ADP Qarabağ və Respublika Uğrunda Hərəkatdakı partiyaları biriliyi qorumağa çağırdı

img

28-09-2009 [04:25]


Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər və partiyanın qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq vəziyyəti əsas müzakirə obyekti olub. Öncə BMT-in yüksək səviyyədə təşkil olunmuş 64-cü sessiyasına diqqət çəkən İdarə Heyəti üzvləri sessiyada müzakirə olunan məsələlərin hər bir dünya ölkəsinə təsiri baxımından əhəmiyyət daşıdığını xüsusi qeyd edib. İdarə Heyəti ABŞ prezidenti Barak Obamanın dünyanın artıq birqütblü siyasətlə deyil, yalnız bütün dövlətlərin fəal iştirakı ilə idarəedilməsinin mümkünlüyü ilə bağlı səsləndirdiyi bəyanatı təqdir edib. Türkiyə BMM-in sədri M.Şahinin Azərbaycana səfəri zamanı müzakirə olunan məsələlərə mövqe sərgiləyən İdarə Heyəti üzvləri bir daha Ermənistanla sərhədlərin açılmasının yalnız Azərbaycan dövlətinin milli maraqlarının beynəlxalq səviyyədə qorunması qarantiyası altında mümkün olduğunu bildirib və əks halda Türkiyə BMM-də bu məsələnin əleyhinə qərar qəbul ediləcəyinə ümidvar olduğunu ifadə edib. İdarə Heyəti son vaxtlar Qarabağ və Respublika Uğrunda Hərəkat daxilində baş qaldıran mübahisələrlə bağlı məsələyə də diqqət yetirərək, bu cür fikir ayrılıqlarının mətbuatda vaxtından əvvəl müzakirəsinin ziyanlı olduğunu və yaranmış vəziyyətin ictimaiyyətdə narahatçılıq doğurduğunu bildirib. Ona görə də İdarə Heyəti Hərəkata daxil olan partiyaların rəhbərlərinə müraciət edərək, onları müxalifətin birliyinə xələl gətirən addımlar atmamağa, qarşılıqlı kompromislər yolunu davam etdirməyə, bu hərəkatla bağlı yaranmış ictimai rəyi nəzərə almağa və nəhayət bu birliyi ümumi məqsədlərimizə çatanadək qoruyub saxlamağa səy göstərməyə çağırır. İdarə Heyətinin iclasında bələdiyyə seçkilərinə hazırlıqla bağlı məsələ də müzakirə edilib və qurumun növbəti iclasında bu məsələ ilə bağlı son qərarın verilməsi qərarlaşdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA