"Sağlam Həyat Tərzi və idman" Yay Məktəbinin rəsmi açılız mərasimi keçirilib

img

18-08-2009 [05:52]


Bu gün Oğuz rayonunda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və UNİCEF-in birgə təşkil etdiyi "Sağlam Həyat Tərzi və İdman" Həmyaşıddan-həmyaşıda Təhsil layihəsi çərçivəsində Yay Məktəbinin rəsmi açılış mərasimi keçirilib. Ğüstəqil İnformasiya Agentliyinin xəbərinə görə, açılış mərasimində Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov, UNİCEF-in Azərbaycandakı nümayəndəsi Mark Hervord, millət vəkilləri Çingiz Əsədullayev, Rövşən Rzayev, Eyvaz Qurbanov, Rauf Əliyev və Sabir Hacıyev, Oğuz rayon İcra Hakimiyyətinin başçısı Aydın Əlihüseynov iştirak ediblər. Tədbirdə çıxış edən Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov Azərbaycanda gənclər siyasətinin dövlətin əsas prioritetlərindən biri olduğunu vurğulayıb, Azərbaycanın bu sahədə beynəlxalq təşkilatların və inkişaf etmiş dövlətlərin təcrübəsindən yiyələnməkdə maraqlı olduğunu qeyd edib. F.Muradov öz çıxışında bildirib ki, cəmiyyətə gənclər vasitəsilə bir mesaj göndərmək istəyirlər. Bu da ondan ibarətdir ki, sağlam gəncin sağlam düşüncəsi onun ölkəyə olan sevgisi ilə bilavasitə bağlıdır. Gənclərin sağlamlığı və idmanın təbliği istiqamətində görülən bütün işlər Cənab prezidentin gənclərin asudə vaxtının səmərəli təşkili ilə bağlı imzalandığı xüsusi proqramın bir tərkib hissəsidir. Gənclər və İdman naziri Azad Rəhimov çıxış edərək, sağlam həyat tərzi və idman sahəsində aparılan işlərin nazirlik üçün çox vacib istiqamət olduğunu vurğulayıb. Nazir deyib ki, Milli Şura tərəfindən təşkil olunan tədbirlər nazirlik tərəfindən dəstəklənir və biz çox istərdik ki, burada təlim keçən gənclər sözün əsl mənasında təlimçilər olsunlar və QİÇS, narkotiklər, hepatit, alkoqolizmə qarşı aparılan mübarizənin bir hissəsi olsun. Oğuz rayon İcra Hakimiyyətinin başçısı Aydın Əlihüseynov bu tədbirin Oğuzda keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini və inkişaf etmiş ölkələrdə gənclərin sağlam həyatının mühüm əhəmiyyətini vurğulayıb. UNİCEF-in Azərbaycandakı nümayəndəsi Mark Hervord öz çıxışında qeyd etdi ki, təlimdə iştirak etmək mənim üçün çox şərəfdir. UNİCEF bu cür tədbirlərin keçirilməsini hər zaman dəstəkləyir və dünyanın hər bir ölkəsində gənclər arasında sağlam həyat tərzini təbliğ edir. Çox şadam ki, Azərbaycan hökuməti gənclər siyasətinə çox böyük önəm verir. Gənclərin 2005-2009-cu illər üçün Dövlət Proqramı və yaxın vaxtlarda bu sahədə imzalanması nəzərdə tutulan yeni proqram bizi sevindirən bir haldır. Avqust ayının 23-dək davam edəcək Yay Məktəbində Bakı şəhərinin Əzizbəyov rayonu, Masallı və Hacıqabul rayonlarında 15-24 yaşlı 35 nəfər gənc iştirak edir. Yay Məktəbinin iştirakçıları ?Sağlam Həyat Tərzi və İdman? mövzusunda Təlimçilər üçün Təlim keçəcək, gənclər arasında sağlam həyat tərzinin aşılanmasının effektiv üsullarına dair biliklərini artıracaq, əyləncə və idman tədbirləri vasitəsilə maarifləndirmə metodlarını həyata keçirəcəklər. Təlim keçmiş gənclər cari ilin sonunadək 2700 gəncə ?Sağlam Həyat Tərzi və İdman? mövzusunda Təlim Sessiyaları təşkil edəcəklər. Xatırlatmaq istəyirik ki, ötən il Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən reallaşdırılmış ?Sağlam Həyat Tərzi və İdman? layihəsi çərçivəsində Bakı və Nabranda 35 nəfər gənc üçün Təlimçilər üçün Təlim keçirilmiş və Bakı, Sumqayıt, Gəncə, Quba, Füzuli, Lənkəran və Şirvanda 2600 gəncə Təlim Sessiyası təşkil edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA