Qubada yeni kütləvi məzarlıqlar var

img

12-10-2009 [07:39]


"Erməni vəhşiliyinin bariz nümunəsi olan Qubadakı kütləvi məzarlıq 2007-ci il aprel ayının 1-də aşkarlanıb. Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən ərazidə aparılan qazıntılardan sonra Qubada yaşayan müxtəlif xalqların nümayəndələrinin ötən əsrin 18-ci ilində ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirildiyi təsdiqlənib". Bu sözləri açıqlamasında Quba ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev deyib. Q.Ağayev bildirib ki, ərazidə aparılan tədqiqat nəticəsində günahsız insanların kütləvi şəkildə basdırıldığı iki quyu və iki arx müəyyən edilib. Onun sözlərinə görə, erməni vəhşiliyinin qurbanı olan insanların sayını ancaq əldə edilmiş kəllələrin vasitəsilə dəqiqləşdirmək mümkün olub: "Arxlarda apardığımız qazıntı işləri zamanı 211 insan kəlləsi tapılıb. Qətlə yetirilərək, quyularda basdırılan insanların sayı isə 400-dən çoxdur. Kəllələrə baxış zamanı erməni vəhşiliyinin qurbanları arasında çoxlu sayda qadın və uşağın da olduğu müəyyən edilib". Ekspedisiya rəhbəri deyib ki, Qubada aparılan qazıntı işləri hələlik 514 kv.metrlik ərazini əhatə edir. Ancaq gələcəkdə arxeoloji qazıntıların coğrafiyası daha da genişləndirilə bilər. Buna səbəb ermənilərin ötən əsrin 18-ci ilində Qubanın başqa bölgələrində də soyqırım törətməsi olub. Tarixçinin sözlərinə görə, hazırda Quba rayon Hərbi Komissarlığının yerləşdiyi ərazinin yaxınlığında da kütləvi məzarlığın olduğu ehtimal edilir. Qubanın yaşlı sakinlərinin verdiyi informasiyalar bu ehtimalı daha da artırır. Q.Ağayev bildirib ki, ərazidə sürüşmənin qarşısını almaq üçün bir müddət əvvəl Nazirlər Kabinetinə müraciət ediblər. Həmçinin sümüklərin çürüməsinin qarşısını almaq üçün Səhiyyə Nazirliyinin Ekzpertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayevlə də danışıqlar aparılıb. Bunun nəticəsində üzdə olan sümüklər toplanaraq, laborotoriyaya göndərilib. Quyulardakı sümüklər isə xüsusi kimyəvi məhlul vasitəsilə yerində təmizlənəcək. Sonda alim əlaqədar təşkilatlara müracət edərək, sürüşmə təhlükəsinin qarşısını almaq üçün ərazidə beton hasar çəkilməsinin vacibliyini vurğulayıb. Q.Ağayev deyib ki, Quba məzarlığı ermənilərin iç üzünü açan ən ciddi tarixi-siyasi sübut olduğu üçün onu qorumaq lazımdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA