DAK-la bağlı tədbirdə maraqlı təkliflər səsləndi

img

08-09-2009 [01:59]


Bu gün ?Park İnn? otelin konfrans zalında Dünya Azərbaycanlıları Konqresinin (DAK) tədbiri keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri giriş sözü ilə açan millət vəkili Sabir Rüstəmxanlı deyib ki, müəyyən insanlar var ki, DAK-ın keçirilməsini diaspor təşkilatı kimi qələmə verirlər, Bakıda keçirilməsinə ehtiyac duyulmadığını və xaricdə keçirilməsinin vacibliyini bildirirlər: ?Amma belə tədbirlər Amerika ölkələrindən başlayaraq, Avstraliyaya qədər keçirilir. Bu payızda da belə tədbirlərin, görüşlərin keçirilməsi nəzərdə tutulur. Azərbaycanda da belə görüşlərin keçirilməsini zəruri sayıram. Çünki DAK tək Güneydə yaşayan azərbaycanlıların hüquqları uğrunda mübarizə aparmır, milli ideala xidmət edən təşkilatdır. DAK bütün Azərbaycanın milli ideologiyasıdır?. S.Rüstəmxanlı təəssüf hissi ilə qeyd edib ki, bizim orta və ali təhsil ocaqlarımız DAK və onun ideologiyası barədə gənclərimizə məlumat vermir: ?Gənclərimizin milli ruhda tərbiyələnməsini cəmiyyət öyrədir və cəmiyyətdə də müəyyən təşkilatlar öyrətməlidir. DAK məhz gəncələrin maariflənməsinə yardımçı olan bir təşkilatdır. Bu öhdəliyi yerinə yetirir?. S.Rüstəmxanlı deyib ki, 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri nəticəsində Azərbaycan iki yerə paçalansa da, ancaq Arazın hər iki tayında milli mübarizə heç vaxt səngiməyib: ?1905-1911-ci illərdə Azərbaycanın Güneyində Səttarxan və onun yaxın silahdaşlarının rəhbərliyi altında Məşrutə İnqilabı baş verib. 1918-ci ildə Azərbaycanın Quzeyində Məhəmməd Əmin Rəsulzadə və onun yaxın silahdaşlarının başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Bunları sizə çatdırmaqda məqsədim odur ki, indiki gənclər bunları yaddan çıxarmasınlar. Mənə elə gəlir ki, belə tədbirlərin, görüşlərin gənclər arasında keçirilməsi son dərəcə maarifləndirici rol oynayacaq. İnanıram ki, bu görüşlər davamlı xarakter alacaq?. DAK-ın daimi şurasının sədri Əjdər Tağızadə də Güney və Quzey Azərbaycan haqqında bildiklərini söyləyib: ?1925-ci ilədək indi İran adını almış coğrafi ərazidə hakimiyyət türklərin - Qaçarların əlində idi. Ancaq sonradan tamamilə farsların - Pəhləvilərin əlinə keçdi. Bundan sonra Azərbaycan türklərinə qarşı assimilyasiya siyasəti həyata keçirildi, türk dilində danışığa və təhsilə yasaq qoyuldu. Ancaq Azərbaycan türkləri öz milli-mədəni haqlarını əldə etmək üçün mübarizələrini davam etdirdilər. 1941-1945-ci illərdə bütün dünyanı öz ağuşuna almış 2-ci Dünya müharibəsi İran adlanan coğrafi ərazidə də təlatümsüz ötüşmədi. Bu fürsətdən istifadə edən Azərbaycan türkləri 1945-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Milli Hökümət qurdular. Azərbaycan türkcəsi yenidən rəsmi dil oldu, orta və ali məktəblərdə tədris türkcə keçirildi. Ancaq yenədə xəyanət nəticəsində 1946-cı ildə Milli Hökümət qan içində boğuldu. Buna baxmayaraq, Azərbaycan türklərinin mübarizə ruhu ölmədi. 1946-1979-cu illər arasında bir neçə dəfə üsyan baş versə də, ancaq amansızlıqla yatırıldı. 1979-cu ildə Azərbaycan türkləri Şəriətmədarinin rəhbərliyi altında İran adlanan coğrafi ərazidə İslam inqilabını həyata kerirdi. Ancaq farslar yenə xəyanətə əl ataraq, türkcəni ikinci rəsmi dilə çevirmək və Azərbaycan türklərinə muxtariyyət vermək vədlərini yerinə yetirmədilər?. Ə.Tağızadənin sözlərinə görə, gəncələrimiz bizim bütöv Azərbaycan olduğumuzu dərk edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA