Eldar Namazov:"Hazırda Azərbaycan təklənmiz vəziyyətdədir"

img

25-10-2009 [03:46]


[b]"Əgər bu gün ABŞ, Avropa, Rusiya, Türkiyə, bütün ətrafımız protokollara bir cür, biz isə başqa cür yanaşırıqsa, deməli, bizim diplomatiyamız uduzub" [/b] Türkiyə-Ermənistan arasında imzalanan protokollardan sonra bayraq krizinin yaşanması hər iki ölkədə şok-effekti yaratdı. Həm Azərbaycan, həm Türkiyə tərəfi bayraqlara qarşı sayğısız münasibətlə bağlı qarşıqlı mübahisələrə başladılar. Lakin dövlət başçılarının məsələyə müdaxiləsi və Türkiyə xarici işlər naziri Davutoğlunun Bakıya səfəri zamanı verdiyi açıqlamalar münasibətləri üzdə də olsa, yoluna qoydu. Türkiyə-Ermənistan arasında imzalanan protokollar məsələsi isə hələ də gündəmdədir və ratifikasiya üçün Türkiyə Böyük Millət Məclisinə təqdim olunub. Azərbaycan Naminə İctimai Forumun prezidenti, politoloq Eldar Namazov isə istənilən halda Türkiyə ilə müttəfiqliyi qorumağın vacib olduğunu deyir: - Protokolların imzalanması həm Türkiyə, həm də Ermənistanın marağında olan məsələ idi. Əvvəlcədən də bəlli idi ki, hər iki ölkənin ictimaiyyətində bu protokollarla bağlı fərqli fikirlər, narazılıqlar olacaq, amma hakimiyyətlər bunun ölkələri üçün gərəkli olduqlarını düşündükləri üçün buna getdilər. Konkret olaqaraq, Türkiyə üçün çox önəmli iki məsələ protokollarda öz əksini tapıb. Birincisi, Ermənistan bütün ərazi iddialarından əl çəkib Türkiyənin ərazi bütövlüyünü tanıyır. Düzdür, sual oluna bilər ki, Ermənistan nə vaxtdan Türkiyəyə belə təhlükə törədə bilərdi. Amma tarixdən məlumdur ki, Ermənistanın iddialarını Türkiyəyə qarşı olan dövlətlər daim daim səsləndiriblər və bu, onların əlində alət olub. İkincisi, qondarma soyqırımla bağlı məsələdir. Həmin protokollarda da qeyd olunur ki, bu məsələ tarixi komissiyaların yaradılması ilə çözüləcək. Bu da dolayısı ilə qondarma soyqırımı şübhə altına alır. [b]- Ermənistan tərəfinin marağı nədən ibarətdir? [/b] - Ermənistanın bu məsələdə marağı olmasaydı, güzəştlərə getməzdi. Üstəlik, müxalifətə də bəhanə verməzdi ki, ölkə daxilində belə bir hay-küy qoparsın. Ermənistan tərəfinin marağı düşdüyü sosial-iqtisadi durumla bağlıdır. Dünyada başlamış qlobal iqtisadi böhran bir tərəfdən, digər tərəfdən Rusiya-Gürcüstan müharibəsindən sonra Gürcüstanın ərazisindn keçən və Rusiya ilə Ermənistanı bağlayan kommunikasiyaların qapanması nəticəsində ölkədə ümumdaxili məhsulun səviyyəsi bir il ərzində 20 faiz aşağı endi. Son bir ildə MDB çərçivəsində ən böyük iqtisadi zərbə Ermənistana dəydi. Ermənistanın yaxın gələcəyi artıq çox böyük şübhə altına düşürdü. Ona görə də Rusiya-Gürcüstan müharibəsi başa çatandan sonra, sentyabr ayında Ermənistan prezidenti münasibətləri yaxışalşdırmaq üçün Türkiyə prezidentini futbol matçına dəvət etmişdi. Təbii ki, burada xarici qüvvələrin də rolu var, amma Türkiyə və Ermənistan özləri üçün bir qazanc görməsəydilər, bu protokollar imzalanmazdı. [b]- Protokolların Azərbaycana təsirinə gələk. Artıq protokollar imzalanıb. Bunun Qarabağ münaqişəsinin həllinə hansı təsiri ola bilər? [/b] - Azərbaycanda əksəriyyət düşünür ki, sərhədlərin açılması, protokolların imzalanması Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərəcək. Əsas da gətirirlər ki, Ermənistan bundan sonra Qarabağla bağlı aparılan danışıqlarda mövqeyini daha da sərtləşdirəcək və güzəştlərə getməyə də bilər. Türkiyə də, ABŞ da, Rusiya da, Avropa da başqa