Azərbaycanlı alim bir ildən artıqdır irandakı xüsusi təcridxanada saxlanılır

img

27-10-2009 [02:35]


İranda həbs edilmiş Bakı Dövlət Universitetinin və Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı fizik-mühəndisi Rəşid Əliyevin Hüquqlarını Müdafiə Komitəsi bu gün mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə Rəşid Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin sədri Soltan Məlikov, sözügedən komitənin üzvü Qurban Qasımov iştirak ediblər. Komitə sədri S.Məlikov Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun ?Bioloji sistemlər fizikası? laboratoriyasının aparıcı fizik-mühəndisi Əliyev Rəşid Əli oğlunun bir ildən artıqdır ki, qeyri-qanuni olaraq, Tehran şəhərindəki xüsusi təcridxanada saxlanılmasının səbəsiz olduğunu deyib: ?Rəşid Əliyev İran İslam Respublikasının (İİR) Semnan şəhərindəki ?Sazan Electronics Industry compary? şirkətinin dəvəti ilə BDU-nin rəhbərliyinin razılığı əsasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində 2006-2008-ci illər ərzində adıçəkilən şirkətdə çalışıb. İşlədiyi müddət ərzində şirkətdə ilk dəfə olaraq, proqramla idarə edilən texnoloji lazer sistemlərinin qurulması və işə salınması, müasir lazer sistemləri üçün mükəmməl təcrübə və sınaq stendinin hazırlanmasına rəhbərlik edib. Bu sahədə çalışan yerli mütəxəssislərin təcrübə toplamasına köməklik göstərib. İşlədiyi həmin şirkətin rəhbərliyi tərəfindən R.Əliyevə İran İslam Respublikasında daimi qalıb işləməsini dəfələrlə təklif etsələr də, o, bu təklifləri qəbul etməyib, fəaliyyətini davam etdirmək üçün vətənə qayıdıb. İşlədiyi şirkətin direktoru professor Abbas Eftexarinin təkidli xahişindən sonra Rəşid Əliyev sonuncu dəfə 5 oktyabr 2008-ci ildə qısa müddətə İran İslam Respublikasına qayıdıb. Gəlişinin növbəti günü - 6 oktyabr 2008-ci il tarixdə viza problemini bəhanə gətirərək onu həbs ediblər?. S. Məlikov bildirib ki, R.Əliyevin Müdafiəsi Komitəsi olaraq, dəfələrlə R.Əliyevin həbsinin səbəblərinin araşdırılması və azadlığa çıxması ilə bağlı İrandakı əlaqədar qurumlara məktublar ünvanlasalar da nəticəsi olmayıb: ?Ailə üzvlərinin, BDU-nun rektoru akademik A.Məhərrəmovun ?Sazan Electronics Industry compary? şirkətinin rəhbərliyinə, AMEA-nin Fizika İnstitutunun, BDU-nun Fizika Problemləri İnstitutunun, ?LAZER? Elmi-Texniki Mərkəzin alimlərinin İran İslam Respublikasının Prezidentinə, Azərbaycan dövlətinin əlaqədar strukturularına, habelə İranın ölkəmizdəki səfirliyinə də birgə müraciətlər ünvanlanıb. Lakin ünvanlanan müraciətlər cavabsız qalıb?. Ona görə də Rəşid Əliyevin Hüquqlarını Müdafiə Komitəsi ölkə mətbuatına müraciət edərək, bu məsələnin ictimailəşməsini xahiş edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA