Ali və orta məktəblərdəki bufetlərdə insan orqanizmi üçün zərərli qidalar satılır

img

22-10-2009 [04:34]


Bəzi ali və orta məktəblərdə fəaliyyət göstərən bufetlərdə insan orqanizmi üçün zərərli qidaların satılması geniş vüsət almaqdadır. İstifadə müddəti keçmiş, mənşəyi dəqiq məlum olmayan müxtəlif un məmulatlarının, vaxtı keçmiş şirələrin, kolbasa və sosislərin satışı, təbii ki, tələbə və şagirdlərin səhhəti üçün təhlükəlidir. Əlaqədar orqanların buna qarşı ciddi mübarizəsi isə nəzər çarpmır. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Müstəqil İnformasiya Agentliyinə açıqlamasında deyib ki, keyfiyyətsiz məhsulların satışı kənd məktəblərinin bufetlərini daha çox əhatə edir. Ona görə də, 26 oktyabrdan etibarən Avropa Birliyinin layihəsi çərçivəsində Hacıqabul, Saatlı, Sabirabad, Salyan və Neftçala rayonlarındakı 20 kənd məktəbində monitorinq aparmaq qərarı veriblər. E.Hüseynovun fikrincə, hətta bu məsələ ilə bağlı kənd məktəblərinə gedib, şagird və müəllimlərlə görüşmək fikrindədir: ?İstehlakçıların hüquqları barədə onları məlumatlandıracayıq. O cümlədən, məktəb bufetlərində, kənd yerlərində satılan təhlükəli ərzaqların və digər zərərli xidmətlərin qarşısının alınması üçün işlər görüləcək. Azərbaycan Respublikası Prezidentinin 24 iyulda imzaladığı qanunun mahiyyətindən də məlumat verəcəyik ki, beynəlxalq qanunlar ihtehlakçıların hüquqlarını müdafiə edir. Həm də istəyirik ki, kənd məktəblərinin bufetlərində kassa aparatları qoyulsun. Başqa sözlə, biz ?Gənc İstehlakçılar Klubları? yaradacayıq. Bununla bağlı Təhsil Nazirliyinin icazəsi də var. 26 oktyabrda bu yönlü işlər görüləcək?. E.Hüseynov onu da bildirib ki, məktəb bufetlərində kassa apartlarının olmaması da qanun pozuntusudur: ?Mənə çox maraqlıdır ki, Vergilər Nazirliyi məktəblərdəki bufetlərdə kassa aparatlarının olmamasına niyə göz yumur? Çünki hüquqi cəmiyyətdə yaşamaq, insan hüquqlarına hörmət uşaqlara uşaq vaxtlarından aşlanılmalıdır. Uşaqlar məktəb bufetindən mal alırsa, ona kassa çeki verilmirsə və ya həmin məktəbliyə keyfiyyətsiz, vaxtı keçmiş, çürümüş mal satılırsa, onun artıq hüquqi cəmiyyətdə yaşamaq düşüncələri alt-üst olur. Əgər məktəbli bufetdən aldığı məhsulun çekini tələb etmirsə və yaxud da ona keyfiyyətsiz məhsul satılırsa, deməli, onun hüququ pozulur?. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə məsələyələ əlaqədar Müstəqil İnformasiya Agentliyinə deyib ki, məktəblərdəki bufetlərdə monitorinqlərə artıq başlanıb: ?Monitorinqlərin nəticəsi olaraq Bakı Baş İaşə və Tələbə Obyektlərinin müdiriyyəti və onların bəzi yerlərdə fəaliyyət göstərən şöbələrinin rəisləri tərəfimizdən cərimələnib?. Z.Kazımovun sözlərinə görə, məktəblərin bufetlərindəki sanitar texniki vəziyyət də öyrənilib, satışa gətirilən ərzaq məhsullarının gigiyenik sertifikatının olub-olmaması, həmin bufetlərdə işləyənlərin tibb müayinəsindən keçməsi məsələsi araşdırılıb: ?Artıq yeni tədris ilində də məktəb bufetlərində bu yönlü işlər davam etdirilir?. Monitorinqlərin nəticəsinə gəlincə, Z.Kazımov deyib ki, məktəblərin sayının 300-dən artıq olması nəticələrin yubadılmasına gətirib çıxarır: ?Yəqin ki, dərs ilinin birinci rübündən dərhal sonra yekun olaraq, mətbuata açıqlama verəcəyik?. Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev isə şagirdlərə satılan qidalarla bağlı danışarkən MİA-nın əməkdaşına bildirib ki, məhsulların üzərində baktereoloji laborator tədqiqatlar, kimyəvi müayinələr, toksikoloji və radioloji müayinələr aparılır: ?Ən çox məhsulların bakteroloji çirklənmə hallarına rast gəlinir. Toksikoloji və kimyəvi çirklənməyə nadir hallarda rast gəlinir. Radioloji çirklənməyə isə demək olar ki, qidalarda rast gəlinmir. Bakteroloji çirklənməyə gəlincə, bildiyiniz kimi, bakteriya özü canlı orqan olaraq, bütün qida məhsullarını əhatə edir. Əksər məhsullar saxlanılarkən, daşınarkən və satışa verilərkən çirkləndirilir. Bu artıq orada istifadə olunan avadanlıqların, əşyaların vasitəsi ilə çirklənərsə, bu, məhsulun 2-ci növ çirklənməsi adlandırılır. 2-ci növ çirklənmə isə insan həyatı üçün çox təhlükəli rol oynayır. Əgər çirklənmiş məhsulları insan mütəmadi olaraq qəbul edirsə, həmin insanlarda qida zəhərlənməsi təzahürləri yaranır. Bu da özünü toksifengif şəkilində göstərir. Yəni qidalar vasitəsi ilə keçən infeksiyaların toksinləri, müxtəlif bağırsaq çöp mənşəli qurdlar və s. buraya daxildir. Məhsullar vasitəsi daxil olan mikroblar bağırsaqda və onlardan ayrılan toksinlər insan orqanizmlərinə zəhərləyici təsir göstərir?. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı isə Müstəqil İnformasiya Agentliyinin əməkdaşına deyib ki, nəzarətlərindəki məktəblərin bufetləri onların tabeliyində deyil: ?Ona biz nəzarət etmirik. Bufetlərə nəzarəti digər qurum yerinə yetirir?. Məsələylə əlaqədar Təhsil Nazirliyinin mövqeyini öyrənmək cəhdimiz isə alınmadı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA