Azərbaycan ? çexiya biznes forumu keçirildi

img

24-09-2009 [06:00]


Bu gün ?Park İnn? otelində Çexiya Respublikası Parlamenti Senatının sədri Prşemısl Sobotkanın Azərbaycana səfəri çərçivəsində Azərbaycan-Çexiya biznes forumu keçirildi. İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, AZPROMO-nun və Çexiya Respublikasının Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və Çexiya tərəfdən dövlət rəsmiləri ilə yanaşı, turizm, maliyyə, kimya, yüngül sənaye, inşaat, maşınqayırma, konsaltinq, metallurgiya və digər sahələrdə fəaliyyət göstərən 150-yə yaxın şirkətin nümayəndəsi iştirak edirdi. Biznes forumda çıxış edən Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri cənab Şahin Mustafayev bildirdi ki, Azərbaycan regionun əsas iqtisadi mərkəzinə çevrilib. Cari ilin ötən müddətində əldə olunan nailiyyətlərdən söz salan nazir qeyd etdi ki, geridə qalan səkkiz ayın yekununa görə, ÜDM 5 faiz, sənaye sektoru - 6,8 faiz, əhalinin adambaşına düşən gəliri - 12,6 faiz artıb. inflyasiya isə 2,6 faiz təşkil edib. Həm qarşılıqlı səfərlərin, həm də Azərbaycan və Çexiya arasında imzalanan müqavilələrin ölkələrarası əlaqələrin gələcəkdə də inkişaf etməsi üçün əsas olduğunu vurğulayan Ş.Mustafayev dedi ki, iki ölkə arasında hazırda investisiyanın qorunması haqqında razılaşmanın bağlanması və qarşılıqlı iqtisadi elmi-texniki əməkdaşlıq üzrə işlər aparılır. ?Bu müqavilələr Azərbaycan-Çexiya arasında əlaqələrin yeni əməkdaşlıq mərhələsində yüksək inkişafına şərait yaradacaq?, - deyə nazir vurğuladı. Çexiya Respublikası Parlamenti Senatının sədri Premısl Sobotka qeyd etdi ki, belə forumlar gələcək layihələri müzakirə etmək üçün yaxşı imkandır. ?İki ölkə arasında iqtisadi əməkdaşlığın hazır ki, səviyyəsi yetərli deyil. Mövcud ticari əlaqələr daha da dərinləşməli və genişlənməlidir?, - P.Sobotka fikirlərinə əlavə etdi. O bildirdi ki, ilk Azərbaycan - Çexiya biznes forumu ötən ilin iyul ayında Çexiyanın keçmiş xarici işlər naziri Karla Şvarsenberqin Azərbaycana səfəri zamanı keçirilib: ?O zaman Çexiya biznes nümayəndə heyətinə başçılıq edən keçmiş xarici işlər naziri Karl Şvarsenberqin dediyinə görə, Azərbaycanın enerji resursları Çexiyanın ehtiyacının 1/10 hissəsini ödəyir. Ona nəzərən, forum biznes əlaqələrini inkişaf etdirmək, investisiya layihələrini reallaşdırmaq, birgə müəssisələr yaratmaq və elmi-tədqiqat komandalarının əməkdaşlığını yoluna qoymaq imkanı yaradır?. AZPROMO-nun prezidenti vəzifələrini icra edən Fəridə Axundova təqdimatla çıxış edərək Azərbaycanın biznes mühiti və investisiya imkanları barədə tədbir iştirakçılarına geniş məlumat verdi. Onun sözlərinə görə, 2009-cu ilin yanvar-iyul aylarında iki ölkə arasında mal dövriyyəsi 11,59 milyon dollar təşkil edib: ?Əsasən Çexiyadan yol inşaatı üçün lazım olan avadanlıq, metalkonstruksiya, kimyəvi məhsullar alınır. Azərbaycanın qeyri-neft strukturuna isə əsasən kənd təsərrüfatı malları, o cümlədən meşə fındığı ixrac edilir?. Sonra tədbirdə Naxçıvan Muxtar Respublikasının investisiya imkanlarına dair film nümayiş etdirildi. Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi Orxan Abdinov Naxçıvanın tarixi, təbii şəraiti və iqtisadi imkanları barədə çexiyalı sahibkarlara geniş məlumat verdi. Çexiya Respublikasının Ticarət və Sənaye Palatasının MDB ölkələri üzrə icraçı direktoru Masopust Frantişek ?Çexiya şirkətlərinin Azərbaycanda maraqları? mövzusunda, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev isə şirkətin fəaliyyəti ilə bağlı təqdimatlarla çıxış etdilər. Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdli.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA