06-09-2009 [05:39]
[b]İqbal Ağazadə: "Azərbaycan hakimiyyəti hər şeyi pisliyə doğru dəyişir. Çünki özü üçün təhlükə yarandığını görür" [/b]
Azərbaycan çox ciddi situasiyanın astanasındadır. Həm regional, həm də ölkədaxili ictimai-siyasi vəziyyət baxımandan aktiv dövr başlayır. Bura həm Türkiyə-Ermənistan münasibətlərinin yeni müstəviyə keçməsini, həm də Azərbaycanın seçkiyə hazırlaşmasını daxil etmək olar. Belə ki, hər iki proses Azərbaycanda siyasi baxımdan aktiv mərhələyə start veriləcəyini göstərir. Hazırki situasiya ilə bağlı müsahibə verən Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə ilə söhbətə öncə bələdiyyə seçkilərindən başladıq.
[b]- İqbal bəy, artıq bələdiyyə seçklərinin keçiriləcəyi gün yaxınlaşır. Siz də, digər həmkarlarınız da sentyabrın əvvəllərində seçkilərlə bağlı qərar veriləcəyini deyirdiniz... [/b]
- [i](Tələsik)[/i] Biz Ümid Partiyası olaraq qərarımızı vermişik.
[b]- Mən, Qarabağ və Respublika Uğrunda Hərəkatı nəzərdə tuturam, birgə qərar... [/b]
- Hərəkatın həftənin ikinci günü toplantısı keçiriləcək. Həmin toplantıda son qərarlarımızı verəcəyik. Amma Seçki Məcəlləsində bir çox problemlər yaradılıb. Seçkidə blok kimi iştirak etməyin çətinlikləri var. Ona görə, bu məsələlər də götür-qoy edilir.
[b]- Ümumiyyətlə, bu seçkidən nə gözləyirsiniz? [/b]
- Hesab edirəm ki, Azərbaycanda böyük demokratik dəyişikliklərin başlanğıcı bu seçkidə qoyulacaq.
[b]- Bu fikirə gəlməyinizə səbəb nədir? [/b]
- Bunun obyektiv səbəbləri var. Regiona yanaşma və regondakı proseslər bizə bu qənaətə gəlməyə əsas verir.
[b]- Axı, hakimiyyətin tutduğu mövqe, müxalifətin passivliyi və zəifliyi ölkədə demokratik dəyişikliklərin olacağını düşünməyə əsas vermir... [/b]
- Həyatın qanunları çox cidi şəkildə diqtə edir ki, qərara gələsən. Əgər bir yerdə sərtliyə, pisliyə doğru dəyişmələr varsa, demək, onu dəyişdirən tərəf narahatdır. Bu gün Azərbaycan hakimiyyəti hər şeyi pisliyə doğru dəyişir. Çünki özü üçün təhlükə yarandığını görür. Narahat olmayan tərəf heç zaman mövcud vəziyyəti daha pisə doğru dəyişməz. Daha pisə doğru dəyişirsə, deməli, özü üçün təhlükələr görür və o boşluqları qapatmağa çalışır. O da daha çox istək və arzu ilə yox, reallıqla ölçülür. Reallıq isə bu gün fərqli şeyləri deyir.
[b]- Nəyi deyir? [/b]
- Azərbaycanda böyük dəyişikliklər bələdiyyə seçkilərində olacaq.
[b]- Seçkinin nəticələrinin saxtalaşdırılıb-saxtalaşdırılmayacağı ilə bağlı nə deyə bilərsiniz? [/b]
- Proqnoz vermək istəmirəm. Hakimiyyəti də tanıyıram, Azərbaycanda seçkinin necə keçirildiyinə də bələdəm. Biz yaxşıya çalışmalıyıq. Bizim vəzifəmiz budur.
[b]- Seçkilər saxtalaşdırılarsa, hansı vəzifəni yerinə yetirəcəksiniz? [/b]
- Bu, təkcə İqbal Ağazadənin, Ümid Partiyasının, yaxud Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatında cəmləşən siyasi partiyaların gücü ilə həll olunası məsələ deyil. Bu, cəmiyyətin ümumi əhval-ruhiyyəsindən asılı olan məsələdir. Biz seçkidən əvvəl deyə bilərik ki, bu əhval-ruhiyyə yaranacaqmı, insanlar seçkiyə maraq göstərəcəkmi? Yenə də deyirəm, bu, bir başlanğıcdır. Başlanğıcda isə heç də hər şey əldə olunmur, amma nəticələr gələcəyə hesablanır. Düşünürəm ki, ortada gələcəyə hesablanmış nəticələr olacaq.
[b]- Hazırda gündəmdə olan məsələlərdən biri də Türkiyə-Ermənistan münasibətlərinin yaxınlaşması, sərhədlərin açılması ilə bağlı protokollar və bir sıra bu kimi anlaşmalardır. Siz bu prosesi necə dəyərləndirirsiniz?[/b]
- Mən hələ bir neçə ay əvvəl elə sizin qəzetinizə müsahibəmdə demişdim ki, Dağlıq Qarabağla bağlı məsələlər, o cümlədən Azərbaycan-Ermənistan münaqişəsinin həlli regionda yeni situasiyanın olmasını tələb edir. Ermənistan-Türkiyə münasibətləri müvəqqəti olaraq dayanıb, üç aydan sonra yeni mərhələ başlayacaq. İyun ayının birindən avqustun sonuna qədər yeni dövr üçün hazırlıq mərhələsi gedir. Bu proqnozlarım öz təsdiqini tapdı.
Regionda hazırda fərqli proseslər gedir. Avropa və Amerika Rusiyanın regiondan çıxarılmasının yollarını arayır. 2008-ci il Gürcüstan hadisələri bir daha sübut etdi ki, Rusiyanın hərb dilində danışması regionda yeni münaqişə ocağı, yaxud da iri dövlətlərin qarşıdurmasını yarada bilər. Ona görə də indi prosesə fərqli yanaşılır, regiona fərqli dəyərlərlə gəlmək istəyirlər. Bu səbəbdən də Türkiyə və Ermənistan arasında yeni münasibətlər ortaya çıxır.
[b]- Yəni bu yaxınlaşma tək Türkiyənin siyasəti deyil... [/b]
- Bəli. Bu, təkcə Türkiyənin istəyi deyil. Bu, bütövlükdə Avropanın, Amerikanın istəyidir. Regiondan Rusiyanı çıxarmaqla, münaqişələrin hamısını lokal qaydada, yeni münasibətlər çərçivəsində həll etmək istəyirlər. Bu təcrübəni Avropada həyata keçiriblər. Kipr məsələsində Yunansıntan-Türkiyə münasibətlərinə yeni yanaşmalar oldu. Bilirsiniz ki, sonra Kiprdə referendum keçirildi və Cənubi Kipr Avropa Birliyinə üzv oldu. O cümlədən keçmiş Yuqoslaviya ərazisində yaranan dövlətlərin Rusiyanın regiondan çıxarılmasında fərqli siyasəti gerçəkləşdirildi. İndi onun bir analogiyasını Cənubi Qafqaza daşıyırlar. Bu prosesin nə dərəcədə uğurlu olacağı isə bundan sonrakı addımlardan asılıdır. İlkin görünən odur ki, Rusiya əks-reaksiya vermir, Türkiyə ilə bu və ya digər şəkildə dil tapmağa çalışır. Sanki heç bir dövlətin siyasətinə qarışmamış kimi bir siyasət yürüdür. Həm də Türkiyə daxilində olan anti-Amerika əhval-ruhiyyəsinə də bu və ya digər şəkildə ümid bəsləyir. Amma siyasət gerçəkləşməyə doğru gedəcəksə, Rusiya ən azı Gürcüstanla bağlı fərqli mövqelər qoyacaq və açıq təcavüzdən belə çəkinməyəcək.
[b]- Regionda yeni proseslərin başlandığını deyirsiniz, Azərbaycan bu proseslərdən nə qazanacaq? [/b]
- Azərbaycanın birbaşa qazancının olması üçün proseslərdə aktiv iştirak etməlidir. Təəssüflər olsun ki, Azərbaycan balanslaşdırma adlı xarici siyasət kursunu həyata keçirərək, bu sahədə ciddi uğursuzluğa düçar olub. Azərbaycan 1991-ci ilin əvvəlləri, ortalarını xatırladan bir siyasət yürüdür. Sanki bir qədər müstəqilliyə yaxın, hamı ilə balans siyasəti və Rusiyadan qaçmamaq mövqeyini tutub. Bu da mahiyyət etibarı ilə sonda elə Cənubi Qafqaz respublikaları içərisində müstəqilliyini sonuncu elan etməklə yanaşı, yolunu və xəttini müəyyən etməyən bir dövlət halına gətirdi.
Bu gün Azərbaycan sanki Avropadan da, Amerikadan da müəyyən məsafədə dayanır, hətta bir qədər Rusiyaya yaxınlaşmış kimi görünür. Əgər bu boyda kampaniya Rusiyaya qarşı yönəlibsə, Azərbaycan öz yerini doğru-dürüst müəyyənləşdirməlidir. Avropa təhlükəsiz yaşamağın nə olduğunu real həyatda yaşayır. Son iki dünya müharibəsi Avropanın ərazisində keçirilib, etnik, milli konfliktlər kifayət qədər ciddi olub, ideoloji savaş Avropada olub, kommunizmlə kapitalizmin döyüşünün əsas mərkəzi Avropa olub. Hətta iri dövlətlər belə, ideoloji cəhətdən parçalanıb. İlk dəfədir ki, sərhədsiz və təhlükəsiz Avropa yaradılıb. Avropa üçün də ən böyük təhlükə Rusiyadan gəlir. Avropa təhlükəsizliyini təmin etmək üçün ən azı "filtr zonası" yaratmalıdır və Rusiyanı bu zonadan - Cənubi Qafqaz, Moldova, Belarus, Ukraynadan çıxarmalıdır.
[b]- Bəs, Azərbaycan hansı addımı atmalıdır? [/b]
- Azərbaycan yerini seçməlidir. Rusiyanın, yoxsa daha inkişaf etmiş Avropanın yanında olmalıdır,- sualına cavab tapıb, onu reallaşdırmalıdır. Təəssüf ki, Azərbaycan yerini bəlli edə bilmir. Belə siyasət davam etsə, Azərbaycanın qazancı zəif olacaq. Yəni proseslərin içində olan bir dövlət kimi yox, zorən bu yola sürüklənən dövlət halına gəlib çıxacağıq. Amma Azərbaycan yolunu müəyyənləşdirərsə, bu proseslərdə Avropanın və Amerikanın yanında olarsa, qazanacaq.
[b]- Türkiyə-Ermənistan sərhədlərinin açılması, regionda yeni proseslərin başlanması fonunda Qarabağ probleminin həlli ilə bağlı hansı irəliləyişlər ola bilər?[/b]
- Azərbaycanın bu tipli addımlardan Azərbaycan-Ermənistan münaqişəsinin həlli ilə bağlı qazancı bilavasitə olmayacaq. Yəni bu, çox da böyük hadisə deyil. Əks tərəfinə baxaq, Azərbaycan-Ermənistan münaqişəsi Türkiyə-Ermənistan sərhədləri açılmamışdı deyə, həll oluna bilirmi? Təbii ki, yox.
[b]- Hər halda Türkiyə tərəfinin əlində bir şərt var idi... [/b]
- Hətta o şərt də heç nəyi dəyişmirdi. Mən hesab etmirəm ki, sərhədlər açılsa belə, məsələ həll olunacaq. Bu, ümumən Cənubi Qafqazdakı proseslərin bir halqasıdır. Əgər bu prosesləri sona çatdıra bilsələr, Rusiya regiondan çıxarılsa, Cənubi Qafqazdakı konfliktlər sürətlə həll olunacaq. Yox, Rusiya regiondan çıxmayacaqsa, hətta bu gün Azərbaycan desə ki, mən, Dağlıq Qarabağdan imtina edirəm, Rusiya buna imkan verməyəcək. Çünki Dağlıq Qarabağı əldə etmiş Ermənistanın da artıq Rusiyadan istəyəcəyi bir şey olmayacaq və üzünü Qərbə tutacaq.
Xatirinizdədirsə, Ermənistan parlamentində baş verən güllə-boran da bunun tərs analogiyası idi. Orda da Qarabağ məsələsi ilə bağlı fərqli mövqe tutulması gözlənilirdi, ona görə həmin hadisə baş verdi. Mən hesab edirəm ki, bu, prosesləri dəyişmir. Ona görə də, hazırda gedən proseslərin sürətlənməsinə şərait yaratmaq lazımdır.
[b]- Yəni Türkiyə Ermənistanla sərhədləri açmaqla prosesi sürətləndirsin?[/b]
- Bəli. Məncə, bu gün sərhədlərin açılmasına ciddi mane olmağa və Azərbaycan cəmiyyəti vasitəsi ilə Türkiyəni də basqıda saxlamağa ehtiyac yoxdur. Qəbul etmək lazımdır ki, Ermənistan-Türkiyə sərhdlərinin bağlı olması Ermənistan-Azərbaycan münaqişəsini həll etmirsə, sərhələrin açılması da maneçilik törətməyəcək. Yəni prosesi doğru-dürüst qəbul etmək lazımdır.
[b]- Bir müddət öncə sərhədlərin açılması məsələsi gündəmə gələndə həm Azərbaycan cəmiyyəti, həm müxalifət, həm Türkiyə ictimaiyyəti ciddi etrazını bildirdi. Nədənsə indi həmin etirazlar yoxdur. Bunu nə ilə izah etmək olar? [/b]
- Hər halda Azərbaycan hökumətinin bu məsələdə mövqeyi, Ərdoğanın Azərbaycana gəlişi, bu məsələni bizimlə mütəmadi müzakirə etməsi, hətta son protokolların ortaya çıxmasından əvvəl Türkiyə xarici işlər nazirinin Azərbaycanı ziyarət etməsi və prezidentlə görüşməsi, hakimiyyətin bu məsələlərdə sərt davranmaması mahiyyət etibarı ilə müəyyən bir razılaşmaya işarədir. Yəni burada Azərbaycanın maraqları bu və ya digər şəkildə nəzərə alınır. Hesab etmirəm ki, Türkiyə Azərbaycandakı maraqları üzərindən bütövlükdə xətt çəkir. Bilirsiniz, bu məsələlərə duyğusal yanaşmaq lazım deyil, bir az da regionda baş verən hadisələri nəzərə almaq lazımdır. Ona görə də güman edirəm ki, dözümlü, sona qədər mövqeyi bəlli olan xarici siyasət aparmaq vacibdir.
[b]- Azərbaycan bu xarici siyasəti apara biləcəkmi? [/b]
- Təəssüflər olsun ki, Azərbaycanın xarici siyasəti bu istiqamətdə axsayır. Yəni Azərbaycanın Xarici İşlər Nazirliyi çox qorxaq siyasət yürüdür.
[b]- Əgər belədirsə, Azərbaycan ciddi təhlükəylə üzləşə bilərmi? [/b]
- Bəli. Azərbaycan çox ciddi təhlükəylə üzləşə bilər. Əgər belə qorxaq, iqtidarın təbirincə desək, balanslaşdırılmış xarici siyasət yürüdüləcəksə, təhlükələr olacaq.
[b]Zaur ƏHMƏD [/b]