fikirlər söyləyir. Bildirirlər ki, əgər Türkiyə ilə Ermənistan arasında münasibətlər normallaşsa, Türkiyənin Ermənistana iqtisadi təsiri artsa, çörəyini türk iqtisadiyyatı ilə qazanan yüz minlərlə insanlar olsa, bu, erməni cəmiyyətində anti-türk ovqatını aradan qaldıracaq. Bu kontekstdə Azərbaycanla da münasibətlərə müsbət təsirlər olacaq və ermənilər bu yolla Azərbaycanla barışığa hazır olacaq. Bu, dünyanın irəli sürdüyü yanaşmadır. Nəzərə almaq lazımdır ki, bu gün Ermənistan-Türkiyə münasibtlərinin yaxınlaşmasını bizdən başqa hamı dəstəkləyir. Buna qonşumuz, strateji müttəfiqimiz Gürcüstan da, Amerika da, Rusiya da, Avropa da dəstək verir. Mənə el gəlir ki, biz bu məslədə bir yox, iki-üç addım qabağa baxmağı bacarmalıyıq. [b]- Nəyi nəzərdə tutursunuz? [/b] - Birincisi, artıq fakt baş verib və protokollar imzalanıb. Prosesin qarşısını almaq bir qədər gecdir. Azərbaycan gərək əvvəldən elə addımlar ataydı ki, bu fakt meydana gəlməsin və bu məsələdə bütün dünya ilə üz-üzə qalmasın. İkinci məsələ ondan ibarətdir ki, Ermənistan Qarabağla bağlı danışıqlarda onsuz da sərt mövqedən çıxış edirdi. Yəni 15 il aparılan danışıqlarda bizim "qazancımız" ondan ibərətdir ki, ermənilər əvvəllər deyirdilər ki, beş rayonu qaytarırıq, Dağlıq Qarabağa müstəqillik verin, indi isə deyirlər ki, altı rayonu qaytarırıq, Dağlıq Qarabağın müstəqilliyini tanıyın. Bu "irəliləyişi" o qədər də şişirtməyə ehtiyac yoxdur. Türkiyə ilə sərhədlərin açılması Ermənistanın mövqeyini daha da sərtləşdirəcək yanaşması,- mənə o qədər də uğurlu görsənmir. Sadəcə, Ermənistan danışıqları uzada bilər. [b]- Belə olan təqdirdə Azərbaycan tərəfi indiki şəraitdə hansı addımı atmalıdır?[/b] - Mənə elə gəlir ki, ilk növbədə Azərbaycan Türkiyəni bir müttəfiq kimi itirməməlidir. Çox təəccüblüdür ki, bu kampaniyanı aparanlar məhz ifrat türkçülüyü təbliğ edənlərdir. Əvvəllər türkçülük təbliğatı aparırdılar, indi isə anti-türk kampaniyasına qoşularaq, az qala Türkiyədən düşmən obrazı düzəltsinlər. Mənim fikrimcə, bu, yanlış yanaşmadır. Azərbaycan Türkiyəni müttəfiq kimi itirməli deyil. Qoy, siyasi mübahisələr olsun. Amma Türkiyənin səhv, ya düz addım atdığı hələ bir müddət sonra bəlli olacaq. [b]- Eldar müəllim, proseslərdən görünən odur ki, Türkiyə Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara tərəf kimi qoşula bilər. Əgər bu baş verərsə, bunun Azərbaycana müsbət təsiri olacaqmı? [/b] - Bu məsələ ətrafında çoxlu sayda şayiələr dolaşır. Bəziləri iddia edirlər ki, bu protokollardan savayı hansısa bir şifahi razılıq var ki, Qarabağ məsələsində də ciddi irəliləyiş olmalıdır və Dağlıq Qarabağın ətrafında işğal olunmuş ərazilərin azad olunması müqabilində Türkiyə-Ermənistan yaxınlaşması davam edəcək. Amma indidən belə bir şifahi razılığın olub-olmamasını demək çətindir. Mənə elə gəlir ki, burada başqa məsələni əsas götürməliyik. Yəni sərhədlərin açılması Azərbaycan üçün bir tərəfdən təhlükə yaradır, digər tərəfdən isə problemi yeni müstəviyə qaldırır. Bununla da Türkiyənin Ermənistana təsir etmək imkanları yaranır. Biri var ki, Azərbaycan, biri də var, ciddi iqtisadi təsir edən bir ölkə kimi Türkiyə Ermənistana nəsə deyir. Bu mənada prosesdə Azərbaycan üçün təhlükələr də, yeni imkanlar da var. Ona görə də gərək, çevik xarici siyasət yürüdək. Hazırda Azərbaycan təklənmiş vəziyyətdədir. Avropa da, Amerika da, Gürcüstan da, strateji müttəfiqimiz Türkiyə də naxələf çıxıb, bizə qarşıdır. Hər kəsə qarşı olmaq münasibətini nümayiş etdirməyin isə Azərbaycana heç bir xeyiri yoxdur. Daha uzaqgörənlik nümayiş etdirib, çevik diplomatik səylər göstərmək lazımdır. [b]- Protokolların imzalanmasını və sərhədlərin açılmasını Qafqazda yeni siyasi prosesin başlanğıcı kimi qiymətləndirmək olarmı?[/b] - Elə bu prosesin məğzi ondan ibarətdir. Azərbaycan istəsə də, istəməsə də Cənubi Qafqazda böyük dəyişikliklər baş verir. Bu böyük dəyişikliklər protokollardan sonra yaranmayıb, əksinə, bu protokolların meydana gəlməsi həmin dəyişikliklərin artıq bir nəticəsidir. Bu dəyişikliklər Rusiya-Gürcüstan müharibəsindən sonra meydana gəlib. Bu müharibənin nəticəsində Rusiyadan Ermənistana gedən bütün kommuniasiyalar bağlandı. Ermənistan Rusiyadan heç nə ala bilmədi. Ona görə də regionda güclərin balansı sürətlə dəyişməyə başladı. Məhz bunun nəticəsində Türkiyə-Ermənistan protokolları meydana gəldi. Həmin protokollar da bu güclərin balansının dəyişməsini daha da sürətləndirir. Bu mənada, biz, hansısa böyük bir prosesin başlanğıcındayıq. Cənubi Qafqaz iki il bundan əvvəlki deyil. Ona görə də Azərbaycanın diplomatiyası da 10 il bundan əvvəl qurulmuş tezislərin üzərində davam edə bilməz. Bu gün Türkiyə, Ermənistan, Rusiya öz siyasətində dəyişikliklər edir. İki il bundan əvvəl heç kim təsəvvür etməzdi ki, Ermənistan Türkiyəyə belə bir təklif eləsin, Türkiyə də bunu qəbul etsin, üstəlik, Rusiya da bu təklifə xeyir-dua versin. Ona görə də Azərbaycan diplomatiyası gərək nəzərə alsın ki, artıq biz iki il bundan əvvəlki Cənubi Qafqazda yaşamırıq, özü də bu siyasət davam edəcək. [b]- Necə düşünürsünüz, Azərbaycanın xarici siyasət idarəsi Siz dediyiniz diplomatik missiyanı yerinə yetirə biləcəkmi? [/b] - Artıq bizim diplomatiyamız birinci mərhələni uduzub. Bu gün Azərbaycanın bu şəkildə təklənməsi bizim diplomatiyamız üçün məğlubiyyətdir. Hər bir dövlətin xarici siyasətinin əsas məqsədlərindən biri odur ki, xarici siyasətdə etibarlı, strateji müttəfiqlər tapa bilsin, xarici qüvvələrlə ciddi əməkdaşlıq qursun. Əgər bu gün ABŞ, Avropa, Rusiya, Türkiyə, bütün ətrafımız protokollara bir cür, biz isə başqa cür yanaşırıqsa, deməli, bizim diplomatiyamız birinci mərhələdə uduzub. İndi çalışmaq lazımdır ki, bu çətin durumu daha da mürəkkəbləşdirməyək. Emosional, düşünülməmiş addımlar atmayaq ki, nəyisə itirmişiksə də, ikinci mərhələdə itirdiyimizi qaytara bilək. [b]- Protokollar imzalanandan sonra Azərbaycan bir qədər də Rusiyaya meylənməyə başladı... [/b] - Mən belə mesajları Azərbaycan rəsmilərindən son vaxtlar tez-tez eşitmişəm. Hesab edirəm ki, bu, çox yanlış yanaşmadır. Nəzərə almaq lazımdır ki, bu prosesə Amerika da, Rusiya da, Avropa da dəstək verir. Əgər Rusiyanın özü Türkiyə-Ermənistan yaxınlaşmasına xeyir-dua verirsə, biz necə Türkiyədən inciyib Rusiyaya yaxınlaşa bilərik? Bəziləri deyirlər ki, Türkiyəyə qazı saxlayaq, Rusiyaya sataq. Birincisi, Rusiya protokolların imzalanmasında əsas rol oynayan, təsir edən qüvvələrdən biridir. İkincisi, Rusiya Türkiyə ilə enerji, qaz mübadiləsi sahəsində çox ciddi layihələrə imza atıb. Tutalım, Azərbaycan öz qazını Türkiyəyə yox, Rusiyaya satdı. Rusiya da Azərbaycan qazını boru kəmərləri ilə yenə Türkiyəyə satacaq. Ona görə də mənə elə gəlir ki, emosiyalara qapılmaq lazım deyil. Azərbaycanın xarici siyasətində Rusiyanın öz yeri, Türkiyənin öz yeri, Amerikanın və Avropanın da öz yerləri var. [b]- Onu soruşuram ki, Azərbaycanın Rusiyaya meyllənməsi Qərbin narazılığı ilə qarşılana bilərmi? [/b] - Narazı qala bilərlər. Eyni zamanda Qərbdə bunu təəccüblə qarşılayarlar. Ona görə ki, Rusiya-Amerika münasibətlərində yeni dövrün əsası qoyulub. Artıq Amerika Rusiyaya bir sıra məsələlərdə güzəştə getməyə başlayıb. Bu gün Rusiya ilə Amerika yaxşı münasibətlər qurmağa başlayıb və Cənubi Qafqazda vahid mövqedən çıxış edirlər. İndi Rusiyanın ABŞ-dan asılacağı daha böyükdür. Belə bir şəraitdə Qərbi şantaj etmək üçün Rusiyaya niyə yaxınlaşırlar? Rusiyanın özü Amerikaya yaxınlaşır. İndi Azərbaycanın Rusiyaya yaxınlaşmasının nə mənası var? [b]- Bu yaxınlaşma Qərbdə Azərbaycana qarşı qıcıq yarada bilərmi? [/b] - Təbii ki, qıcıq yarada bilər. Bəzən yeri gələndə qıcıq yaratmaq da lazımdır, ancaq bunun konkret bir müsbət nəticəsi də olmalıdır. Nəticə olmayacaqsa, anti-Azərbaycan münasibətlərini artırmağa lüzum yoxdur. [b]- Hətta o fikirlər də səslənir ki, Amerika bundan narahat olduğu üçün hakimiyyətə təzyiq vasitəsi kimi Azərbaycan müxalifətini dirçəltmək yönündə addımlar atacaq... [/b] - Düzü, mən Amerikanın bu şəkildə mesajlarını görməmişəm. Ancaq Azərbaycanın Qərblə soyuq münasibətləri təkcə xarici siyasətlə bağlı deyil. Soyuq münasibətlər ölkə daxilində demokratik islahatların zəif getməsi, həbs olunmuş jurnalistlərlə, seçkilərlə, qanunun aliliyinin təmin olunması ilə bağlıdır. [b]- Öncə protokolların imzalanması, daha sonra bayraq məsələsi Türkiyə-Azərbaycan münasibətlərində kifayət qədər gərginlik yaratdı. Bir neçə gün öncə Abdulla Gül İlham Əliyevə telefon açdı, xarici işlər naziri Davutoğlu Bakıya gəldi və bir sıra bəyanatlar verdi. Türkiyə-Azərbaycan münasibətləri əvvəlki müstəviyə qayıtdımı? [/b] - Gəlin, Türkiyə-Azərbaycan münasibətlərində bir-birinə bağlı, paralel, eyni zamanda kifayət qədər müstəqil olan iki xətti nəzərə alaq. Birincisi, Türkiyə və Azərbaycan hakimiyyətlərinin münasibətləri, ikincisi, hər iki xalqın münasibətləri. Mənə elə gəlir ki, hər iki xətdə çox ciddi xətalara yol verilib. İki hakimiyyət arasındakı siyasi mübahisələr ola bilsin ki, qaçılmazdır. Protokolların imzalanması, Trükiyə-Ermənistan yaxınlaşması çox ciddi prosesdir və burada ciddi mübahisələrin meydana gəlməsinə təbii baxmaq lazımdır. Ancaq təəssüflər olsun ki, bu mübahisələr hər bir türkün, hər bir azərbaycanlının heysiyyatına toxunan yanlışlıqlarla müşayiət olundu. Bayraq məsələsində Türkiyə tərəfindən hansısa kiçik bir polis işçisi bu xətaya yol verdi, Azərbaycanda isə təəssüflər olsun ki, hakimiyyət dairələrindən belə bir yanlış qərarlar verildi. Mən çox narahatam ki, bu xətalı addımlar Türkiyə və Azərbaycan cəmiyyətlərində qarşılıqlı mənfi ovqat yarada bilərdi ki, insanlar on illərlə bu məsələni unuda bilməsinlər. Mənə elə gəlir ki, hər iki hakimiyyət də, mətbuat da bu məsələlərdə bir qədər ehtiyatlı olmalıdır. [b]- Bütün bunların fonunda İranla Azərbaycanın yaxınlaşması prosesi sezildi. İran birtərəfli qaydada Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etmək istəyini açıqladı. Bunu necə qiymətləndirirsiniz? [/b] - Mən onu arzulayıram ki, Azərbaycanın bütün qonşu ölkələrlə sərhədləri açıq olsun və vizasız gediş-gəliş təmin edilsin. Bu, İrana da, Türkiyəyə də, Rusiya və Gürcüstana da aiddir. Mən bunu müsbət hal kimi qəbul edirəm.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA