Milli təhlükəsizlik naziri Eldar Mahmudov Rusiya prezidenti Dmitri Medvedevin qəbulunda olub

img

06-09-2009 [01:47]


Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti 2009-cu il sentyabr ayının 2-dən 4-dək Rusiya Federasiyasının Moskva şəhərində MDB iştirakçı dövlətlərin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsinin 10-cu iclasında iştirak etmişdir. Tədbirdə transmilli mütəşəkkil cinayətkarlıq, onun müxtəlif təzahürləri, xüsusilə də getdikcə daha geniş miqyas və təhlükəli xarakter almaqda olan beynəlxalq terrorçuluqla mübarizə sahəsində əməkdaşlığın yeni reallıqlara uyğun təkmilləşdirilməsi və inkişafı müzakirə edilən əsas məsələ olmuşdur. Qeyd olunmuşdur ki, kəşfiyyat və xüsusi xidmət orqanları arasında inkişaf edən əməkdaşlıq dövlətlərarası münasibətlərin vacib hissəsi olmaqla MDB ölkələrinin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Tədbirin sonunda MDB iştirakçı dövlətlərin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsinin 10-cu iclasının nəticələri üzrə Memorandum qəbul olunmuşdur. Memorandumda bundan sonra da iştirakçı dövlətlərin həyat əhəmiyyətli maraqlarına qarşı yönəlmiş beynəlxalq terrorçuluqla, ekstremizmlə, narkotiklərin qanunsuz dövriyyəsi, habelə dünya maliyyə böhranı ilə əlaqədar təzahür edən mənfi təsirlərlə və digər təhdidlərlə mübarizədə səylərin artırılmasının vacibliyi qeyd olunmuşdur. İclasda, həmçinin məlumat mübadiləsinin, iki və çoxtərəfli əməkdaşlığın hüquqi bazasının inkişaf etdirilməsi məqsədilə tərəfdaşlığın yeni, daha səmərəli forma və metodlarının işlənib hazırlanmasının zərurililiyi vurğulanmışdır. Müşavirənin növbəti il üçün daimi forumunun sədri Rusiya Federasiyası Xarici Kəşfiyyat xidmətinin direktoru Mixail Fradkov seçilmişdir. Nümayəndə heyətlərinin rəhbərlərini Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev qəbul etmişdir. Tədbir zamanı nazir Eldar Mahmudovun tərəfdaş xüsusi xidmət orqanlarının nümayəndələri ilə keçirildiyi ikitərəfli görüşlər çərçivəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. MDB iştirakçı dövlətlərin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsinin növbəti iclasının gələn il Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi qərara alınmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA