23-08-2009 [06:08]
Gürcüstanı təbiətinə, təmizliyinə, ucuzluğuna görə bəlkə də Qafqazın ən yaşamalı ölkəsi saymaq olar. Təsadüfi deyil ki, bu ölkədə bir dəfə olan azərbaycanlıların əksəriyyəti istirahətini daha çox orada keçirməyə can atırlar.
Gürcüstana avqustun 9-da yola düşdük. Səfərimiz sırf istirahət məqsədli olduğu üçün yazı hazırlmaq niyyətində deyildik. Lakin gördüklərimiz və eşitdiklərimizin bir qismini qələmə almalı olduq.
Nə isə... Həmin günü saat 18.00 radələrində bəzilərinin "Qırmızı görpü", bəzilərinin "Sınıq görpü" dedikləri Qazaxdakı sərhəd-keçid məntəqəsində olduq. Etiraf edək ki, Azərbaycan sərhədçiləri və gömrükçüləri bir qədər "ağıllanıblar". Artıq sərnişinlərə "potensial gəlir" mənbəyi kimi baxmaq, tək gedən qız-gəlinlərə sataşmaq ənənələri, həmçinin əsgərlərin üst-başları xeyli düzəlib. Hər halda 20-25 dəqiqəlik müşahidələrimiz iyunun 30-da gördüklərimizdən xeyli fərqlənirdi.
Tapança söhbəti gömrükçümüzü qəzəbləndirdi
Sərhəddə gördüyümüz bir fakt da diqqətçəkəndir. Artıq gömrükçülərimiz xüsusi cihazlarla vətəndaşların əl çantalarını da yoxlayırlar. Qonaq getdiyim ailədə kiçik yaşlı uşaqlar olduğu üçün oyuncaq tapança almışdım. Çantam yoxlanılarkən cihaz siqnal verdi. Gömrükçü dərhal çantada nə olduğunu soruşmaqla yanaşı, "aç" əmrini verdi. Adını öyrənə bilmədiyim gömrükçü ilə aramızda belə bir dialıq yarandı:
- Nədir çantadakı?
Ciddi görkəm alaraq dedim:
- Tapança.
Bu cavabım nəinki gömrükçünü, hətta növbədəki sərnişinləri də həyəcanlandırdı. Sanki terrorçu zərərsizləşdirirmiş kimi görkəm alan gömrükçü dərhal əmr edir:
- Aç çantanı.
Açıram, oyuncaq tapança və şəxsi əşyalarımı bir-bir göstərirəm. Gömrükçü isə onunla zarafat etdiyimi düşünüb, qəzəbli şəkildə "gedə bilərsən" deyir.
Açığı, bu mənzərə məndə xoş ovqat yaratdı. Ən azından Dövlət Neft Akademiyasında terror törədən Fərda Qədirovların bir daha sərhəddimizdən rahat keçə bilməyəcəklərini düşündüm. Hətta bu barədə yol yoldaşlarıma da fikirimi çatdırdım. Ancaq həmin sərhədi demək olar ki, ayda 4-5 dəfə keçən soydaşlarımızdan biri "qardaş, bu, bir təsadüfdür. Yəqin növbə dəyişilməsi saatı idi, yaxud da "yuxarı"dan gələn var. Başqa vaxtlar belə hal yoxdur. İnanmırsansa, 1-2 saatdan sonra qayıt, yenidən keçib, dəqiqləşdirərsən", - deyərək, düşüncəmi qarışdırdı. Təəssüf ki, 12 gündən sonra geri qayıdanda soydaşımızın dedikləri öz təsdiqini tapdı. Yenə də gömrükçülərimiz yuxulayırdı. Vətəndaşlar isə nəinki əl çantasını, həmçinin iri yol çantalarını rahatlıqla keçirirdilər...
[b]Saakaşvilinin "yemiş siyasəti"... [/b]
Gürcüstan sərhəddində isə yenə nümunəvi, peşəkar xidmət var. Üstəlik, qayda-qanunlara son dərəcə ciddi riayət edilir. Mənimlə yol yoldaşı olan bir soydaşımız Ucardan cəmi 7 kiloqram olan 2 ədəd yemiş almışdı. Gürcü gömrükçüləri soydaşımızın israrına baxmayaraq, 2 yemişi ölkəyə buraxmadılar. Bunun səbəbini sonradan öyrəndim. Bəlli oldu ki, Gürcüstan hökuməti kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlarının hüquqlarını qorumaq və istehsal olunan məhsulların daxili bazarda sərbəst və rahat satılması üçün qonşu ölkələrdən bu növ məhsulların ölkələrinə daxil olmasına qadağa qoyub. Bir sözlə, daxili bazar istehsalçıların mənafeyi baxımından ciddi şəkildə qorunur. Üstəlik, onlara məhsullarını xarici bazara çıxarmaq üçün də münbit şərait yaradılır.
Bizimlə söhbət edən gürcülərdən biri dedi ki, ölkədən çıxarılan məhsullara görə, gömrük rüsumları Azərbaycan və Ermənistanla müqayisədə çox aşağıdır: "Əsas məqsəd isə Gürcüstan vətəndaşlarının sosial problemlərinin həll olunması və ölkəyə valyuta axının artırmaqdır. Məsələn, sizin ölkənizdən Gürcüstana qarpız, yemiş və s. məhsulların buraxılması qadağan olunub. Ermənistandan isə pendir, yağ və s. məhsulların Gürcüstana keçirilməsinə imkan verilmir. Çünki bu məhsullar Gürcüstanda yetərincə var. Əlavə mal axını isə daxili bazarda ucuzlaşmanı daha da artıra bilər. Bu isə kəndlilərin yaşam tərzini pisləşdirər".
Yeri gəlmişkən, Saakaşvilinin yemiş, qarpız qadağasına rəğmən Gürcüstanda bu məhsul çox ucuzdur. Əgər Azərbaycanda qarpızın kiloqramı 30-40 qəpikdirsə, Gürcüstanda 20-30 tetridir (10-15 qəpik). Ümumiyyətlə, kənd təsərrüfatı məhsullarının qiyməti Gürcüstanda çox ucuzdur. Pamidorun 1 kiloqramı Azərbaycan pulu ilə 30-40 qəpik, kartov 15-20 qəpik, soğan 10-15 qəpik, ət 3 manat, nehrə yağı 3 manat 50 qəpikdir. Meyvələr isə təxminən Azərbaycandakı kimidir. Yeganə baha məhsul isə insan həyatı üçün təhlükə sayılan siqaretlərdir.
Soydaşlarımızın sözlərinə görə, ötən ildən başlayaraq, kənd təsərrüfatı məhsulları istehsalçılarına, həmçinin həyətyanı sahələri olan bütün ailələrə pulsuz kübrə məhsulları paylanılır: "Bu, dövlətin əkinçiləri daha da həvəsləndirmək və ölkədə bol məhsul yaradılmasına hesablanıb".
Xatırladaq ki, Azərbaycanda da kənd təsərrüfatı sahəsinin inkişafı üçün bir sıra proqramlar var. Lakin korrupsiya və məmur özbaşınalığı həmin proqramın effektli təsirini demək olar ki, itirir. Ancaq Gürcüstanda istənilən bir sahədə məmur özbaşınalıq edə bilməz. Çünki bir şikayət məktubu həmin məmurun fəaliyyətinin iki saat ərzində yoxlanılmasına səbəb olur. Əgər fakt öz təsdiqini taparsa, həmin məmur nəinki işdən azad olunur, üstəlik, barəsində cinayət işi açılır. Şübhəsiz ki, Gürcüstanda rüşvət və korrupsiyanın kökünü kəsən belə radikal addımlardır. Azərbaycan bu məsələdə Gürcüstanın təcrübəsindən maksimum yararlanmalıdır.
[b]Gürcü iş adamlarının "şirinlik" söhbəti [/b]
12 günlük Gürcüstan səfərimizdə bir neçə gürcü iş adamları ilə söhbət etmək fürsəti də qazandıq. Azərbaycan-Gürcüstan əlaqələri, iki ölkə arasındakı oxşar və fərqli cəhətlər söhbətimizin mövzusu olurdu. Etiraf edək ki, əksər gürcülər birmənalı şəkildə Azərbaycanın daha çox inkişaf etdiyini, İlham Əliyevin çox gözəl prezident olduğunu deyirdi. Ancaq Azərbaycanda rüşvət və korrupsiyanın olmasını onlar da qəbul edə bilmirdi: "Şirinlik" söhbəti yığışılsa, İlham Əliyev Azərbaycanı daha da qabağa apara bilər".
Saakaşviliyə gəldikdə isə, "On normalnıy prezident" deyərək, sətiraltı ondan narazı olduqlarını və İlham Əliyevin ondan daha bacarıqlı prezident olmasını büruzə verirdilər. Bir qədər dərinliyə getdikdə bəlli oldu ki, Saakaşvilinin düz bir il əvvəl Rusiya ilə müharibəyə başlayıb, yolların bağlanmasına zəmin yaratması gürcü iş adamlarını narazı salıb. Ancaq bu millətin bir üstünlüyü yenə də bizi heyran etdi. Biznes baxımından özlərini zərərçəkən qismində görən iş adamları "Osetiya da, Abxaziya da bizim torpaqlarımızdır və biz, bu torpaqları heç kəsə vermərik. Ancaq Saakaşvili müharibəni doğru zamanda başlamadı",- desələr də, narazılıqlarının kökündə bu məqamın durduğunu hiss etdirirdilər. Onlar vətənlərinə çox bağlıdırlar. Hətta jurnalist olduğumuzu nəzərə alan gürcü iş adamları imkanlarımızdan istifadə edib, azərbaycanlı iş adamlarını Gürcüstana investisiya qoymağa təşviq etməyi də xahiş etdilər: "Gürcüstan nə qədər inkişaf edərsə, bu, Azərbaycanın da Rusiyanın ətalətindən çıxması demək olar". Budur, gürcü iş adamlarının düşüncə və amacları.
Görəsən, bizim iş adamlarımız da belə düşünürmü? Hər halda çox düşündürücü sualdır.
[b]Demokratiya və qorxu [/b]
Gürcüstanda demokratiya var. Ancaq buna rəğmən, hakimiyyətdən qorxu xofu da var. Eynən Azərbaycandakı kimi. Gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar birmənalı şəkildə Saakaşvilini bəyəndiklərini deyirlər. Ancaq narazı olduqları məqamlar da var. Lakin bunları nədənsə açıq şəkildə dilə gətirmək istəmirlər. Hətta bu ölkənin iç siyasətindən xəbərdar olanların əksəriyyəti vaxtilə bir komandada olmuş parlamentin keçmiş sədri Nino Burcanadze ilə Saakaşvilinin "nəyi bölə bilmədikləri" barədə suala "Bu, onların şəxsi problemləridir",- deyə, cavab verməkdən yayınırlar. Lakin görülən işlərdən ağızdolusu danışmağı sevirlər. Batumidə istirahət mərkəzi tikmək istəyən Timur adlı bir gürcüdən "Səlahiyyət müddəti bitməkdə olan Saakaşvilidən sonra Gürcüstanın taleyi necə ola bilər",- deyə, soruşduq. Cavab isə daha cəlbedici idi: "Daha yaxşı olacaq. Saakaşvili burada elə bir binanın təməlini qoyub ki, ondan sonra gələnlər nəinki bunu dağıda biləcəklər, əksinə, daha da möhkəmlətməyə çalışacaqlar"...
[b]F.ƏHMƏD [/b]