyünü bildirib. Azərbaycanda ədalət mühakiməsinin inkişafından danışan qonaq ölkəmizin həmin mərhələni çox qısa dövrdə keçdiyini xüsusi vurğulayıb. Görüşdə qarşılıqlı əməkdaşlığın inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılmış, qonağı maraqlandıran suallar ətraflı cavablandırılıb. Sonra qonaq Konstitusiya Məhkəməsində yaradılmış şəraitlə tanış olmuş, aparatın kollektivi ilə görüşüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA