Daxili izlər naziri Ramil Usubov polis əməkdazlarına xəbərdarlıq edib

img

28-09-2009 [01:03]


Daxili İşlər Nazirliyində "Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınmamış meyitlərin şəxsiyyətinin müəyyən edilməsi işi"nin və "Daxili işlər orqanlarında peşə hazırlığının və xidməti dərslərin təşkili"nin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. DİN-in mətbuat xidmətindən Ğüstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, nazir, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib. O, qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, 2009-cu ilin 8 ayında da daxili işlər orqanları tərəfindən ölkənin qanunvericilik aktlarından, Prezidentin fərman və sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində davam etdirilən məqsədyönlü tədbirlər çərçivəsində təqsirləndirilən və xəbərsiz itkn düşmüş şəxslərin axtarışı, tanınmamış meyitlərin şəxsiyyətinin müəyyən edilməsi işi də nəzarətdə saxlanılmaqla bu istiqamətdə müəyyən uğurlar əldə edilib. Nazir daha sonra deyib ki, əldə olunmuş bir sıra uğurlarla yanaşı, bəzi şəhər-rayon polis orqanlarının fəaliyyətində hələ də ciddi nöqsan və çatışmazlıqlar mövcuddur. Nazir onların konkret həlli yolları göstərilməklə ilin sonunadək aradan qaldırılmasının vacibliyini vurğulayıb. Gündəlikdəki birinci məsələ barədə məruzə ilə çıxış edən Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini, polis polkovniki Arzu Daşdəmirov deyib ki, bu ilin 8 ayı ərzində daxili işlər orqanları tərəfindən axtarılan 1528, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 70 təqsirləndirilən şəxs tutulub, MDB ölkələrinin hüquq-mühafizə orqanları tərəfindən axtarılan 73 nəfərin yeri müəyyən edilib. Ötən ilin 8 ayı ilə müqayisədə axtarışda qalanların sayı 10,5 faiz, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 5,5 faiz azalmış, qəsdən adam öldürmə, adam oğurluğu, quldurluq, hədə-qorxu ilə tələb etmə, zorlama faktlarına görə axtarılanların tutulma göstəriciləri xeyli yaxşılaşıb. Ümumilikdə cari ilin 8 ayı ərzində axtarılan itkin düşmüş şəxslərin 62,7 faizinin yeri müəyyən olunub, ötən ilin eyni dövrü ilə müqayisədə onların sayı 14,6 faiz azalıb. Ayrı-ayrı polis orqanlarının fəaliyyətində olan nöqsan və çatışmazlıqlar isə əsasən aidiyyəti əməkdaşlar tərəfindən DİN-in müvafiq normativ-hüquqi aktlarının tələblərinin tam mənimsənilməməsi, onların bir çoxlarının peşə hazırlığının aşağı olması, habelə rəhbər vəzifəli şəxslərin nəzarət və tələbkarlığının zəiflətləmələrinin nəticəsi kimi ortaya çıxır. Baş Kadrlar İdarəsinin rəisi, polis polkovniki İsmət Əliyev gündəlikdəki ikinci məsələ ilə əlaqədar məruzə ilə çıxış edərək bildirib ki, 2008-ci ildə və cari ilin ötən dövründə nazirliyin tədris muəssisələrində və baza orqanlarında keçirilmiş muxtəlif növ tədbirlərə, o cümlədən ixtisasartırma və ilkin hazırlıq kurslarına ayrı-ayrı xidmətlər və ixtisaslar üzrə 11736 əməkdaş cəlb edilib, 361 nəfər isə xarici dövlətlərdə və beynəlxalq təşkilatların respublikada keçirdikləri təlimlərdə iştirak edib. Peşəkar idarəetmə bacarığının təkmilləşdirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiq edilməsi məqsədilə ilk dəfə olarag 30-dan çox şəhər, rayon polis orqanının müxtəlif xidmətlərindən rəhbər heyət cəlb edilməklə Polis Akademiyasının bazasında əməliyyat-qərargah təlimləri keçirilib. Müzakirələrdə çıxış edənlər görülmüş işlər barədə danışıb, mövcud nöqsan və çatışmazlıqların ilin sonunadək aradan qaldırılacağına söz veriblər. İclasa yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov gündəlikdəki hər iki məsələ üzrə polis orqanları tərəfindən görülən işlərin ümumən qənaətbəxş olduğunu, tutulmuş iradlardan düzgün nəticə çıxarılaraq fəaliyyətin səmərəsinin artırılması ilə bağlı tədbirlər görüldüyünü, eyni zamanda, ayrı-ayrı polis orqanlarında bu işlərin günün tələbləri səviyyəsində qurulmadığını, bu yönümdə icra intizamının və icraya nəzarətiin zəif olduğunu xatırladıb. Daha sonra general-polkovnik Ramil Usubov iclas iştirakçılarının diqqətini mövcud nöqsanlara, onları yaradan səbəblərə və aradan qaldırılması yollarına yönəldib. O, qeyd edib ki, təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınmamış meyitlərin şəxsiyyətinin müəyyən edilməsi sahəsində müəyyən işlərin görülməsinə baxmayaraq, bəzi şəhər, rayon polis orqanları tərəfindən qüvvə və vasitələr axtarışda olan ağır və xüsusilə ağır cinayət törətmiş şəxslərin tutulmasına deyil, əsasən, az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərə görə axtarılan şəxslərin müəyyən edilməsinə yönəldilir. Narahatedici məsələlərdən biri də xəbərsiz itkin düşmüş şəxslərin bir qisminin cinayətin qurbanı olması ehtimalının yoxlanılmasına yerlərdə kifayət qədər əhəmiyyət verilməməsidir. Bu səbəbdən bütün ərazi polis orqanlarında itkin düşmüş şəxslərin axtarışı ilə bağlı işlər diqqətlə öyrənilməli, onların qətlə yetirilməsi, yaxud cinayətin qurbanı olması ehtimalı dərindən araşdırılmalı, zəruri hallarda cinayət işlərinin başlanması üçün prokurorluq orqanı qarşısında vəsatət qaldırılmalıdır. Nazir R.Usubov nazirliyin Baş İdarə, İdarə və ərazi polis orqanlarının rəislərindən tələb edib ki, xidmətə yeni qəbul edilmiş gənc əməkdaşlarla aparılan hamiçilik işinin səmərəsi yüksəldilməli, bu sahəyə xüsusi diqqət yetirilməli, onların hazırlıq səviyyəsinin artırılması üçün real işlər görülməli, məsələyə daha böyük məsuliyyətlə yanaşılmalı, nəzarət və tələbkarlıq gücləndirməlidir. Daxili işlər naziri fəaliyyətin bütün istiqamətləri üzrə mərkəzi aparatda və yerlərdə kompüterləşmə və müasir informasiya texnologiyalarının tətbiqinin zəruriliyini, polis əməkdaşının vətəndaşlarla ünsiyyətdə etik normalara, qanunçuluğa, insan hüquq və azadlıqlarına, Etik Davranış Kodeksinin tələblərinə ciddi riayət etməsinin əhəmiyyətini bir daha vurğulayıb və təqsirkar əməkdaşların hərəkətlərinə prossesual qanunvericiliyə uyğun hüquqi qiymət veriləcəyi barədə onları bir daha xəbərdar edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA