ADP: ?Prokurorluq və Məhkəmələr vəzifə səlahiyyətlərinin öhdəsindən gələ bilmirlər?

img

14-09-2009 [06:47]


ADP Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən vətəndaşlara qarşı zorakılıq, qeyri-qanuni zor tətbiq etmə və rüşvət tələb etmə kimi halların sürətlə artmasından ciddi şəkildə narahat olduğunu bildirir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ADP hesab edir ki, Siyəzəndə yük maşını sürücüsünə və Bakıda taksi sürücüsünə qarşı nəqliyyat nazirliyinin işçilərinin hərəkəti hüquqi dövlət üçün biabırçılıqdır. Eyni zamanda vətəndaşa qarşı bu cür davranmaq quldurluq, soyğunçuluq və zorakılıq kimi qiymətləndirilməlidir. ADP təəssüflə bildirir ki, bir şəxsin uzun müddət yüksək dövlət vəzifəsində qalması nəticəsində yaxşı korrupsiya imkanlarına malik olan bəzi nazirliklər artıq özünü dövlət içində dövlət kimi aparan oliqarxik mərkəzlərə çevriliblər. Bu mərkəzlər silahlı güc əldə edir, ölkənin maliyyə resurslarına nəzarət edir və ayrı-ayrı dövlət sferalarını monopoliyaya alırlar. Nəticədə isə bu hallar məmurun vətəndaşa qarşı zorakılığına və vətəndaşın hüquqlarının kobud şəkildə tapdalanmasına şərait yaradır. Vətəndaşı məmurun qeyri qanuni hərəkətlərindən qorumalı olan hüquq mühafizə orqanları- Prokurorluq və Məhkəmələr isə özünü həmin oliqarxik mərkəzlərin vəkili kimi apararaq vəzifə səlahiyyətlərinin öhdəsindən gələ bilmirlər. Baş verən hadisə həm də ölkədə azad bazar qanunlarının işləmədiyini, xüsusi mülkiyyətə qarşı ciddi təzyiqlərin olduğunu və mülkiyyət formaları arasında əlverişli rəqabətin olmadığını təsdiq edir. ADP baş verən məlum hadisələri qətiyyətlə pisləyir, bu cür hallara son qoyulması üçün hökuməti təcili tədbirlər görməyə çağırır və qeyri qanuni həbs olunmuş sürücü Mehman Əmirquliyevin dərhal azadlığa buraxılmasını, günahkar məmurların ciddi cəzalandırılmasını tələb edir. ADP Respublika Prezidentinə müraciət edərək bu hadisəyə münasibət bildirməyə, dövlət içində dövlət yaratmaqla məşğul olan nazirlərlə bağlı cəmiyyətdəki narahatlıqlara aydınlıq gətirməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA