Bakı Şəhər Prokurorluğu və Baz Polis idarəsi ölüm hadisəsi ilə bağlı birgə bəyanat yayıb

img

14-09-2009 [06:37]


Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi Nərimanov rayonunda bu il avqustun 2-də baş verən ölüm hadisəsi ilə bağli birgə məlumat yayib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, məlumatda qeyd olunur ki, son dövrlər müxtəlif mətbuat orqanlarında Nərimanov rayon sakini, mərhum Ağa Turabovun, guya polis əməkdaşları tərəfindən döyülərək qətlə yetirilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Baş vermiş ölüm hadisəsi ilə əlaqədar kədərimizi ifadə edir və bildiririk ki, 2009-cu il avqustun 2-də saat 22 radələrində, paytaxtın Ülvi Bünyadzadə küçəsində yaşayan 1988-ci il təvəllüdlü Elsevər Turabov ?Yol hərəkəti haqqında? qanunun tələblərini kobud surətdə pozaraq, qardaşı Məmmədəli Turabova məxsus ?VAZ-21011? markalı 10-ZR-228 dövlət nömrə nişanlı avtomaşını etibarnamə olmadan həmin küçə ilə müəyyən edilmiş hərəkət sürətinin həddini aşaraq yüksək sürətlə idarə etməklə yolu keçən piyadaların normal hərəkətlərinə maneçilik yaratmış və əyləc sistemindən istifadə etməklə müxtəlif manevrlər həyata keçirərək avtoxuliqanlıq edib. Bu zaman o, dislokasiya üzrə həmin ərazidə xidmət aparan Nərimanov rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları Firuz Tağıyev və Qulu Novruzov tərəfindən saxlanılaraq sənədlərinin təqdim olunması tələb edilib. Lakin polis əməkdaşlarına tabe olmayan Elsevər Turabov avtomaşının açarlarını götürüb yaxınlıqda yerləşən evlərinə qaçmış və bir neçə dəqiqədən sonra atası - 1954-cü il təvəllüdlü Ağa Turabov və qardaşları - Məmmədəli və Şahin əməkdaşlara yaxınlaşıblar. Polis əməkdaşları Ağa Turabova oğlu Elsevərin avtomaşını yüksək sürətlə idarə etməsini, qəza şəraiti yaratmasını, onların haqlı tələblərinə tabe olmamasını bildiriblər. Bundan sonra, ata oğullarına irad tutaraq əsəbləşmiş və qəflətən huşunu itirərək yerə yıxılıb. Ağa Turabov dərhal polis əməkdaşları tərəfindən hadisə yerinə gəlmiş Post Patrul Xidməti Bölüyünə məxsus patrul avtomaşını ilə 5 ?-li şəhər kliniki xəstəxanasına aparılarkən yolda vəfat edib. Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə həmin gecə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekpertizası və Patoloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə tapşırılıb. Lakin mərhumun yaxın qohumları ekspertizanın həmin rayon şöbəsində keçirilməsinə qəti etirazlarını bildiriblər. Onların etirazları nəzərə alınaraq, mərhum Ağa Turabovun meyiti müayinə edilməsi üçün həmin Birliyin Mərkəzi şöbəsinə göndərilmişdir. Yüksək ixtisaslı ekspertlərin, həmçinin mərhumun qohumları - Fuad Xəlilov və Müşviq Quliyevin iştirakı ilə meyitə baxış keçirilmiş və onün üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Eyni zamanda, meyitin daxili müayinəsi zamanı daxili orqanlarda da heç bir xəsarət və zədə izlərinin olmadığı müəyyənləşdirilmiş və bu haqda, həmçinin hər hansı narazılığın olmaması barədə müayinədə iştirak etmiş bütün şəxslər tərəfindən imzalanmış müvafiq protokol tərtib edilib. Məhkəmə Tibbi Ekpertizası və Patoloji Anatomiya Birliyi tərəfindən aparılmış məhkəmə-tibbi ekspertizası ilə də mərhum Ağa Turabovun ölümünə səbəbin koronarokardioskleroz, ümumi ateroskleroz və ürək əzələsinin hipertrifiyası ilə ifadə olmuş ürəyin xroniki işemiya xəstəliyinin kəskinləşməsi nəticəsində baş vermiş kəskin ürək-damar çatışmazlığı olması müəyyən edilib. Ekspertiza zamanı Ağa Turabovun bədəni üzərində, onun ölümü ilə səbəbli əlaqəsi olan xəsarət və ya xəsarət izləri, o cümlədən bədən səthində uzunsov formalı küt əşyalarla, həmçinin dəyənəklə yetirilməyə xarakterik xəsarətlər aşkar edilməyib. Nərimanov rayon Polis İdarəsinin əməkdaşları Firuz Tağıyev və Qulu Novruzov barəsində aparılmış xidməti təhqiqat nəticəsində onların guya Elsevər Turabovun idarə etdiyi avtomaşını qanunsuz saxlamaları, mərhum Ağa Turabovla mübahisə etmələri və sair qanunazidd hərəkətlərə yol vermələri müəyyən edilməyib. Beləliklə, mərhum Ağa Turabovun vəfat etməsi ilə bağlı toplanmış materialda qanunla nəzərdə tutulmuş cinayət işinin başlanmasına əsas verən hallar olmadığından həmin fakt üzrə Nərimanov rayon prokurorluğu tərəfindən cinayət işinin başlanması rədd edilmiş və bu barədə maraqlı tərəflərə hüquqları izah edilməklə müvafiq məlumat verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA