02-08-2009 [06:30]
[b]Bakı şəhər icra hakimiyyətinin başçısına cinayət işinin açılması üçün yetərli dəlillər var
[/b]
Bakı meri Hacıbala Abutalıbovun başı üzərində "qara buludlar" dolaşır. Ölkənin ictimai-siyasi həyatından təcrid olunan Hacıbala Abutalıbovun da tezliklə vəzifəsi ilə vidalaşan yüksək rütbəli məmurların sırasına qoşulacağı bildirilir. Bakının icra başçısının iyulun 29-da paytaxtın Nizami küçəsində aparılan quruculuq-abadlıq işləri ilə tanış olan prezident İlham Əliyevi müşayiət etməməsi də, onun karyerasını gözləyən təhlükənin bir o qədər də uzaqda olmadığından xəbər verir.
Qeyd edək ki, H.Abutalıbovun istefaya göndəriləcəyilə bağlı xəbərlər artıq bir neçə ildir ki, mətbuat səhifələrindən düşmür. Vəzifəsi ilə vidalaşacaq məmurların siyahısına Bakı merinin başçılıq etməsi onun hakimiyyət komandasında arzuolunmaz fiqura çevrildiyini göstərir. Buna baxmayaraq, Bakı şəhər icra hakimiyyətinin başçısı son illərin siyasi təlatümlərindən sağ-salamat çıxmağa müvəffəq olub. Abutalıbovla bağlı siyasi qərarın gecikməsi onun adı ətrafındakı müəmmaları daha da artırıb.
"GEN" MMC-nin rəhbəri Etibar Əliyevin qalmaqallı məhkəmə prosesi Hacıbala Abutalıbovun personasını yenidən diqqət mərkəzinə çevirib. Qalmaqallı iş adamının məhkəmə prosesində rüşvət verdiyi məmurların sırasında Bakı merinin də adını hallandırması Abutalıbovun çoxillik fəaliyyətinin yenidən təftiş edilməsinə səbəb olub. Şirkət rəhbəri Elbrus Əliyev məhkəmədə rüşvət verdiyi məmurların adını çəkərkən Abşeron və Xətai rayonlarının icra başçıları Zakir Fərəcovla Razim Məmmədovun və Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun da adını çəkməklə, merin hakimiyyətdəki rəqiblərinə qisas üçün əla fürsət verib. Zakir Fərəcov və Razim Məmmədovdan fərqli olaraq, Hacıbala Abutalıbova ödənilən məbləğin 1 milyon ABŞ dolları həcmində olması təkcə hüquqi sferada deyil, ictimai-siyasi çevrələrdə də şok effekti yaradıb.
Diqqətçəkən ən önəmli məqam isə E.Əliyevin məhkəmədə verdiyi açıqlamaların bir çoxunun istintaq materiallarında yer almamasıdır. İlkin istintaq zamanı zorakılığa məruz qaldığını bildirən iş adamı vəzifəli şəxslərlə bağlı açıqladığı faktların böyük əksəriyyətinin istintaq materiallarından çıxarıldığını bəyan edib. Məhkəmə prosesində zərərçəkmişlərin hüquqlarını müdafiə edən vəkil Vidadi İsgəndərovun açıqlamaları isə daha sensasion olub. Vidadi İsgəndərov mətbuata açıqlamasında Elbrus Əliyevin məmurlara rüşvət verməsi barədə ifadələrin iş materiallarından çıxarıldığını və istintaq qrupunun rəhbəri Etibar Mahmudovun seyfində saxlanıldığını bildirib. Sözsüz ki, burda söhbət Zakir Fərəcov və Ramiz Məmmədovla yanaşı, həm də Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdan gedir. Bakı meri barədə toplanan materialların nə vaxtsa onun əleyhinə çevriləcəyi isə şübhə doğurmur.
Bu barədə "Reytinq"i bilgiləndirən hakimiyyət nümayəndəsinin sözlərinə görə, əslində, Elbrus Əliyevin rüşvət verdiyi məmurlarla bağlı tutduğu "qara siyahı" istintaq qrupunun əlindədir: "Həmin "qara siyahı" Elbrus Əliyevin ilkin istintaqa verdiyi ifadələrdən sonra anası Nəcibə xanım müstəntiqə təhvil verib. Lakin rüşvət məsələsi ilə bağlı hissəni cinayət işindən ayırıblar. Ancaq həmin iş üzrə istintaqın aparılması həddən artıq qapalı saxlanılır. Çünki icra başçıları və digər nüfuzlu məmurlar haqqında cinayət işini davam etdirmək üçün mütləq siyasi qərar lazımdır. Nəzərə alsaq ki, bu məsələdə icra başçıları ilə yanaşı, fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Bakı merinin də adı hallanır, o zaman istintaq qrupunun siyasi qərarsız hərəkətə keçməsi əsla mümkün deyil".
Müsahibimizin iddiasına görə, hakimiyyətin K.Heydərovla bağlı siyasi qərarı ikincinin xeyrinə olsa da, Bakı meri ilə bağlı fərqli qərar ortaya çıxacaq: "Məncə, "GEN" MMC ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə davam edən proses yekunlaşdıqdan və apelyasiya şikayəti də istintaqın nəzərdə tutduğu çərçivədə bitdikdən sonra gözlənilən siyasi qərar veriləcək. Yəni Hacıbala Abutalıbovun təxminən 9 illik mer karyerasına son qoyulacaq".
Müsahibimiz H.Abutalıbovun "vurulacağı" ilə bağlı qərarın veriləcəyinə əminliyini həm də Bakının 11 rayonunun icra başçılarının onun əleyhinə hərəkətə keçməsi ilə əlaqələndirib: "Xatırlayırsınızsa, bir müddət əvvəl elə sizin qəzetdə Bakının 11 rayonunun icra başçısının Hacıbala Abutalıbov və onun yaxın qohumu olan Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Ənvər Quliyevin onların fəaliyyətinə mane olduğu barədə şikayəti dərc olunmuşdu. Bu xəbər Abutalıbovun "taxtı"nı daha da sarsıtdı. Bu və ya digər səbəblər də var ki, bunları qəzet səhifəsinə çıxarmaq mümkün deyil. Ancaq sizi qəti şəkildə əmin edirəm ki, Abutalıbovu ilin sonunadək Bakı şəhər icra hakimiyyətinin başçısı postunda görməyəcəyik".
Müsahibimiz H.Abutalıbovun postundan uzaqlaşdırılmasından sonra da çətin sınaqlarla üz-üzə qalacağını istisna etməyib: "İndidən öncəgörənlik etmək istəmirəm. Ancaq Hacıbala Abutalıbovu məşəqqətli günlərin gözlədiyini istisna etmirəm. Bu, daha çox həmin ərəfədə onun necə hərəkət etməsindən asılı olacaq".
"GEN" MMC işində adı hallanan Xətai və Abşeron rayonlarının icra başçılarına gəlincə, informasiyalı şəxs Zakir Fərəcovdan fərqli olaraq, Xətainin icra başçısı Razim Məmmədovun vəziyyətinin ürəkaçan olmadığını deyib: "Hər iki icra başçısı iqtidar düşərgəsində müəyyən nüfuz sahibidir. Ancaq təyinatı bir neçə il əvvələ təsadüf edən Razim Məmmədov ona göstərilən etimadı bir o qədər də doğrulda bilmir. Üstəlik, onun adının hallandığı rüşvət məsələsiylə əlaqədar bir neçə gün əvvəl Prezident Administrasiyasının mühafizəçisinin həbs olunması, indiki məqamda Razim Məmmədovun əleyhinə işləyən ən ciddi nüansdır. Əgər mühafizəçi istintaqa Razim Məmmədov haqqında detalları açıqlasa, o zaman şübhəsiz ki, Xətaidə də icra başçısı dəyişikliyi qaçılmaz olacaq. Ancaq Zakir Fərəcovla bağlı məsələ bir qədər fərqlidir. Hakimiyyətdə təmsil olan nüfuzlu bir qrupun onunla bağlı müəyyən planları var. Həmin planın təfərrüatına toxunmadan onu deyə bilərəm ki, Zakir Fərəcovun karyerasında hətta müəyyən irəliləyişlərin baş verməsi də mümkündür".
Sonda mənbə deyib ki, istər Hacıbala Abutalıbov, istərsə də "GEN" MMC işində adı hallanan digər məmurlarla bağlı hüquqi deyil, siyasi müstəvidə qərar veriləcək. Onun sözlərinə görə, Bakı merinin hakimiyyət komandasında kifayət qədər çox əleyhdarı olduğu üçün Hacıbala Abutalıbovun ən qısa zamanda hakimiyyət komandasını tərk edəcəyi artıq dəqiqləşib. Hakimiyyət daxilində mövcud olan iri qruplaşmaların mer postunu ələ keçirmək uğrunda mübarizəyə başlaması bu ehtimalı daha da qüvvətləndirir.