Bakıətrafı kəndlərin sakinləri yerli hakimiyyətin özbazınalığından beziblər

img

01-09-2009 [03:16]


Bu gün Azərbaycan Media Mərkəzində ?Bakı Dirçəliş? İctimai Birliyinin sədri Abbasağa Məmmədovun təşkilatçılığı ilə son illər Abşeron rayon İcra Hakimiyyətinin qeyri-qanuni əmr və göstərişlərinə etiraz olaraq, mətbuat konfransı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ?Bakı Dirçəliş? İctimai Birliyinin sədri Abbasağa Məmmədov bildirib ki, son 3 il ərzində yerli hakimiyyət total vəziyyətdə torpaq biznesinə başlayıb: ?Bildiyiniz kimi, Bakıətrafı ərazilərdə həyətyanı sahə çox bahadır. Aldığımız məlumatlara görə, dənizkənarı ərazilər və ən məhsuldar torpaqlar əcnəbi vətəndaşlara satılıb. Bakı kəndlərinin sakinlərinin çoxusu kənd təsərrüfatı ilə məşğul olurlar. Lakin onların əllərindən qanunsuz olaraq torpaqlarının alınması onları fəaliyyətsiz qoyur. Onu da qeyd edim ki, Abşeron rayon İcra Hakimiyyəti açıq-aşkar bütün bələdiyyələri idarə edir. Halbuki onlar qanunla müstəqil olmalı və müstəqil idarə siyasətini formalaşdırmalıdırlar. Zərərçəkmişlərin dəfələrlə məhkəmələrə müraciət etmələrinə baxmayaraq, proses məmurların xeyrinə başa çatdırılıb?. Fatmayi kənd sakini Quliyev Əfrasiyab Azərbaycanda ilk dəfə fermer təsərrüfatının yaradanlardan olduğunu bildirib. Onun sözlərinə görə, 1990-cı ildən-1995-ci ilə qədər Azərbaycan Fermerlər İttifaqının sədr müavini işləyib: ?İndi isə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və onun ətrafında olan dövlət məmurları mənim təsərrüfatımı zəbt edərək özlərinə villa tikirlər. Mənə məxsus olan 1 hektar sahəni 352 min manata məmura satıblar. Hazırda mənim təsərrüfatıma məxsus olan sənədlərin hamısı Ali Məhkəmənin kollegiyasında xəstələyimlə əlaqədar dondurulmuş vəziyyətdə saxlanılır. Abşeron rayon Polis İdarəsinin rəis müavini yaratdığı dəstəsi ilə birlikdə məni döydülər, ölümcül vəziyyətə saldılar. Mən özüm II qrup əliləm. Əlimdə sənəd ola-ola Abşeron rayon Pensiya Şöbəsindən sənədləşdirib təqaüd ala bilmirəm. Axı, mən necə dolanmalıyam? Yuxarılara müraciət edən kimi, bizi incidirlər. Faktiki olaraq, mənə məxsus olan torpaqda vərəsəlik hüququnu daşıyıram. Torpağa görə aktın təzələnməsinə heç bir ehtiyac yoxdur. Gah Abşeron rayon İcra Hakimiyyətindən, gah da bələdiyyədən mən deyirlər ki, bu torpaq bizim fonddadır?. Zərərçəkmiş Heydərova Ofelya da qanunsuz olaraq torpaq sahəsinin ələ keçirildiyini deyib. O, fermer təsərrüfatı üzrə ilk təşkilatçı qadın olduğunu bildirib: ?1990-cı ilin aprel ayında mən həmin ərazini öz adımıza sənədləşdirdim. Bu o deməkdir ki, artıq torpaq haqda olan akt yenilənməməli, yəni vərəsəlik statusu daşımalıdır. Nəzərinizə çatdırım ki, 1995-ci ildə bu vərəsəlik Ədliyyə Nazirliyi tərəfindən də təsdiqlənib. Lakin Abşeron rayonun polis rəisi orada özünə villalar tikdirib. Mənə olan haqsızlığa görə iki dəfə ölkə başçısına teleqram vurmuşam?. Zabrat kənd sakini Hacı Mehti Şamillinin sözlərinə görə, digər kəndlərdə olan hadisələr Zabratda da təkrarlanıb: ?Heç kimə sirr deyil ki, Bakı kəndlərinin heç birində torpaq islahatları aparılmır. Açıq-aşkar mənim dədə-baba torpağımı məmurlara satıblar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA