Avropa Uzaq Hüquqları Ombudsmanları Şəbəkəsinin konfransı keçirilib

img

29-09-2009 [12:53]


Azərbaycan ombudsmanı Elmira Süleymanova Paris şəhərində Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsi (ENOC) və Fransanın Uşaq Hüquqları Müdafiəçisi tərəfindən qurumun 13-cü illik konfransında iştirak edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, konfransa 25 ölkənin 50-dən çox ombudsmanı və onların əməkdaşları, müxtəlif beynəlxalq təşkilatların və uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-lərin nümayəndələri qatılıblar. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberq tədbir iştirakçılarını video bağlantı vasitəsilə salamlayaraq, onlara uşaqların hüquqlarının müdafiəsinə yönəlmiş fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, ?Uşaqların ən yaxşı maraqları? anlayışı çox vaxt yanlış şərh olunur və bu səbəbdən həmin anlayışın unifikasiyası və konkretləşməsinə ehtiyac duyulur. Eyni zamanda bu prosesə uşaqların özlərinin cəlb olunmasının, ümumiyyətlə, onların qərarların qəbul olunmasında iştirakının təmin edilməsinin və bütün bunların siyasi gündəmə daxil olunmasının vacibliyi vurğulanıb. Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinin sədri Emili Loqan və Fransanın Uşaq Hüquqları Müdafiəcisi Dominik Versini şəbəkənin fəaliyəti, əldə olunmuş uğurlar və mövcud problemlər barədə məlumat veriblər. Azərbaycan ombudsmanı öz çıxışında ölkəmizdə uşaq hüquqları sahəsində aparılan islahatlar, nəticələr, gələcək perspektivlər, de-institutlaşma proqramının həyata keçirilməsi, yuvenal ədliyyə sistemi, uşaqlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində atılan addımlar və digər məsələlərlə bağlı görülən işlər haqqında məlumatları konfrans iştirakçıların diqqətinə çatdırıb. Konfrans çərçivəsində uşaq hüquqlarına aid müxtəlif mövzulara, o cümlədən bu istiqamətdə qanunvericiliyin təkmilləşməsi, uşaqların ən yaxşı maraqları üzrə effektiv mexanizmlərin hazırlanması, yetkinlik yaşına çatmayanların beynəlxalq ədalət sisteminə çıxışı və digər məsələlərə dair məruzələr dinlənilib, müzakirələr aparılıb. Avropa Komissiyasının vitse-prezidenti Jak Barrot öz çıxışında uşaq hüquqlarının müdafiəsi sahəsində Avropa Birliyinin prioritetləri haqda məlumat verib. Azərbaycan ombudsmanı keçmiş Sovet İttifaqı ölkələrinin xüsusiyyətlərini nəzərə alınmasının və layihələrin buna uyğun həyata keçirilməsinin vacibliyini J.Barrotun diqqətinə çatdırıb. J.Barrot bununla razılaşaraq qeyd olunanların gələcək layihələrdə nəzərə alınacağını bildirib. Konfransın sonunda ENOC-un Baş Assambleyasının iclası keçirilib və şəbəkənin mühüm vəzifələri, gələcək strategiyası və planları müzakirə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA