Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının yekunlarına həsr olunmuz geniz iclası keçirilib

img

16-10-2009 [06:54]


Oktyabrın 16-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclası keçirilib. İlham Əliyev deyib ki, bu ilin 9 ayında Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. Bu il dünyada maliyyə böhranının, ölkələrin əksəriyyətində iqtisadi tənəzzülün yaşandığı bir vaxtda Azərbaycan iqtisadiyyatında müsbət meyillər müşahidə olunmaqda davam edir. ?Biz iqtisadi siyasətimizi apararkən daxili resurslarımıza əsaslanırıq?, - deyən dövlətimizin başçısı bildirib ki, belə olan halda Azərbaycan iqtisadiyyatı istənilən vəziyyətdən çıxa bilər. Bu ilin 9 ayında ölkədə ümumi daxili məhsul 6,1 faiz, sənaye istehsalı 5 faiz artmışdır. İlin 9 ayında kənd təsərrüfatında da 3 faiz artım qeydə alınmışdır. Bu il ilk dəfə Azərbaycanda rekord səviyyədə - 3 milyon ton taxıl istehsal edilmişdir. Bu isə aqrar sahədə həyata keçirilən kompleks tədbirlər nəticəsində mümkün olmuşdur. Cari ilin 9 ayında ölkədə makroiqtisadi vəziyyət sabit olmuş, inflyasiya 2,1 faiz təşkil etmişdir. Bu da onu göstərir ki, dünyada hökm sürən maliyyə böhranının Azərbaycan vətəndaşlarının həyatına təsiri minimum səviyyədə olmuş, manat öz sabitliyini qorumuşdur. Doqquz ayda əhalinin pul gəlirləri təxminən 10 faiz, orta aylıq əmək haqqı 15 faiz artmışdır. İndi Azərbaycanın valyuta ehtiyatları 19 milyard dollardır. Hazırda 50 min ailə ünvanlı sosial yardım alır və bu proqram ümumilikdə 700 min insanı əhatə edir. ?Biz tam əminik ki, yürütdüyümüz siyasət Azərbaycan xalqının mənafeyinə xidmət edir?, - deyən Prezident İlham Əliyev bunun ən gözəl örnəyinin bu ilin 9 ayının yekunlarında da əks olunduğunu bildirmişdir. Dövlətimizin başçısı Azərbaycanda neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldildiyini diqqətə çatdıraraq bildirmişdir ki, görülən tədbirlər sayəsində ölkədə yoxsulluğun səviyyəsi aşağı düşmüşdür. 2003-cü ildən bəri Azərbaycanda 824 min yeni iş yeri açılmışdır. Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmişdir. Prezident qeyd edib ki, Azərbaycan Ordusu regionda ən güclüdür və ən böyük hərbi potensiala malikdir. Çünki ölkəmiz müharibə şəraitində yaşayır, Dağlıq Qarabağ münaqişəsi hələ ki, həll olunmayıb, bunun yeganə səbəbi isə Ermənistanın qeyri-konstruktiv mövqeyidir. İndi Ermənistan danışıqlar prosesində vaxt uzatmaq taktikasını tətbiq edir. Azərbaycan isə öz prinsipial mövqeyindən geri çəkilmək fikrində deyildir. ?Bölgədə yaşanan son hadisələr ola bilsin ki, Ermənistanı bir qədər ruhlandırıb?, - deyən Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycanın bölgədə və dünyada artan rolu Ermənistanı təcrid vəziyyətindən çıxmağa heç vaxt imkan verməyəcəkdir. Bu vəziyyətin yaranmasının əsl günahkarı Ermənistan rəhbərliyinin özüdür. Azərbaycan isə öz milli maraqları uğrunda sona qədər mübarizə aparacaqdır. Çünki bu mübarizə haqq-ədalət mübarizəsidir. Dövlətimizin başçısı demişdir ki, bölgədə status-kvo ölkəmizin xeyrinə dəyişməlidir, əks halda Azərbaycan vəziyyətlə barışmayacaqdır. Çünki Azərbaycanın iştirakı olmadan bölgədə heç bir təşəbbüs reallaşa bilməz. Sonra iqtisadi inkişaf naziri Şahin Mustafayev, təhsil naziri Misir Mərdanov, nəqliyyat naziri Ziya Məmmədov, sənaye və energetika naziri Natiq Əliyev bu ilin 9 ayında ölkədə həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə məruzə etmişlər. Prezident İlham Əliyev yekun nitqində bildirmişdir ki, ilin sonuna az qalmasına baxmayaraq, iqtisadi inkişaf tempi saxlanılmalıdır. 2003-2008-ci illərdəki iqtisadi inkişafın gələcək üçün gözəl zəmin yaratdığını deyən dövlətimizin başçısı əmin olduğunu bildirmişdir ki, uğurlu iqtisadi göstəricilər 2010-cu ildə də davamlı xarakterini saxlayacaqdır. Bizim fəaliyyətimiz beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir. ?Belə olmasaydı, Dünya Bankı Azərbaycanı 2008-ci ildə ən islahatçı ölkə kimi tanımazdı?, - deyən Prezident İlham Əliyev diqqətə çatdırmışdır ki, Dünya İqtisadi Forumu ölkəmizi rəqabət qabiliyyətliliyinə görə dünyada 51-ci, MDB-də 1-ci ölkə elan etmişdir. Prezident İlham Əliyev qeyd etmişdir ki, gələn ilin dövlət büdcəsi balanslaşdırılmış səviyyədə tərtib olunmuş, neftin 1 barrelinin qiyməti büdcədə 45 dollar müəyyən edilmişdir. Dövlət başçısı Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişinin başa çatdırılması, Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisinin sürətləndirilməsi barədə tapşırıqlarını vermişdir. Bildirmişdir ki, indi Azərbaycan özünü enerji ilə tam təchiz etməklə bərabər artıq digər ölkələrə də elektrik enerjisi ixrac edir. Gələn ilin əvvəlindən isə alternativ enerji mənbələrinin yaradılması diqqətdə saxlanılacaqdır. ?Gələn il ekoloji tədbirlər də gücləndiriləcək?, - deyən Prezident İlham Əliyev 2010-cu ilin ölkəmizdə ?Ekologiya ili? elan edilməsi təşəbbüsü ilə çıxış etmişdir. ?Qaz təsərrüfatında müasir standartlar tətbiq olunmalı, qaz anbarlarında yenidənqurma işləri aparılmalıdır?, - deyən dövlətimizin başçısı gələcəkdə Azərbaycan qazının enerji təhlükəsizliyi məsələlərində daha mühüm rol oynayacağını, bölgə ölkələrinin Azərbaycanın enerji resurslarına ehtiyacının olduğunu bildirmişdir. Qeyd etmişdir ki, Türkiyə ilə qaz sahəsində tranzit məsələlərinin hələ də həll edilməməsi Azərbaycan qazının Avropaya tam gücü ilə nəqlinə mane olur. Gələn ildən Azərbaycan qazı Rusiyaya ixrac ediləcəkdir və perspektivdə İrana da qaz ixracı həyata keçirilə bilər. Dövlət başçısı 9 ayın yekunlarından razı qaldığını və xalqımızın milli maraqlarının təmin olunması üçün işlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini bildirmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA