12-10-2009 [03:41]
Dövlət Mənzil Fondunun sərəncamında olan 15 faizdən çox hələ də özəlləşdirilməyən mənzil sahibləri ciddi narahatlıq içindədir. Çünki yeni qəbul edilən Mənzil Məcəlləsində həmin mənzillərin sosial kirayə predmetinə çevrilməsi və uzunmüddətli mənzil-komunal borcları səbəbindən vətəndaşın əlindən alınması dolayısı yolla qeyd edilib.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Nazim Məmmədov Müstəqil İnformasiya Agentliyinə açıqlamasında yeni Mənzil Məcəlləsində özəlləşdirilməyən mənzillərin vətəndaşdan geri alınması məsələsinin birmənalı göstərilmədiyini deyib: ?Bu, qanunda birbaşa yazılmır. Heç buna ehtiyac da yoxdur. Sadəcə, bütün ölkələrdə olduğu kimi sosial kirayə müqavilələri mövcuddur. Azərbaycanın hələ yeni məcəlləsi qəbul edilənə qədər mövcud olan qanunvericiliyi də buna imkan verir. Yəni kifayət qədər komunal xərcləri yığılmış vətəndaşı aidiyyəti dövlət qurumları məhkəməyə verərək, borca görə onun mənzil əmlakını hərrac yolu ilə satdıra bilər. Ancaq söhbət ondan getmir ki, özəlləşdirilməyən evləri dövlət geri alacaq. Heç də bu belə deyil. Ən azı ona görə ki, həmin mənzilləri Dövlət Mənzil Fondu vətəndaşa əvəzsiz olaraq verib, özəlləşdirilmə üçün heç bir əlavə vəsait tələb olunmur. Yalnız dövlət rüsumu olaraq ona çəkilən xərcləri ödəmək tələb olunur. Bu da çox kiçik rəqəmdir. Dövlət rüsumunu ödəməklə və vətəndaş müvafiq sənədləri toplamaqla Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək mənzilini özəlləşdirə bilər. Başqa sözlə, mülkiyət hüququnu təsdiq edən sənədi ala bilər?.
Müsahibimizin sözlərinə görə, özəlləşdirilənlə özəlləşdirilməyən mənzilin fərqi ondan ibarətdir ki, vətəndaş birinci halda özəlləşdirdiyi mənzili sonradan vərəsəlik hüququ əsasında övladlarının da adına keçirə bilir: ?Burada bir sıra problemlər var ki, əgər mənzilin mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdursa, onun sonradan mülki problemləri çıxır. O baxımdan tövsiyəmiz ondan biarətdir ki, Dövlət Mənzil Fondunda olan mənzillər özəlləşdirilsin. Bu iqtisadi fəaliyyətlə məşğul olanlara da dəstək ola bilər. Çünki şəhadətnaməsi olmayan mənzili girov obyektinə çevirib, kredit götürmək də olmur. Bu baxımdan məqsədəuyğundur ki, vətəndaş özəlləşdirilmə prosesini sona çatdırsın?.
N.Məmmədov bildirib ki, vətəndaş Dövlət Mənzil Fondunda olan mənzillərini özəlləşdirməsə, onlarla da sosial kirayə müqavilələri bağlanacaq: ?Yəni orderlər kirayə müqavilələri ilə əvəz olunacaq. Bu müqavilələrdə isə şərtlər daha da sərtdir. Orada tərəflərin hüquq və vəzifələri dəqiq göstərilir. Kommunal xərclərin ödənilməməsi və binanın cari təmiri də Mənzil Məcəlləsinin əhatə dairəsindədir. Bu məcəllədə bütün hüquqlar və münasibətlər müqavilə şəklinə düşür. Hətta ekoloji, təhlükəsizlik baxımından qonşulara maneçilik törətməməsi kimi ciddi məhdudiyyətlər mövcuddur. Bu isə sivil dövlətin tələblərinə uyğundur. Həmin məhdudiyyətlər sosial kirayə müqaviləsinə salınacaq. Artıq Nazirlər Kabinetinə bu qaydaların hazırlanması üçün konkret tapşırıqlar verilib?.
Qeyd edək ki, Dövlət Mənzil Fondunun ehtiyatında olan mənzillərin özəlləşdirilməməsinin digər səbəblərindən biri də özəlləşdirə bilməmələridir. Xüsusi mənzil sahələri, tələbə yataqxanaları və ya dövlət xidmətində olan insanlar, hərbçilər və digər kateqoriyadan olan vətəndaşlar üçün verilmiş xidməti mənzillər bu gün məcburi köçkünlərin məskunlaşdığı yerlər olub. Hələ də bir çox insanlar köhnə orderlər əsasında həmin mənzillərdən istifadə edirlər. Onlar sənədlərini reyestr xidmətinə təqdim edib, mənzil hüquqlarını tanıtmaq istəsələr də oradan məcburi köçkünlərin istifadəsində olan mənzilin özəlləşdirilməsinin mümkünsüzlüyü bildirilib.
Bu məsələyə də aydınlıq gətirən iqtisadçı deputat Nazim Məmmədovun fikrincə, bütün bu məsələlər o vaxt həllini tapa bilər ki, torpaqlarımız geri qayıtsın və nə qədər xüsusi mənzillərin istifadəyə yararlı olub-olmadığı müəyyənləşsin: ?Dövlət Reyestr Xidmətinin vətəndaşları geri qaytarması düzgün deyil. Əgər vətəndaş order alıbsa, amma məcburi köçkünlərin məskunlaşması səbəbindən orada yaşaması mümkün olmayıbsa, bu onun mənzil hüququnun tanınmamasına maneçilik törədə bilməz. Düzdür, qaçqın, köçkün ailələrinin torpaqları geri alınana qədər məskunlaşdığı yerdən çıxarılmasını qadağan edən sərəncam verilib. Lakin fərmanda deyilməyib ki, həmin mənzilin həqiqi sahibinin mülkiyyət hüquq tanınmasın. Hesab edirəm ki, həmin vətəndaşlar fərdi qaydada mülkiyətini təyin edən sənəd ala bilərlər. Elə insanlara rədd cavabının verilməsi qanunsuzluqdur?.
Komitə üzvi qeyd edib ki, hətta tikintisi başa çatan, ancaq orderləri paylanmayan binalardakı mənzillərin də hər birinə mülkiyyət hüququnu müəyyən etmək indiki qanunla qadağan deyil: ?Burada problem yoxdur. Problemin həlli üçün insanlar anlaqlı olmalıdırlar. Mütəmadi olaraq məhkəmələrə müraciət edib, qarışıqlıq da yaratmaq olmaz. Köçkünlərin evlərinə qayıtmasına qədər dözmək lazımdır?.
Daşınmaz əmlak bazarını araşdıran ekspert Nüsrət İbrahimov da deyib ki,
vətəndaşın istifadəsində olan mənzilin özəlləşdirilməsi üçün müəyyən müddət qoyulmalıdır: ?Onlar həmin vaxtdan sonra orada yaşayışçı kimi olacaq. Daha mənzilin alınması heç bir sivil qaydalara uyğun deyil?.