Kür və Araz transsərhəd çaylarının çirklənmə səviyyəsi artıb

img

03-08-2009 [12:52]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyul ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iyul ayının III ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının II ongünlüyünə nisbətən 8 m3/san artaraq 221 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, çirklənməyə məruz qalan Kür çayı və onun qollarına Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı dəfələrlə yol verilən qatılıq həddini (YVQH) keçib. Həmçinin suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri YVQH-dan artıq müşahidə edilib. Belə ki, Şıxlı-2 məntəqəsində, Ağstafaçay su anbarında və Ağstafaçay məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri 3 dəfə, ammonium ionları isə 1,1 dəfə yol verilən qatılıq həddini keçib. İyul ayının III ongünlüyündə Araz çayında suyun sərfi 6,21 m3/san olmuşdur. Aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz və I Şahsevən məntəqələrində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri 2, fenollar isə 3 dəfə yol verilən qatılıq həddini keçib. Bəhramtəpə məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri isə 3 dəfə YVQH keçmişdir. Eləcə də bu məntəqələrdə neft məhsullarının miqdarı normadan bir qədər çox qeydə alınıb. Suyun oksigen rejimi bütün məntəqələrdə 4.76-5.53 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA