Abel Məhərrəmov-Ziyad Səmədzadə qarzıdurması bazlayıb

img

30-08-2009 [07:39]


Yeni dərs ilinin başlanması yaxınlaşdıqca Bakı Dövlət Universitetində (BDU) maraqları toqquşan şəxslər arasındakı mübarizə qızışır. Bu tədris ilində BDU-nun İqtisadi Nəzəriyyə kafedrası uğrunda mübarizə daha da artacaq. Çünki uzun müddətdən bəri BDU-da bu kafedranın müdiri postu boşdur. Məlumat üçün bildirək ki, BDU-nun İqtisadi Nəzəriyyə kafedrasının müdiri Şamil Qafarov olub. Amma rektor Abel Məhərrəmov Şamil Qafarovu "vurmaq" üçün ilk olaraq, kafedranı iki yerə bölərək, Ümumi İqtisadiyyat kafedrası yaratdı. Daha sonra isə Ş.Qafarovu İqtisadi Nəzəriyyə kafedrasının rəhbəri vəzifəsindən kənarlaşdırdı. Lakin Ş.Qafarovdan sonra İqtisadi Nəzəriyyə kafedrasının yeni müdirinin seçilməsi böyük problemə çevrilib. Daha doğrusu, həmin posta akademik Ziyad Səmədzadə namizədliyini irəli sürdü. Fəqət, A.Məhərrəmov Z.Səmədzadənin kafedra müdiri olmasına imkan vermədi və nəticədə İqtisadi Nəzəriyyə kafedrası bu günə kimə rəhbərsiz qalıb. Bu isə anormal vəziyyətin yaranmasına səbəb olub. BDU-nun rəhbərliyində təmsil olunan şəxsin verdiyi məlumata görə, İqtisadi Nəzəriyyə kafedrasına kimin rəhbərlik etməsi Abel Məhərrəmovdan asılıdır: "Əlbəttə ki, kafedranın müdirsiz qalması yaxşı hal deyil. Təsəvvür edin ki, indi Sosial Elmlər və Psixologiya fakültəsinin dekanı həm də İqtisadi Nəzəriyyə kafedrasının müdirini əvəz edir. Dekanın kafedra müdiri vəzifəsini də yerinə yetirməsi anormal haldır. Sosial Elmlər və Psixologiya fakültəsinin dekanı Hikmət müəllimin həm də kafedra müdiri vəzifəsini yerinə yetirməsinin BDU-ya müsbət imic gətirmədiyi ilə bağlı məsələ dəfələrlə qaldırılıb. Amma bu məsələ Abel Məhərrəmovdan asılı olduğu üçün, bir söz deyə bilmərik". Bizə verilən məlumata görə, bu tədris ilində İqtisadi Nəzəriyyə kafedrası ilə bağlı mühüm qərar verilə bilər: "BDU-da iqtisadiyyatla bağlı fənlərin tədrisində problem var. Hazırda Ümumi İqtisadiyyat kafedrası qeyri-ixtisas qrupuna iqtisadi nəzəriyyə fənnini tədris edir. İqtisadi Nəzəriyyə kafedrası isə ixtisas qruplarına iqtisadiyyatla bağlı bütün fənləri tədris edir. Belə olduqda isə müəyyən anlaşılmazlıq yaranır. Ümumiyyətlə, BDU-da iqtisadiyyat sahəsinə uyğun ixtisasların bölgüsündə anormallıq var. Məsələn, Turizm ixtisası Coğrafiya fakültəsinin nəzdində, İqtisadi nəzəriyyə ixtisası Sosial elmlər və psixologiya fakültəsinin nəzdindədir. İqtisadiyyata aid ixtisasların birləşdirilərək yeni fakültənin yaradılması ilə bağlı təkliflər isə hələlik Abel Məhərrəmov tərəfindən qəbul edilmir". Həmsöhbətimizin dediyinə görə, İqtisadi Nəzəriyyə kafedrasında çalışan bir neçə müəllim Milli Məclisin üzvü, akademik Ziyad Səmədzadəyə yenidən müraciət etməyə hazırlaşırlar: "Hazırda BDU-nun İqtisadi Nəzəriyyə kafedrası iflic vəziyyətindədir. Bu kafedranın bir neçə yaşlı müəllimi tələbələri savadsızlığa sürükləyir. Onlar Sovet dövründən qalmış və saralmış vərəqlərdə olan mühazirələrini hər il oxumaqla gün keçirirlər. Maraqlıdır ki, Abel Məhərrəmov da gənc alimlərin bu kafedrada fəaliyyətinə imkan vermir. Ona görə də İqtisadi Nəzəriyyə kafedrasının normal fəaliyyəti üçün akademik Ziyad Səmədzadənin bu kafedraya rəhbərlik etməsi vacibdir. Bu səbəbdən də bir neçə müəllim Ziyad Səmədzadəyə müraciət etməyə hazırlaşır. Onlar ümid edirlər ki, rektor Abel Məhərrəmov deputat həmkarı Ziyad Səmədzadənin bu kafedraya gəlişinin qarşısını almayacaq. Z.Səmədzadə isə qısa müddətdə Ümumi İqtisadiyyat və İqtisadi Nəzəriyyə kafedralarının birləşdirilməsinə nail olaraq, BDU-nun adına layiq yeni bir kafedra təşkil edəcəkdir". BDU-nun rektoru Abel Məhərrmovun isə İqtisadi Nəzəriyyə kafedrası ilə bağlı son qərarının necə olacağı hələlik bilinmir. Bəzi şəxslər iddia edirlər ki, A.Məhərrəmov Z.Səmədzadənin BDU-ya gəlişini əngəlləyəcək: "A.Məhərrəmov İqtisadi Nəzəriyyə kafedrasının müdiri postunu öz yaxın adamlarından birinə söz verib. Həmin şəxs A.Məhərrəmovun həmyerlisidir və iqtisad elmləri namizədidir. Amma yaxınlarda doktorluq işini müdafiə etməlidir. Bundan sonra rektorun dediyi məbləği ünvanına çatdırarsa, kafedra müdiri postunu tutacaqdır. Səmədzadəyə gəlincə, Məhərrəmov bütün gücünün işə salaraq onun BDU-ya gəlişinin qarşısını almağa çalışacaq. Çünki Z.Səmədzadə kafedra müdiri olarsa, BDU-nun rektor postuna potensial iddiaçıya çevrilə bilər. A.Məhərrəmov isə rektor kürsüsünü itirməmək üçün ona qarşı çıxır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA