11 ayın sultanı müqəddəs Ramazan ayı gəlir

img

16-08-2009 [05:08]


Qarşıdan 11 ayın sultanı olan müqəddəs Ramazan ayı gəlir. Bütün dünya müsəlmanları bu ayın fəzilətindən yararlanmağa çalışırlar. Allahü-Təala Qurani-Kərimdə buyurmuşdur: "Orucdan başqa insanın bütün ibadətləri özünə aiddir. Oruc isə Mənə aiddir. Onun mükafatını Özüm verəcəm". Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada Ramazan ayının başlanğıcının bu il Miladi təqvimi ilə avqustun 22-ə təsadüf etdiyi qeyd olunur. Niyyət günü avqustun 21-i axşam olacaq. Ayın görünməsindən asılı olaraq, Ramazan bayramı Miladi təqvimi ilə sentyabrın 20-si və ya 21-ə təsadüf edəcək. Ramazan ayı Allahın qulları üçün yaratdığı fürsətdir. Məhz Ramazan ayında Uca Allahın əmri ilə şeytanlar qandallanır, Cəhənnəmin qapıları bağlanır və Cənnətin qapıları açılır. "Ramazan ayının ilk gecəsi səmanın qapıları açılar və son gecəsinədək bağlanmaz",- deyə buyurub sevgili Peyğəmbərimiz (s.a.s). Bu ayda Allahın rəhməti, bərəkəti və lütfi öz itaətkar qullarının üzərində olur. Ramazan ayının fəzilətlərindən və savablarından söz açmazdan əvvəl bu müqəddəs ayın gəlişi ilə əlaqədar hazırlıqlara toxunaq. Hər şeyi yaradan və yaradılmışların ən üstünü olan insana can verən Rəbbimiz bu ayı bizlərə bir hədiyyə olaraq verir. Lakin çoxları bu ayı sadəcə, İslamın 5 vacib şərtindən biri kimi qəbul edib, onun oruc tutmaqdan başqa mahiyyəti olmadığını düşünürlər. Ramazan ayına necə hazırlaşmalıyıq? Əvvəla, bu aya həm fiziki, həm də mənəvi cəhətdən hazırlaşmaq lazımdır. Mənəvi hazırlığın əhəmiyyəti ondan ibarətdir ki, müsəlman öz daxilində bu ayın gəlişini səbirsizliklə gözləməli, bu ayın bərəkətinə inanmalı və bu aydakı ibadətlərə ruhən hazır olmalıdır. Bunun üçün müsəlman müxtəlif üsul və vasitələrdən istifadə edə bilər. Allahın insana verdiyi bu fürsəti insan daxilində dəyərləndirməli, Ona olan məhəbbətini artırmalı, Allahın razılığını qazanmaq üçün əlindən gələni etməlidir. Bunun üçün daxilində böyük iradə toplamalıdır ki, bu ayın ibadətlərini lazımi şəkildə yerinə yetirə bilsin. İnsan Ramazan ayının əhəmiyyətini yalnız öz daxilində deyil, başqaları ilə də paylaşmağı bacarmalıdır. Bunu ətrafımızdakı müsəlmanlarla müzakirə etməli, ailə üzvlərimiz, qohumlar arasında, məktəb və universitetlərdə, iş yerlərində Ramazanın gəlişi haqda söz açmalıyıq. Bununla biz bilməyənlərə bunu xatırlada və daha çox bilənlərdən faydalı məlumatlar əldə edə bilərik. Bəzən təklikdə oturub Ramazan ayında edəcəyimiz ibadətlərin planını hazırlamalıyıq. Bütün bunlardan əlavə Rəbbimizin bizə verdiyi ən böyük fürsətdən yararlanmağı bacarmalıyıq. Bu, dua etmək fürsətidir. Hər gün, hər namazda, fürsət tapdığımız hər anda Allaha yalvarmalıyıq ki, bu aya sağ-salamat çıxaq, ibadətlərimizi müntəzəm etməyə müvəffəq olaq və bu ayın fəzilətindən lazımınca faydalana bilək. Mənəvi hazırlığın əhəmiyyəti olduğu kimi fiziki hazırlığın da böyük əhəmiyyəti var. Fiziki hazırlıq deyəndə bu ayda edəcəyimiz ibadətlərə fiziki və maddi hazırlaşmağı nəzərdə tuturuq. Məsələn, Ramazan ayında gecə namazı qılmaq, sədəqə vermək, oruc tutmaq, nafilə namazlarını qılmaq, Quran oxumaq, çoxlu zikr etmək və başqa ibadətlərə öncədən hazırlaşmalıyıq. Buna görə də gecə namazlarına qalxmağı öyrənməli, indidən oruc tutmalı, dost-tanışları bir yerə yığıb Ramazan ayına hazırlaşmalıyıq. Ramazan ayında olan nafilə ibadətlərin savabları fərz ibadətlərin savabı qədər, fərz ibadətlərin savabı isə 70 dəfə artıq olur. Bütün bunları indidən etməyə başlamalıyıq ki, Ramazanda daha sıx-sıx həyata keçirək. Bütün bunlar şərt və ya zərurət deyil, sadəcə Mübarək aydan daha çox faydalanmaq üçün vasitələrdir. "Bir kimsə Ramazan ayında oruc tutmağı fərz bilib, vəzifə bilib və orucun savabını Allahü-Təaladan gözlərsə onun keçmiş günahları bağışlanar". (Hədis) Uca Allah bütün müsəlmanlara Müqəddəs Ramazan ayının fəzilətindən lazımınca faydalanmağı nəsib etsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA