QAT Türkiyə səfirliyi qarzısında etiraz aksiyası keçirəcək

img

12-10-2009 [06:00]


Bu gün Qarabağ Azadlıq Təşkilatının idarə heyətinin geniş formatda fövqəladə iclası keçirilib. QAT-ın mətbuat xidmətindən Müstəqil İformasiya Agentliyinə məlumatına görə, iclasda Türkiyə ilə Ermənistan arasında protokolların imzalanması ilə bağlı yaranmış yeni vəziyyət müzakirə olunub, təşkilatın atacağı addımlara dair qərarlar qəbul olunub. İclasda torpaqlarımızın azad olunması istiqamətində hakimiyyətin dərhal təsirli addımlar atmalı olduğu, yalnız öz gücümüzə arxalanmalı olduğumuz xüsusi olaraq vurğulanıb, cəmiyyətin bütün qüvvələrinin səfərbər edilməsi, Qarabağa dair vahid konsepsiyanın və hərəkət planının hazırlanması üçün tədbirlər müəyyən edilib. İclas iştirakçıları konkret etiraz aksiyalarının keçirilməsinə də qərar veriblər. İlk etiraz aksiyasının oktyabrın 13-də saat 12:00-da Türkiyə səfirliyi binasının qarşısında keçirilməsi nəzərdə tutulub. QAT həmçinin bəyanat qəbul edib. Bəyanatda qeyd olunur ki, Türkiyə iqtidarının Ermənistanla rüsvayçı ?İsveçrə protokollar?nı imzalaması Azərbaycanın maraqlarına xəyanətdir: "Gül-Ərdoğan-Davudoğlu üçlüyü bu günə qədər dostluq və qardaşlığa dair yalançı bəyanatlar verib və sonda Azərbaycana arxadan zərbə vurub. Azərbaycanın torpaqlarını işğal altında saxlayan Ermənistanla münasibətlərin normallaşdırılmasına, sərhədlərin açılmasına yönəlmiş addımların başqa adı yoxdur. Gül-Ərdoğan-Davudoğlu iqtidarı bu addımı atmaqla beynəlxalq güclərin sifarişini yerinə yetirir və Türkiyəni fəlakətə doğru sürükləyir. Beynəlxalq güclər yüz ildən bir qədər çox vaxt ərzində Türkiyənin məhvinə dair cızdıqları planı bu gün bu iqtidarın əli ilə həyata keçirirlər. ABŞ Konqresinin 1896-cı il yanvarın 31-də qəbul etdiyi məxfi qərar, Birinci dünya müharibəsindən sonra ABŞ və İngiltərənin qurduğu plan, İkinci dünya müharibəsindən sonra isə Sovet İttifaqının göstərdiyi cəhdlərin qarşısı türk xalqının, Atatürk və digər liderlərinin iradəsi ilə alındı. Bu gün isə belə bir iradə yoxdur. Və əksinə, Türkiyənin məhvinə yönəlik planın reallaşdırılmasına yardım edən bir qrup iqtidara gətirilib. Bu iqtidar 1920-ci ildə imzalanıb, lakin Atatürkün iradəsi ilə qarşısı alınmış Sevr müqaviləsinin bu gün başqa ad altında həyata keçirilməsi ilə məşğuldur. Türkiyə iqtidarının bu protokolları imzalaması Qarabağ danışıqlarında Azərbaycanın mövqeyinə ağır zərbə vurub. Türkiyə bu hərəkəti ilə Ermənistanın işğalçılıq aktına və torpaqları hələ də işğal altında saxlamasına bəraət qazandırır və Ermənistanın Qarabağ danışıqlarında daha iddialı və barışmaz tərəfə çevrilməsinə şərait yaradır. Türkiyə iqtidarı Azərbaycanın maraqlarından vaz keçib, Qarabağ təəssübkeşliyindən imtina edib və Dağlıq Qarabağın Ermənistana təhvil verilməsi siyasətində bir alətə çevrilib. Biz A.Gül, R.T.Ərdoğan və Ə.Davudoğlunu Azərbaycan üçün arzuolunmaz şəxslər elan edir, onların Azərbaycana səfərlərinin bizim tərəfimizdən etiraz aksiyaları ilə qarşılanacağını bildiririk. Biz həmçinin türk xalqını və Türkiyə Böyük Millət Məclisini bu protokolları təsdiq etməməyə çağırır və əmin olduğumuzu bildiririk ki, Türkiyədə hakimiyyətə gələcək yeni iqtidar bu protokolları dərhal ləğv edəcək. Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, Azərbaycan hakimiyyəti Türkiyə iqtidarı ilə münasibətlərə yenidən baxmalı, yalnız öz gücünə arxalanmalı və xalqın bütün qüvvələrini səfərbər edərək düşməni ərazilərimizdən çıxarmalı, tezliklə Qarabağı işğaldan azad etməlidir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA