Tələbə birliyi ABU-dakı vəziyyətdən narahatlığını bəyan edir

img

15-09-2009 [11:52]


?Tələbələrin Beynəlxalq Əməkdaşlığı? ictimai birliyi Azərbaycan Beynəlxalq Universiteti (ABU) ətrafinda yaranmış qalmaqalla bağlı bəyanat yayıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə birliyin mətbuat xidmətindən məlumat daxil olub. Bəyanatda qeyd olunur: Son dövrlər Azərbaycan Beynəlxalq Universiteti (ABU) ətrafında yaranmış problem ?Tələbələrin Beynəlxalq Əməkdaşlığı? İctimai Birliyinin ciddi narahatçılığına səbəb olub. Belə ki, Universitetə qəbulun dayandırılması və 3000-dən artıq məzunun bu günə qədər diplom ala bilməməsi təhsil sahəsində özbaşınalığın yüksək səviyyədə olmasının göstəricisidir. ABU və onun rektoru Elşad Abdullayevlə bağlı 2006-cı ildən Baş Prokurorluqda açılmış cinayət işinin bu günə qədər yekunlaşmaması, əslində yaranmış problemin aradan qaldırılmasına marağın olmamasından irəli gəlir. Təhsil Nazirliyi ABU məzunlarına diplom verilməməsini onların ali məktəbə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi test imtahanlarından kənar qəbul olunması ilə əsaslandırır. Lakin onların Universitetə qanunsuz qəbul olduqlarının 4 ildən sonra ?aşkarlanması? daha böyük qanunsuzluqdur. Belə ki, TQDK-nın 4 il ərzində ABU-ya ayırdığı plana görə bu ali məktəbdə 1250 tələbə təhsil almalıdır ki, reallıqda bu rəqəm 15000-dən çoxdur. Həmin rəqəmin isə 10 dəfədən artıq olmasının Təhsil Nazirliyinin diqqətindən yayınması reallıqda mümkün deyil. Universitetlərə nəzarətin Təhsil Nazirliyi tərəfindən həyata keçirildiyini nəzərə alaraq Tələbələrin Beynəlxalq Əməkdaşlığı bildirir ki, tələbələri kimlərinsə maraqlarının toqquşmasına qurban vermək olmaz. Buna görə də ilk növbədə Təhsil Naziri Misir Mərdanov və ABU-nun rektoru Elşad Abdullayev cinayət məsuliyyətinə cəlb olunmalı, Universitet bağlanacağı təqdirdə bütün tələbələr digər ali məktəblərə köçürülməli, məzunlar isə heç bir şərt irəli sürülmədən diplomla təmin olunmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA