Ramazan mənəvi zənginlik ayıdır

img

23-08-2009 [06:17]


[b]Bu müqəddəs ay özündə mənəviyyatın əvəzolunmaz dəyərlərini ehtiva edir [/b] İlahi dinlərin ehtiva etdiyi ibadətlər, təlimlər, ayinlər və mərasimlər bəşəriyyətin tərəqqi və kamilliyi üçün göndərilib. Bəşər övladı bu təlimlərə etinasız yanaşmamalı və onları həyatının ayrılmaz hissəsi bilməlidir. Bu ayinlərdən biri də orucluqdur. Oruc tutmaq insanın yemək, içmək və sairə bu kimi gündəlik bəzi əməllərdən müəyyən olunmuş zaman çərçivəsində könüllü olaraq imtina etməsidir. Orucluğun tarixi olduqca qədimdir. Yalnız bunu qeyd etmək kifayətdir ki, İslam dinində olduğu kimi digər səmavi dinlərdə də orucluq vacib sayılır. İslamda orucluq Peyğəmbərin (s.a.v) Mədinəyə hicrətinin ikinci ilində vacib buyurulmuşdur. Allah-Təala öz elçisinə "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi sizə də vacib edildi. Bəlkə (bunun vasitəsi) ilə siz təqvalı olasınız (pis əmməllərdən çəkinəsiniz)" (əl-Bəqərə surəsi, ayə 183) ayəsini nazil edərək bu qədim ayinin vacib olduğunu buyurmuşdur. Elə bu ayənin nazil olması ilə də hicri tarixinin ikinci ilindən etibarən müsəlmanlar hər il mübarək Ramazan ayında oruc tutmağa başlayıblar. Müqəddəs dinimizdə bütün şəriət hökmləri Allaha ixlas və tam səmimiyyətlə Onun razılığını qazanaraq dərgahında mənəvi yaxınlığa nail olmağa səsləyir. Orucluq müəyyən bir müddət ərzində ac və susuz qalmaqdan ibarət olmayıb, özündə çox geniş anlamlar ehtiva edir. Oruc tutan şəxs maddi nemətlərdən çəkinməklə yanaşı, saleh əməllər yerinə yetirməli, gözəl əxlaq nümayiş etdirməli, insanlarla xoş davranmalı, bir sözlə, bütün müsbət keyfiyyətlərlə öz mənəviyyatını zənginləşdirməlidir. Əgər insan oruc tutduğu halda çirkin işlər görərsə, nalayiq hərəkətlərə yol verərsə, o, Allah dərgahında heç bir mükafata layiq görülməz və bu insan orucluğun həqiqi gözəlliyini, faydasını dərk edə bilməz. Peyğəmbərdən (s.a.v) nəql olunan hədislərdən birində deyilir: "Uca və qüdrətli Allah buyurmuşdur: "Hər kimin bədən üzvləri haram buyurduğum şeylərdən çəkinməzsə, yolumda yemək-içməyindən imtina etməsi mənə lazım deyil!". Bu müqəddəs ayda insan həm cismən, həm də ruhən oruc tutaraq saflaşır. Özünü pis əməllər və günahlardan qorumaqla yanaşı dua, münacat və xeyir əməllər edərək Rəbbinə yaxınlaşır və Onun dərgahında dəyərli bəndəyə çevrilir. Ramazan ayında insan Rəbbinin haram buyurduğu işlərdən çəkinməklə özünü islah edir və əxlaqını gözəlləşdirir. Bu mübarək ayın orucu insanın maddi aləmindən mənəvi aləminə nüfuz edərək onun bütün vücudunu təmizləyib mənəviyyatını saflaşdırır. On bir ayın sultanı olan bu müqəddəs ay özündə mənəviyyatın əvəzolunmaz dəyərlərini ehtiva edir. Ramazan mənəvi zənginlik ayıdır. Rəhmət və mərhəməti hər şeydən geniş olan, aciz və zəif bəndələrinə daima lütf edən Allah onları zəngin mənəviyyat kəsb etmək üçün ilahi ziyafətə dəvət edir. Bu ayın hər dəqiqəsi Allah yolunda səmimi niyyətlə oruc tutan bəndə üçün ən dəyərli fürsətdir. Allahın Rəsulu (s.a.v) buyurub: "Bəndə Ramazanda olanları, Allahın bu ayda öz bəndələrinə nələr bəxş etdiyini bilmiş olsaydı, şübhəsiz ki, il boyu Ramazan olmasını arzulayardı". Gəlin bizlər də Allahın bizə lütf etdiyi bu böyük fürsəti əldən verməyək. Uca Allah bu müqəddəs ayda hidayətdə olmayanları hidayətə yönəltsin və bütün müsəlmanların ibadətlərini qəbul buyursun. Amin!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA