Artur Rasizadə çexiyanın hökumət nümayəndələri ilə göruzüb

img

02-10-2009 [06:01]


Bu gün baş nazir Artur Rasizadə ölkəmizdə səfərdə olan Çexiya Baş nazirinin müavini, müdafiə naziri Martin Bartakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. A.Rasizadə son zamanlar Azərbaycan və Çexiya arasında siyasi əlaqələrin, dialoqun artdığını diqqətə çatdırıb. Qeyd edilib ki, Çexiyadan müxtəlif səviyyəli nümayəndə heyətlərinin Azərbaycana səfərləri dövlətlərarası əlaqələrin daha da genişlənməsinə, ikitərəfli münasibətlərin, əməkdaşlığın inkişafına güclü təkan verir. Baş nazir Azərbaycanın son illərdəki uğurları, həyata keçirilən Dövlət Proqramları, iri layihələr haqqında, dövlətimizin xarici siyasətinin prioritet istiqamətləri barədə ətraflı məlumat verib. Bildirib ki, dünyanı bürümüş iqtisadi və maliyyə böhranı Azərbaycana cüzi təsir etmiş, cari ilin səkkiz ayında ölkədə ümumi daxili məhsul 5 faiz, son beş ildə isə 2,6 dəfə artıb. Respublikada enerji daşıyıcılarının nəqli ilə bağlı regional layihələr həyata keçirilmiş, eyni zamanda qeyri-neft sektoru da prioritet sahələrdən birinə çevrilib. Çexiyanın hələ keçmiş zamanlardan maşınqayırma, emal və s. sahələrdə böyük təcrübəyə malik olduğunu söyləyən A.Rasizadə, Azərbaycanın dost ölkənin bu təcrübəsindən bəhrələnmək istədiyini diqqətə çatdırıb. Avropanın, o cümlədən Çexiyanın enerji təhlükəsizliyinə Azərbaycanın töhfə verməyə hazır olduğu da qeyd edilib. Məqsəd ölkələrimiz arasında hərtərəfli əlaqələrin daha da inkişaf etdirilməsidir və bu istiqamətdə artıq əməli işlər görülür. Qonaqları xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandıran Baş nazir bildirmişdir ki, təcavüzkar Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından problem hələ də həllini tapmayıb. Vurğulanıb ki, bu münaqişə sülh yolu ilə, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq normalar əsasında həll edilməlidir. A.Rasizadə Çexiyanın müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini, mənafeyini müdafiə etdiyinə görə minnətdarlığını bildirib. Çexiya Baş nazirinin müavini, müdafiə naziri Martin Bartak səfər çərçivəsində keçirdiyi görüşlərin ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəyini söyləyib. M.Bartak vurğulayıb ki, Çexiya Cənubi Qafqaz regionunda lider dövlət kimi tanınan Azərbaycan ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadi, enerji təhlükəsizliyi, hərbi istiqamətlərdə əməkdaşlıq etməkdə maraqlıdır. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA