Azay Quliyev: "Bəzi QHT-lər maliyyə yardımından mərhum ediləcək"

img

28-08-2009 [06:27]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Şura tərəfindən maliyyələşdirilmiş layihələrin monitorinqini həyata keçirən Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbərləri və işçi heyətlərinin iştirakı ilə monitorinqin nəticələrinə aid toplantı keçirib. A.Quliyev layihələr üzrə yerinə yetirilən işlərin və həyata keçirilən tədbirlərin mühüm sosial-ictimai əhəmiyyət daşıdığını vurğulayaraq, bunu dövlətin vətəndaş cəmiyyətinin inkişafına qayğı və diqqətinin təzahürü kimi dəyərləndirdi. Layihələrin reallaşdırılması nəticəsində vətəndaş təşəbbüskarlığının artırılması, cəmiyyətin sosial qayğılarının ödənilməsi ilə bərabər QHT-lərin təşkilat olaraq möhkəmlənməsini, onların idarəçilik təcrübəsinin artırılmasının da vacibliyini diqqətə çəkən Şura sədri aparılan monitorinqlərin bir sıra xüsusi məqamlar üçün də nəzərdə tutulduğunu açıqladı. O qeyd etdi ki, QHT fəaliyyətində zəngin təcrübəyə malik iki təşkilatın apardığı bu monitorinqlər QHT-lərin layihə üzrə öhdəliklərinin necə yerinə yetirilməsinin yoxlanılması ilə bərabər həm də onlara konsultativ, təşkilati-texniki və metodiki yardım xarakteri daşımalıdır: xüsusilə yeni yaranmış QHT-lərin belə yardıma ciddi ehtiyacı var. A.Quliyev bildirdi ki, monitorinqin nəticələri layihələr üzrə yerinə yetirilən işlərin real mənzərəsini əks etdirməli və hesabatlarda qüsurların üzə çıxarılması və vaxtında aradan qaldırılması baxımından heç kimə, heç bir təşkilata güzəşt edilməməlidir: bu nəticələrə görə gələn il hansısa təşkilatlar daha çox maliyyə dəstəyi alacaq, hansılarsa maliyyə yardımından məhrum ediləcək. ?Bu nəticələr üzrə biz ölkədə vətəndaş cəmiyyətinin mövcud durumunu qiymətləndirməli, gələcək illər üçün maliyyələşdirmə perspektivlərini müəyyən etməli, təşkilatların, xüsusilə region QHT-lərinin qarşılaşdığı çətinlikləri və problemləri, həmçinin onların təlimə olan ehtiyaclarını dəqiq təsəvvür etməliyik, - A. Quliyev dedi. ? Monitorinqin nəticələri ilin yekunları ilə bağlı Şura tərəfindən nəzərdə tutulmuş təbliğat xarakterli materiallarda və nəşrlərdə tam obyektivliklə əks olunmalıdır.? Şuranın ?Vətəndaş cəmiyyəti? jurnalının hər ay nəfis tərtibatla nəşrinin, Şuranın keçirdiyi ?İlin ən yaxşı QHT layihəsi? və üçüncü sektorun inkişafında medianın rolunun artırılması üçün Şuranın sifarişi ilə Media İnkişaf Mərkəzi İctimai Birliyinin təşkil etdiyi ?QHT fəaliyyətinin ən yaxşı işıqlandırılması? müsabiqələrinin təbliğat işinə yardım etdiyini bildirən Şura sədri bütövlükdə ölkə mediasının QHT-lərə ciddi dəstəyinin təşkilinin vacibliyini nəzərə çatdırdı və bu sahədə səyləri artırmağın vacibliyini qeyd etdi. Hələ tam yekunlaşmamış monitorinqlərin ilkin və əsas nəticələri barədə danışan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu, Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin sədri Aydın Kərimov, eləcə də monitorlar Rey Kərimoğlu, Siyab Məmmədov və Nigar Atabəyli görülmüş işlər haqqında məlumat verdilər. Qeyd edildi ki, 200-dən artıq təşkilatda yerinə yetirilmiş monitorinqlər ölkədə vətəndaş cəmiyyətinin vəziyyətini bilavasitə əks etdirir. QHT-lər texniki-təşkilati baxımdan möhkəmlənir, QHT və maliyyə idarəçiliyində qiymətli təcrübə əldə edirlər. Bildirildi ki, son iki ildə dövlətin ayırdığı maliyyə yardımı nəticəsində ölkənin QHT sektorunda böyük sıçrayış baş verib: fakt realdır, amma onun kütləvi ictimai elanı və etirafı hələ baş verməyib. Vurğulandı ki, layihələr üzrə yerinə yetirilən işlərin səmərə və keyfiyyətində, eləcə də bu işlər haqqında hazırlanmış hesabatlarda müəyyən qüsurların olmasına baxmayaraq, bütövlükdə maliyyələşmənin vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verməsindən və ölkədə ictimai fəallığın artmasından və demokratik prinsiplərin müəyyən qədər dərinləşməsindən danışmaq lazımdır. Monitorinqlərin önəmli nəticələrindən biri olaraq vurğulandı ki, Şuranın maliyyə yardımı ilə reallaşdırılan bu layihələr əsas etibarilə indiyədək beynəlxalq donorların diqqətdən kənarda saxladığı mövzular və istiqamətlər üzrədir. Ona görə heç də təsadüfi deyil ki, son iki il ərzində QHT-lər tərəfindən vətənpərvərlik məsələləri, Qarabağ həqiqətləri, milli mədəniyyətimiz, adət və ənənələrimiz haqqında beynəlxalq aləmə çıxarılması mümkün olan çoxlu sayda təbliğat materialları yaradılmışdır. Nəzərə çatdırıldı ki, layihələrin maliyyələşdirilməsinin müəyyən sistem halına gətirilməsinə və maliyyələşdirilmədə diferensallaşdırmaya ehtiyac duyulur. Belə ki, təşkilatların təqdim etdiyi ilkin layihə ideyasına müvafiq hesablanmış maliyyə vəsaitlərinin ixtisar edilməsi bəzi hallarda layihənin yerinə yetirilməsinin effektivliyinə xələl gətirir. Ona görə də gələn illərin maliyyələşdirilməsində yetərli təcrübəyə malik təşkilatlar üçün böyük, davamlı layihələrin nəzərdə tutulması ilə yanaşı, yeni yaranmış təşkilatlar üçün ayrıca, kiçik qrantlardan ibarət maliyyə müsabiqələrinin keçirilməsi təklifi irəli sürüldü. Müzakirələrdə paytaxt təşkilatlarının regionlarda reallaşdırdığı layihələrin bir sıra hallarda effektli olmaması diqqətə çatdırıldı və qeyd edildi ki, gələcəkdə belə layihələr üçün bilavasitə regionda fəaliyyət göstərən dayaq təşkilatlarının əvvəlcədən layihə təklifi səviyyəsində müəyyənləşdirilməsi zəruridir. Ümumiyyətlə, regional QHT-lərin inkişafı ilə bağlı Şuranın xüsusi siyasətinin reallaşdırılmasına ehtiyacın olması qeyd edildi. Müzakirələrdə QHT layihələrinin təbliğatı ilə əlaqədar məsələlərə də toxunuldu. Bir çox QHT-lərin ictimai əlaqələrlə bağlı təsəvvürlərinin məhdudluğu, bəzilərinin isə bu işə diqqət yetirməməsi layihələrin icrasında nöqsan kimi səsləndirildi. Təbliğat işinin gücləndirilməsi üçün bir sıra təkliflər, o cümlədən Şuranın yeni QHT-xəbər saytının yaradılmasının vacibliyi bildirildi. Monitorinqin nəticələrinin Şuranın sifarişi ilə hazırlanan kitabda əks olunması, eləcə də təbliğat işinin gücləndirilməsi ilə bağlı müzakirədə çıxış edən Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri Aydınxan Əbilov da öz fikir və təkliflərini bildirdi. Şura sədri A.Quliyev toplantıya yekun vuraraq, sentyabrın 16-da Şura üzvlərinin və layihə yerinə yetirən bütün təşkilatların rəhbərləri ilə monitorinqin I mərhələsinin yekunlarının geniş müzakirə ediləcəyini dedi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA