Nazir Hüseyn Bağırov Kilimancaro dağının Uhuru zirvəsinə qalxdıqdan sonra Azərbaycana qayıdır

img

18-08-2009 [04:51]


11 avqust 2009-cu il tarixində Bakıdan yola düşən Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti, ekologiya və təbii sərvətlər nazir Hüseyn Bağırovun başçılıq etdiyi birinci Azərbaycan Afrika ekspedisiyası 16 avqust 2009-cu il tarixində Kilimancaro dağının Uhuru zirvəsinə qalxıblar. Bu gün isə Kilimancaro dağının Uhuru zirvəsinə yürüşünü başa çatdırdıqdan sonra ekspedisiya qrupu Azərbaycana qayıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Azərbaycan Afrika ekspedisiya qrupunun üzvləri yürüş zamanı əvvəlcədən nəzərdə tutulan elmi tədqiqat işlərini də uğurla həyata keçiriblər. Ekspedisiya üzvləri yol boyu Kilimancaro dağındakı unikal Kibo vulkanının üzə çıxardığı yeraltı süxurları, eyni zamanda bu ərazidə mövcud olan müxtəlif qiymətli bioloji nümunələri öyrənmiş, meteoroloji və geoloji müşahidələr aparmışlar. Eyni zamanda ekspedisiya üzvləri qət etdikləri marşrut boyu hər iqlim qurşağında qarşılaşdıqları biomüxtəlifliyi yaxından tədqiq etmiş, həmçinin quşlar, məməli heyvanlar və entomofaunaya aid unikal foto-video materiallar toplamağa müvəffəq olmuşlar. Qeyd edək ki, Kilimancaro Afrikanın ən hündür dağ massividir və Tanzaniyanın şimal-şərqində yerləşir. Uhuru zirvəsi (5895 metr) isə Kilimancaro dağındakı Kibo vulkanının ən hündür nöqtəsidir ki, bu da dünyanın ən yüksək ?Yeddi zirvə?sindən biridir. Elmi, siyası, idman və rəmzi əhəmiyyət daşıyan ekspedisiyanın tərkibində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri də iştirak ediblər. Xatırladaq ki, bu, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkil etdiyi ikinci uzaqməsafəli yürüşdür. Bundan əvvəl Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti H.Bağırovun başçılıq etdiyi ekspedisiya qrupu ötən ilin 24 dekabr 2008-ci il tarixində Antarktidaya yürüş etmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA